Zelenski: ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanətləri 100% hazırdır

Zelenski: ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanətləri 100% hazırdır

10:40
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə, ABŞ-ın ölkəsinə təhlükəsizlik zəmanətləri tamamilə razılaşdırılıb. Oxuməni.az “Deutsche Welle”yə istinadla xəbər verir ki, o bu barədə, bazar günü Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib: "Sənəd 100 faiz hazırdır və biz tərəfdaşlarımızın onun imzalanma tarixini və yerini təsdiqləməsini gözləyirik". Ukrayna Prezidenti daha sonra qeyd edib ki, təhlükəsizlik zəmanətləri sənədi ratifikasiya üçün ABŞ Konqresinə və Ali Radaya göndəriləcək.

Zelenski həmçinin qeyd edib ki, Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda "20 bəndlik plan və problemli məsələlər" müzakirə olunub. Onun sözlərinə görə, belə məsələlər "çox idi, indi azalıb". O, Ukraynanın Donbassla bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb. Ukrayna Prezidenti deyib: "Biz öz dövlətimiz, özümüz üçün vuruşuruq, yad ölkənin ərazisində vuruşmuruq, buna görə də bizə qarşı hansı suallar ola bilər?"

Onun sözlərinə görə, Ukraynada sülh yolu ilə nizamlanmaya nail olmağa çalışan ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukrayna və Rusiya Federasiyasının prinsipial olaraq fərqli mövqeləri arasında kompromis tapmağa çalışır. O əlavə edib: "Biz üçtərəfli formatda ünsiyyət qururuq. Bu, bəlkə də, həmin kompromisi tapmaq üçün ilk addımlardır. Lakin kompromis üçün bütün tərəflər kompromisə hazır olmalıdır. Yeri gəlmişkən, Amerika tərəfi də daxil olmaqla."

Almaz Həsənli