TÜRKPA-nın beynəlxalq əməkdaşlıq planları Asiya Parlament Assambleyasının sessiyasında açıqlandı

TÜRKPA-nın beynəlxalq əməkdaşlıq planları Asiya Parlament Assambleyasının sessiyasında açıqlandı

07:45
Bəyəndim (1) Bəyənmədim (0)

Türk Dövlətlərinin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsən Asiya Parlament Assambleyasının 16-cı plenar iclasında çıxış etdi.

O, TÜRKPA-nın fəaliyyətinə və davam edən layihələrinə ümumi baxış keçirərək, Asiya Parlament Assambleyası ilə qarşılıqlı əməkdaşlığı gücləndirmək üçün atılan addımları qeyd etdi. Xüsusilə, o, TÜRKPA-nın 2017-ci ildən bəri APA-da müşahidəçi statusuna malik olduğunu xatırlatdı.

Baş katib beynəlxalq diplomatiya ilə harmoniyada fəaliyyət göstərən parlament diplomatiyasının sülh və sabitliyin təşviqində, münaqişələrin həllində, həm Asiya regionunda, həm də qlobal miqyasda ortaq maraqlara əsaslanan əməkdaşlığın inkişaf etdirilməsində və təhlükəsizliyin təmin edilməsində əsas rolundan danışdı. Onun sözlərinə görə, parlamentarilərin birgə işi beynəlxalq ictimaiyyətə real fayda gətirir.

Ramil Həsən TÜRKPA-nın fəaliyyətini qeyd edərək, təşkilatın üzv dövlətlərindən - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlamentarilərin qarşılıqlı anlaşma və hörmət prinsipləri əsasında qarşılıqlı fəaliyyət göstərdiyini vurğuladı. O, həmçinin türk dövlətlərinin bütün dinlərə və xalqlara qarşı tolerantlıq siyasətinə sadiqliyini vurğuladı və TÜRKPA-nın bu istiqamətdəki təşəbbüslərinin əhəmiyyətini qeyd etdi.

Əziz Mustafa