Alimlər dünya vaxtını Yer kürəsinin fırlanmasından ayırmağı təklif edirlər
Beynəlxalq Çəkilər və Ölçülər Bürosu oktyabr ayında keçiriləcək səsvermədə dünya vaxtı standartını Yer kürəsinin fiziki fırlanmasından tamamilə ayırmaq məsələsini nəzərdən keçirəcək. Oxuməni.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Əsrlər boyu günün uzunluğu planetin fırlanması ilə müəyyən edilirdi. Lakin yeni texnologiyaların meydana gəlməsi ilə sezium atomlarının titrəmələrindən istifadə edərək vaxtı ölçən daha dəqiq saatlar icad edildi.
Planetin fırlanma sürəti daim dəyişdiyi üçün bu iki vaxt etalonu qaçılmaz olaraq bir-birindən ayrılır. Bu fərqi kompensasiya etmək üçün 1972-ci ildə "artıq saniyələr" (leap seconds) tətbiq edildi. 54 il ərzində alimlər dünya vaxtına (UTC) 27 saniyə əlavə ediblər.
Əvvəllər Yerin fırlanmasının yavaşladığı güman edilsə də, son illərdə planet bir qədər sürətlə fırlanmağa başlayıb. Bu dəyişiklik alimləri UTC-dən bir saniyə çıxarmaq zərurəti ilə üz-üzə qoyub.
Böyük Britaniyanın Milli Fizika Laboratoriyasının aparıcı elmi işçisi Setnam Şemar qeyd edir ki, insan üçün bir saniyənin itirilməsi hiss olunmayacaq. Lakin "mənfi" saniyə müasir texnika üçün problemlər yarada bilər.
"Bir çox kompüter proqramı bütün artıq saniyələrin müsbət dəyərə malik olduğunu nəzərdə tutur, buna görə də onları yenidən yazmaq lazım gələcək", - deyə Şemar bildirib. Onun sözlərinə görə, saniyənin çıxarılması telekommunikasiya, elektrik şəbəkələri, peyklər və digər texnologiyalara təsir edən "ciddi texnoloji nasazlıq" riskini artıra bilər.
Gözlənilir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosu 2026-cı ilin oktyabrında Versalda keçiriləcək baş konfransda sinxronizasiya təcrübəsindən tamamilə imtina edə bilər. Təklif olunan layihəyə əsasən, artıq saniyələrin istifadəsi 20 may 2027-ci il tarixindən etibarən dayandırılacaq. Bunun əvəzinə, atom vaxtı tədricən Yerin fırlanmasından uzaqlaşacaq və nəticədə bu fərq bir saata qədər arta bilər. Belə bir fərqə çatmaq üçün azı 1000 il vaxt lazım ola bilər.
Almaz Həsənli




















































































