“Ermənilər yenidən faciə ilə qarşılaşa bilər” – Polkovnikdən xəbərdarlıq

“Ermənilər yenidən faciə ilə qarşılaşa bilər” – Polkovnikdən xəbərdarlıq

26 Avqust 2021 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az ehtiyatda olan polkovnik Şair Ramaldanovun Yenisabah.az-a müsahibəsini oxucularına təqdim edir:

- Rusiya Ermənistana 100 milyon dollarlıq silah verəcək. Maraqlıdır, Rusiyanın Ermənistanı silahlandırmaqda məqsədi nədir?

- Deyərdim ki, burada təəccüblü heç nə yoxdur. Bilirsiz ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bunların arasında silahlandırma ilə bağlı müəyyən bir müqavilə var.

Digər tərəfdən Ermənistan Rusiyanın müttəfiqidir. Təbii ki, müharibədən çıxan Ermənistan Rusiya bazarına müraciət edərək, silahı oradan alacaq. Bilirik ki, Ermənistana Rusiyadan qeyri heç kim kredit və ya digər yollarla silah satmır. Onlara müəyyən kredit şərtləri ilə silah satan ancaq Rusiyadır. Burada siyasi amillər də ondan ibarətdir ki, onlar belə yol ilə bir daha Ermənistanı özlərinə bağlamaq istəyirlər. Silahlanma səbəbindən Ermənistanın əksər müəssisələri Rusiyanın girovundadır.

Müharibədən sonra da təbii ki, Ermənistanın Rusiyadan silah almaq imkanları müharibəyə qədərdən daha da azdır. Buna baxmayaraq, Rusiya yenə də öz təzyiqini Ermənistanda çoxaltmaq üçün istifadə edir. Ermənistanı təzyiqdə saxlamağın əsas vasitəsi silahdır. Onlar silah satışı adı ilə Ermənistanı özlərinə bağlamaq istəyirlər.

Bu gün bütün dünyada silah satmaq kommersiya məsələsidir. Hazırda hərbi sənaye kompleksləri var. Onlar silah satışı ilə məşğuldurlar. Ermənistan elə dövlətdir ki, qonşu dövlətləri gərək onu silahlandırmasınlar. Ermənistanın ətrafında olan bütün qonşu dövlətlərinə ərazi iddiaları edir. Ermənistan nə qədər çox güclü olsa, o qədər dinc durmayacaq.

- Ermənistanın darmadağın olmuş hərbi potensialı bərpa edildikdən sonra yenidən revanş götürə bilərmi?

- Ermənistanı nə qədər silahlandırsalar da onların potensialı Azərbaycana çatmayacaq. Ermənistanın Azərbaycanı işğalı məhz elə bir dövrdə olmuşdur ki, o vaxt ki, Azərbaycanı indiki ilə müqayisə etmək olmaz.

O vaxtı Azərbaycanın öz Silahlı Qüvvələri yox idi. Ermənilər müəyyən xarici qüvvələrin, hətta Rusiyanın köməyi və digər amillərin hamısından çox gözəl şəkildə istifadə etdilər. Bununla da Azərbaycan torpağını işğal etməyə nail oldular. Belə şərait daha yaranmayacaq. Azərbaycan gündən-günə güclənəcək. Bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək. Ermənistanı nə qədər silahlandısalar da onlar heç vaxt Azərbaycana bu cəhətdən çata bilməyəcəklər. Azərbaycan xalqı nə olduğunu bütün dünyaya göstərdi və 44 gün ərzində düşməni darmadağın edib, ərazi bütövlüyünü bərpa etməyə nail oldu. Belə dövlət heç vaxt basılmaz.

Ermənistan nə qədər revanşist idealarla çıxış etsə, hətta belə bir addım atmaq istəsələr, bununla öz dövlətçiliyini və gələcəyini sual altına almış olacaq. Rusiya da Ermənistanı elə silahlandıra bilməz ki, onlar Azərbaycana qarşı təcavüz etsinlər.

- Ermənistan sülh sazişini imzalamaqdan imtina edir. Qisas almaq niyyətindən əl çəkmədikləri üçün danışıqlar masasına da iştirak etmirlər. Bu onların işğalçılıq planı ilə bağlı ola bilərmi?

- Ermənistan cəmiyyəti hələ buna tam şəkildə hazır deyil. Düşünürəm ki, Ermənistanın başqa bir yolu olmayacaq, onlar sülh müqaviləsi bağlayaraq bütün şərtləri qəbul etməli olacaqlar. Bunun başqa yolu yoxdur.

Onlar bizdən nə qisas ala bilərlər ki? Onlar özləri bizim torpaqlarımızı işğal ediblər. Biz onlardan qisas alırıq. Torpaqlarımızı qaytarmışıq. Bu dəqiqə qonşuluq siyasətinə köklənmişik. Hələ ki, Ermənistanda olan Paşinyanın rəhbərliyi altındakı dövlət də güclü deyil. Söz sahibliyi yoxdur. O özü də tam şəkildə bir istiqamət seçməyib. Bu da Ermənistana xas olan bir xüsusiyyətdir. Lakin əsas məqam odur ki, Ermənistan gec-tez sülh müqaviləsi bağlayacaq. Buna məcburdurlar. Bununla da qonşuluq əlaqələri bərpa ediləcək, dövlət sərhədi qurulacaq.

Azərbaycanla dostluq münasibəti Ermənistan xalqı üçün müsbət hal olacaq. Düşmənçilik onlara heç nə verməyib, verməyəcək də. Onlar işğalçılıqdan əl çəkməsələr, yenidən faciəni görəcəklər.