“RUSİYA İMZA ATDIĞI RAZILAŞMAYA ƏMƏL ETMƏLİDİR, ƏKS HALDA... ”

“RUSİYA İMZA ATDIĞI RAZILAŞMAYA ƏMƏL ETMƏLİDİR, ƏKS HALDA... ”

1 Sentyabr 2021 16:17
Bəyəndim (0) Bəyənmədim (0)

Vahid Əhmədov: “Azərbaycan Qafan-Gorus yolunu bağlamaqla mesaj verdi ki, lazım gəlsə Laçın dəhlizini də bağlayar”

“Rusiyanın Ermənistan ordusuna silah verməsi, bu ordunun yenidən qurması Azərbaycanın müstəqilliyinə və suverenliyinə təhdid kimi qəbul olunmalıdır”

“İsfəndiyar Vahabzadənin fikirləri doğrudur, mən onu bəyənir və müdafiə edirəm”

Rusiya-Ermənistan tandemi Cənubi Qafqazda özünə sərf edəcək mühit yaratmağa çalışır. Həm Rusiyanın davranışları, həm də Ermənistanın təxribatları bunu deməyə əsas verir. Bakı Qafan-Gorus yolunu bağlamaqla İrəvana “qulaqburması” versə də, görünən odur ki, Ermənistan hökuməti bu mesajları real qiymətləndirmir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan regionda yeni müharibənin ola biləcəyini, bu səbəbdən də Ermənistanda 3 aylıq səfərbərlik həyata keçirildiyini deyir, Xarici İşlər naziri Ararat Mirzoyan isə Moskvada Bakını ittiham edir və bildirir ki, sülh danışıqları aparılmır.

Oxuməni.az məsələ ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədovun Azpolitika.info-ya müsahibəsini oxucularına təqdim edir:

- Vahid müəllim, hazırda Moskva-Bakı münasibətlərini necə qiymətləndirirsiniz, şimaldan təzyiq elementləri müşahidə olunurmu?

- Hesab edirəm ki, son zamanlar həm Ermənistanın müəyyən qədər fəallaşması, həm Rusiyadan Azərbaycana edilən həqarət xarakterli çıxışlar göz önündədir. Biz bunu müşahidə edirik. Məsələn, Jirinovskinin Azərbaycana qarşı çıxışları əslində müəyyən məqsədə yönələn məsələdir. Onlar nəyəsə nail olmağa çalışırlar. Bəli, biz Jirinovskini tanıyırıq, bu adam mütəmadi olaraq Azərbaycan və Türkiyənin əleyhinə çıxışlar edir. Mən də daxil olmaqla bir neçə nəfər onun fikirlərinə cavab vermişik. Hətta İsfəndiyar Vahabzadənin Jirinovskiyə sərt cavab verməsi ona qarşı həm daxildə, həm də xaricdə müəyyən fikirlərin səslənməsi ilə müşahidə edildi. Ancaq deyim ki, Vahabzadənin fikirləri doğrudur, mən onu bəyənir və müdafiə edirəm. Sən Azərbaycan xalqını təhqir edə bilirsənsə, sənin də xalqınla bağlı mən fikir bildirəndə buna niyə etiraz edirsən? Jirinovski kimdir ki, belə fikirlər işlətsin, münasibətləri bir qədər də gərginləşdirsin?

Hesab edirəm ki, bunların hamısı bir mərkəzdən idarə olunur. Əlbəttə, sentyabrda orada seçkilərdir. Ola bilsin Jirinovski həm də fəallaşmaq, müəyyən maliyyə əldə etmək niyyətindədir, amma biz ondan sonra Zaxarovanın da müəyyən fikirlərini eşitdik. Cənab prezident Ermənistanın silahlandırılmasına dair ortaya sərt mövqe qoydu, Zaxarova qayıtdı ki, bu, bizim suveren hüququmuzdur, kimə istəsək silah satarıq. Yəni bütün bunlar təsadüfi deyil.

Bəli, Rusiya Ermənistanı müdafiə edir. Ona hərbi, iqtisadi və digər cəhətlərdən dəstək göstərir. Digər tərəfdən, ən ciddi narahatçılıq yaradan odur ki, Rusiya öz öhdəliyini yerinə yetirmir. 10 noyabr razılaşmasındakı bəndlərdən biri olan erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən çıxarılması öhdəliyi yerinə yetirilməyib. Yenə də separatçılar oradan atəş açır, təxribatlar törədir. Paşinyan özbaşına deyil ki, bunları törətsin. Onun arxasında duran dövlətlər var. Onu da deyim ki, bütün bunlar erməni dövləti üçün səhv addımlardır. Ermənistan dövləti bu şəkilə davam etsə, fikrimcə ciddi təhlükələrlə üzləşəcək və ola bilsin ki, dövlət kimi silinəcək. Əgər dövlət kimi qalmaq istəyirsə Türkiyə və Azərbaycanla siyasi, diplomatik, iqtisadi və humanitar əlaqələr qurmalı, buna çalışmalıdır. Eyni zamanda, 44 günlük müharibədən dərs götürməlidir. Çünki “Dəmir yumruq” bir daha təkrarlana bilər, bunu unutmamalıdır. Erməni xalqı da bunu anlamalıdır.

Rusiyanın sülhməramlı adı altında regiona daxil olmasından sonra Ermənistan ordusuna silah verilməsi, bu ordunun yenidən qurulması Azərbaycanın müstəqilliyinə və suverenliyinə təhdid kimi qəbul olunmalıdır. Bu məsələlər gec-tez açılmalıdır. Hesab edirəm ki, Azərbaycan dövləti və hökuməti də cənab Prezidentin ortaya qoyduğu sərt mövqeni əsas götürməlidir. Yəni sən sülhməramlısansa, buna uyğun da missiyanı yerinə yetirməlisən. Yox, sülhməramlı deyilsənsə, açıq de ki, Azərbaycan ərazisinə girmişəm, burada baza qurmuşam və bu iki dövlət arasında sülhün yaranmasına deyil, pozulmasına xidmət edirəm. Bəli, belə məsələlər var.

- Dediniz ki, şimaldan ölkəmizə münasibətdə müşahidə olunan bu hallar bir mərkəzdən idarə olunur. O zaman Moskvanın Azərbaycana təzyiqinin məqsədi nədir, onlar bu yolla nəyə nail olmağa çalışırlar?

- Rusların tarix boyu məqsədi nə olub? İşğalçılıq, ilhaq siyasəti, təhdid, qorxutmaq. Güc yolu ilə müəyyən işlər görmək, necə ki, zamanında Gürcüstanda və Ukraynada gördü. Amma Azərbaycanda bu, keçərli deyil. Əvvəla, Azərbaycan dövlətinin və onun başçısının müstəqil siyasəti var. O, bu siyasəti aparır və heç vaxt Azərbaycanın müstəqilliyinə xələl gəlməsinə imkan verən deyil.

İkincisi, bizi müdafiə edən dövlətlər var. Türkiyə, Pakistan kimi müttəfiqlərimiz var. Bu dövlətlər bizimlə bir yerdədir.

Moskvanın məqsədi odur ki, Ermənistan və Azərbaycan arasında daim münaqişə olsun. Özü də bu münaqişədən istifadə edərək həm Azərbaycana, həm də Ermənistana təzyiq göstərərək planlarını həyata keçirsin.

Yəni siyasi, iqtisadi planları və maraqlarını reallaşdırmağa nail olsun. Bu, ola bilsin ki, ötən əsrdə mümkün idi, amma indi dünya düzəni tamamilə dəyişib. Türkiyə əvvəlki Türkiyə deyil. Bu dövlətin sözü Qafqaz daxil olmaqla əksər regionlarda keçir. Məncə, bu məqamları istəməsələr də, nəzərə almağa məcburdurlar.

Bir daha qeyd edim ki, Ermənistanın bu gün atdığı addımları narahatlıqla qəbul edirəm və hesab edirəm ki, bunun arxasında dayanan qüvvələr var. Onlar Rusiya, Fransa, Amerika və bəzi Avropa dövlətləridir. Artıq ATƏT-in Minsk Qrupunu da prosesə qatmaq istəyirlər. Minsk Qrupunun buna nə aidiyyəti var? Qarabağın statusu ilə bağlı məsələ gündəmdən çıxıb və bir daha gündəmə gələn deyil. Bunu dövlət başçımız bir neçə dəfə təkrarlayıb.

- Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yeni müharibə riskindən danışıb. Sizcə, Rusiya Ermənistanı silahlandırmaqla yenidən müharibəni alovlandırmaq istəyir, yoxsa hansısa digər maraqlarını reallaşdırmağa çalışır?

- Açığını desək, ruslar istədiklərinin müəyyən bir hissəsinə artıq nail olublar. Məsələn, Azərbaycan torpağında bir nəfər də rus əsgəri yox idi. Onlar Laçın dəhlizinə sülhməramlı adı altında rus əsgərlərini yerləşdirə bildilər.

Bununla yanaşı, Rusiya bu günə qədər Azərbaycanın dövlət başçısının apardığı siyasəti qəbul edə bilmir. Cənab Prezident müharibədən sonra hərbi parad keçirdi, bu tədbirdə Rusiyanın məhv edilən hərbi texnikası nümayiş etdirildi. Ruslar bundan çox narahat oldular və bu gün də narahatdırlar. Çünki bu, silah bazarına təsir edən ciddi faktorlardan biridir. Silah bazarında Rusiyanın müəyyən mövqeyi var. Biz göstərdik ki, Rusiyanın silah-sursatını məhv etmək mümkündür. Üstəlik dövlət başçımızın tapşırığı ilə Hərbi Qənimətlər Parkı yaradıldı. Azərbaycana gəlib-gedən xaricilər bu parkda olurlar, vəziyyəti görür və yazırlar.

Burada əslində Ermənistan dövləti görməlidir ki, zaman onun xeyrinə işləmir. İrəvan Azərbaycan və Türkiyə ilə əlaqələr qurmasa, məhvə doğru gedəcək. İrəvan Azərbaycanın sərhədlərini tanımalı, bu sərhədlər bərpa olunmalı və Qarabağa aid iddialardan birdəfəlik imtina etməlidir. Məsələyə birdəfəlik son qoyulmalı, aydın olmalıdır ki, Qarabağ Azərbaycan ərazisidir və burada separatçılıq ola bilməz. Ermənistan bu reallıqları başa düşməsə və qəbul etməsə vəziyyət gərgin olacaq. Azərbaycan nəzarətindən kənarda qalan torpaqları üçün də ciddi addımlar ata bilər və atmalıdır da.

Azərbaycan əhalisi də bunu gözləyir. Bizim işğaldan azad edilən ərazilərdə böyük və ciddi quruculuq işləri aparılır, yollar salınır, qaz, işıq, su xətləri yaradılır, iqtisadi zonalar qurulur. Əkin sahələri, emal müəssisələri kimi məsələlər də həllini tapacaq. Amma biz istəyirik ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi həll edilsin və bu məsələ birdəfəlik həllini tapsın. Azərbaycanın dövlət başçısının da səbri tükənməz deyil və o, cəsarətli addımlar atmaq qabiliyyətində olan fiqurdur. Lazım bildiyi halda belə addımları da atacaq, heç nəyə baxmadan. 44 günlük müharibə dünyaya göstərdi ki, Azərbaycan dövləti buna qadirdir. Əlbəttə, çalışmaq lazımdır ki, III Qarabağ müharibəsi alovlanmasın. Bunun üçün bütün imkanlardan - siyasi, iqtisadi, diplomatik vasitələrdən istifadə etmək lazımdır.

Məni şəxsən narahat edən rusların orada baza yaratmasıdır. Orada tikinti işləri aparır, poliklinka, məktəb, evlər tikirlər. Açıq-aşkar Ermənistana köməklik edirlər. Amma Azərbaycan Qafan-Gorus yolunu bağlamaqla hər kəsi yerində oturmağa çağırdı.

- Yeri gəlmişkən, Azərbaycan tərəfinin Qafan-Gorus yolunu bağlaması Ermənistan cəmiyyətində çaxnaşma yaratdı. Sizcə, bu yolu iki gün bağlayıb sonra açmaqla nəyə nail olduq?

- Gorus-Qafan yolu bağlandıqdan sonra aləm dəydi bir-birinə, hətta Putin bu işə qarışdı, Paşinyanla telefon danışığı apardı, İrandan Ermənistana gələn yüklər yolda qaldı və s. Azərbaycan yolu açdı, ancaq şübhəsiz ki, cənab Prezident öz şərtlərini irəli sürüb və onların yerinə yetirilməsinə nail olub. Yoxsa, buna getməz, yolun açılmasına icazə verməzdi. Yəni proseslər var, danışıqlar gedir. Ümid edirik ki, bunun müsbət nəticələri olacaq.

Bu yolu bağlamaqla şübhəsiz ki, Azərbaycan müəyyən mesajlar verdi. Əvvəla, biz bilirdik ki, bu yol vasitəsilə İrandan müəyyən yüklər Ermənistana daşınır. Həmçinin, Azərbaycan bu yolu bağlamaqla mesaj verdi ki, lazım gəlsə Laçın dəhlizini də bağlaya bilərik. Başqa sözlə, orada rus sülhməramlılarının olmasına baxmayaraq, bura Azərbaycanın suveren ərazisidir. Odur ki, dövlət istənilən addımı atmağa qadirdir, bunun üçün gücü də, imkanı da var. Azərbaycan ordusunun silahlandırılması da gizli bir məsələ deyil. Daim bu istiqamətdə iş aparılır, ordumuz müasir silahlarla təmin edilir. Məncə, Gorus-Qafan yolunun bağlanması ciddi mesaj idi.

Həm də Zəngəzur dəhlizinin açılması ilə əlaqədar məsələ uzanır. Ermənistan buna getmək istəmir, yolun çəkilişinə maneə törədir. Ən vacibi də odur ki, Rusiya özünün imza atdığı razılaşmaya əməl etmir. Buna əməl edilməlidir. Əks təqdirdə bu sənəd heç kimə lazım olmayacaq. Hazırda bu razılaşmaya yalnız Azərbaycan əməl edirsə, bu, o demək deyil ki, sona qədər belə olacaq. Niyə sərhədlərin delimitasiya və demarkasiyası aparılmır? Nədən rus sülhməramlı hərbçiləri olan yerdə ermənilərin təxribatçı qüvvələri də var və oradan atəş açırlar, təxribat törədirlər? Bu halda sülhməramlıların missiyası nədən ibarətdir? Aydındır ki, bu məsələlər həllini tapmalıdır. Başqa cür mümkün də deyil.