Oleq Kuznetsov: Ermənistanın əzablı ölümünü müşahidə edirik

Oleq Kuznetsov: Ermənistanın əzablı ölümünü müşahidə edirik

29 Sentyabr 2021 13:59
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az axar.az-a istinadən rusiyalı politoloq, hərbi ekspert Oleq Kuznetsovla müsahibəni oxucularına təqdim edir:

- Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük müharibədən sonra Ermənistan-Azərbaycan münaqişəsinə artıq nöqtə qoymaq olarmı?

- 2020-ci ildə Qarabağ uğrunda baş tutmuş müharibə Azərbaycanın işğal olunmuş torpaqlarında yerləşən erməni qoşunlarının total şəkildə darmadağın edilməsi, erməni cəmiyyətinin ağır mənəvi-psixoloji məğlubiyyətə uğraması ilə başa çatdı. 44 günə ermənilər üst-üstə 70% döyüş texnikasını itirdi, fərariliklə bağlı 10 mindən çox cinayət işi açıldı. Amma müharibədəki məğlubiyyət nə bu ölkənin dövlət quruluşuna, nə ideologiyasına, nə siyasi rejiminə, nə də onun dövlətçiliyinin konstitusiya əsaslarına təsir göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanı müharibənin siyasi yekunlarını hüquqi cəhətdən möhkəmlətmək üçün sülh müqaviləsi imzalamağa çağırır, lakin cavab olaraq yalnız ATƏT-in Minsk Qrupu formatında danışıqlarda iştirak etmək təklifi gəlir. Əslində, bu gün Ermənistan 1994-cü il Bişkek sənədinin imzalanmasından sonra Azərbaycanın düşdüyü vəziyyətdədir. Buna görə də, zənnimcə, Qarabağ probleminin siyasi səviyyədə yekun həllinə hələ var. Mən dəfələrlə demişəm, münaqişənin tam həlli naminə, Azərbaycanın həm Xankəndiyə, həm Ermənistandakı eksklavlarına, həm də Zəngəzur nəqliyyat dəhlizinə nəzarət etmək üçün yeni müharibəyə və ya irimiqyaslı antiterror əməliyyatlarına gedəcəyini istisna etmirəm.

- Bu halda Ermənistanın xilası necə mümkündür?

- Artıq bir neçə ildir ki, Ermənistanın ölkə kimi mövcudluğunun strateji bir perspektivini görmürəm. Ötən il Qarabağda erməni ordusunun darmadağın edilməsi bu tendensiyanı yalnız gücləndirib. Əgər Azərbaycan öz sərhədlərinin xarici perimetrini silah gücü ilə bərpa edib Naxçıvana dəhliz açarsa, Ermənistanın depopulyasiyası xaos xarakteri alacaq və 15-20 ildən sonra bu ölkədə əmək qabiliyyətli və reproduktiv əhali qalmayacaq. Demək olar ki, artıq Qarabağda əmək qabiliyyətli erməni qalmayıb. Son 30 ildə Ermənistanın mövcud olduğu strategiya öz ölkəsinin və işğal olunmuş Azərbaycan ərazilərinin resurslarını qarət etmək, insan resurslarını və kapitalını xaricə çıxarmaqla diasporunu zənginləşdirmək olub ki, bu da ermənilərin özləri üçün sadəcə olaraq acınacaqlı deyil, məhvedici nəticələrə gətirib çıxarıb. Anladığım kimi, geriyə dönüş nöqtəsi onlar üçün artıq keçilib, indi biz bu ölkənin ləng, əzab-əziyyətli ölümünü müşahidə edirik.