Bu, Ermənistanın Rusiyaya qarşı açıq təxribatıdır

Bu, Ermənistanın Rusiyaya qarşı açıq təxribatıdır

8 Dekabr 2021 09:14
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Ziyafət müəllim, Ermənistan üzərinə götürdüyü öhdəliklərə nə dərəcədə adekvat cavab verir?

- Ermənistan həmişə olduğu kimi yenə də öz üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır. Bu gün Ermənistanda mövcud olan revanşist qüvvələr məğlubiyyəti qəbul edə bilmir. Digər tərəfdən Ermənistanda olan daxili ictimai-siyasi xaos imkan vermir ki, bu ölkə normal müstəvidə idarə edilsin. Eyni zamanda Ermənistanın hərbi-siyasi rəhbərliyi bu cür hallarda ölkəni necə idarə edəcəklərini belə bilmir. Ona görə də, qarşı tərəf prosesləri qeyri-müəyyən vaxta qədər uzatmağa çalışır.

- Sizcə, qarşı tərəf prosesi nə vaxta qədər uzada biləcək?

- Erməni tərəfi son Soçi görüşündə də birgə bəyanata imza atıb. Bundan öncə də Ermənistan rəhbərliyi iki mühüm sənədə qol çəkib öhdəlik götürüb. Eyni zamanda Soçidə olan razılaşma və əldə edilən birgə bəyanat bundan öncə olan sənədləri də bir daha təsdiqləmiş oldu. Amma erməni tərəfi İrəvana dönən kimi başqa mətləblərdən danışmağa çalışır.

- Məqsəd nədir?

- Ermənistan tərəfi hər vəchlə çalışır ki, bu məsələləri Avropaya daşısın. Məqsəd odur ki, Qərb institutları, xüsusilə də ATƏT-in Minsk Qrupu bu məsələyə cəlb edilsin, bununla da erməni cəmiyyətində belə bir fikir yaradılsın ki, müharibə bitməyib. Ona görə də, qarşı tərəf mümkün qədər delimitasiya və demarkasiya məsələlərini uzatmağa çalışır. Eyni zamanda kommunikasiya xəttlərinin açılması prosesini də qeyri-müəyyən səbəblərdən ləngitməyə cəhdlər edilir. Halbuki bu kommunikasiya xəttlərinin açılması Ermənistanın özü üçün də xeyirli məsələdir. Görünür, erməni tərəfi növbəti dəfə "Dəmir yumruq" zərbəsi ilə qarşılaşmaq niyyətindədir. Çünki proseslərin gedişi məhz bunu ehtiva edir. Bəlkə bundan sonra qarşı tərəf nəsə başa düşməyə başlayar.

- Sizcə, Ermənistan götürdüyü öhdəliklərə sona qədər riayət edəcəkmi?

- Beynəlxaq hüquqa görə, hər bir dövlət götürdüyü öhdəliyə ciddi şəkildə riayət etməlidir. Dövlət təmsilçisi öz imzasına hörmətlə yanaşmalıdır. Amma erməni tərəfi elə bir mənzərə yaradır ki, onlarla diplomatik dildə danışmaq mümkün görünmür.

- Qərbin Ermənistanın əli ilə proseslərə müdaxilə imkanları nə dərəcədə realdır?

- Sözsüz ki, Qərb dövlətləri Ermənistanın əli ilə proseslərə müdaxilə etmək niyyəti güdsələr də bunun heç bir perspektivi yoxdur. Azərbaycanın mövqeyi bəllidir. Qarabağ münaqişəsi bitib, bundan sonra Azərbaycan sülh və təhlükəsizlik üçün səylərini səfərbər edib. Əgər Ermənistan da bölgədə sülhə sadiq olduğunu göstərmək istəyirsə, öhdəliklərə əməl etməlidir.

- Ermənistanda anti-Rusiya ritorikasının yaranmasına səbəb nədir?

- Erməni tərəfinin son davranışları açıq şəkildə Rusiyaya qarşı hörmətsizlikdir. Çünki bu razılaşmalarda Rusiya Prezidenti Vladimir Putinin də imzası var. Ermənistan Rusiyadan özünə dəstək, kömək umur, digər tərəfdən isə bu ölkə rəhbərinin də imza atdığı sənəddən yayınmağa çalışır. Bu da başadüşülən bir hal deyil. Ona görə də, erməni tərəfinin bu davranışları beynəlxalq hüquqa və Rusiyaya qarşı açıq təxribat və hörmətsizlikdir.

- ATƏT-in Minsk qrupunun prosesə cəlb edilməsi nə dərəcədə real görünür?

- Bundan sonra Minsk Qrupunun burada görəcəyi heç bir iş yoxdur. Bu təşkilat yenidən özünü göstərməyə çalışırsa, Ermənistana götürdüyü öhdəliklərlə bağlı təzyiq etmək yolu seçməlidir. Amma biz 30 ilə yaxın bir dövrdə bu təşkilatın ancaq bəyanat verməklə məşğul olduğunu görmüşük. Beynəlxalq təşkilatların da üzərinə düşən vəzifəsi odur ki, onlar Ermənistandan 2020-ci ilin noyabrın 10-dan bu yana üzərinə götürdüyü öhdəliklərə riayət etməsini tələb etməlidir.