Rusiya üçün əsas odur ki, Ukraynanı NATO-ya qəbul etməsinlər

Rusiya üçün əsas odur ki, Ukraynanı NATO-ya qəbul etməsinlər

9 Dekabr 2021 13:02
Bəyəndim (0) Bəyənmədim (0)

“NATO əslində Moskva, Somolenskə, Sankt-Peterburqa lap yaxın dayanıb və Ukrayna buna əlavə olunsaydı, heç nə dəyişməzdi”

Oxuməni.az Teleqraf.com-a istinadən politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir:

- ABŞ və Rusiya prezidentləri Ukrayna mövzusunu müzakirə etdi. Sizcə, dünyanın iki nəhəng nüvə dövlətinin liderləri arasında hansı mövzularda razılıq əldə olundu?

- Əvvəla, tərəflər nəyi, necə danışdığını özləri yaxşı bilir. Sonradan onların mətbuat katibləri mediaya hansısa xəbərləri sızdırıblarsa, bu da həmin dövlətlərin ayrılıqda iqtisadi, siyasi və diplomatik mənafeyindən irəli gəlir. Çox nadir hallarda iki siyasi rəhbər danışdıqdan sonra hər iki dövlət eyni məlumat yayır. Amma nadir hallarda bu baş verir.

Məncə, Bayden-Putin söhbətinin əsas mövzusu Ukrayna idi. Eyni zamanda Çin məsələsi. Böyük ehtimalla “Şimal Axını-2” qaz kəmərinə də toxunulub. Nəzərə almaq lazımdır ki, ABŞ və Rusiya arasındakı ziddiyyətlər çox böyükdür. Məsələn, ABŞ-da Rusiyanın mülkiyyəti olan bir çox obyektləri müsadirə edilib. Eləcə də Rusiyaya qarşı sanksiyalar rus hakim sinfini narahat edir. Çünki onların ABŞ-da xeyli iqtisadi və humanitar maraqları var. Ehtimal edirəm ki, bu məsələlərin hamısı müzakirə edilib. Əsas isə iki nüvə dövləti rəhbəri arasında hansısa anlaşmanın yaranmasıdır. Mümkündür ki, onlar hansısa məsələni razılaşdırmasınlar. Amma onların bir-birilə hansı dillə danışmaları, məsələləri necə formada ortaya qoymaları, reaksiyaların necə olması kimi halların da böyük əhəmiyyəti var. Öz-özlüyündə bu iki liderin görüşməsi müsbət hadisədir. Görüşməsəydilər daha pis olacaqdı. Hansısa razılıq əldə edib-etmədiklərinin elə də böyük əhəmiyyəti yoxdur. Əsas odur ki, danışıblar.

Məncə, bunun Azərbaycan üçün müsbət təsiri o olardı ki, ABŞ Qarabağ məsələsindən bir qədər kənarda dursun. Razılaşsın ki, Cənubi Qafqazda həlledici nüfuz sahibi Rusiyadır. Biz də Rusiya ilə hansısa formada dil tapacağıq. Nəyi istəyirsə verəcəyik, nəyi istəyirsə və istədiyi maraqlarımıza uyğun deyilsə, verməyəcəyik. Əvvəl bu işlə üç dövlət (Fransa, ABŞ və Rusiya) məşğul olurdu. İndi vəziyyət dəyişib və Rusiyanın əsas təsiri ilə müsbət dəyişikliklər əldə olunub. Bu dəyişiklikləri məntiqi sonluğa qədər çatdırmaq üçün sözsüz ki, ağıl, bacarıq, təşkilatçılıq və səbr lazımdır.

- Tərəflər Ukrayna mövzusunda razılığa gəliblərmi?

- Əslində Ukrayna bir dövlət kimi Rusiyaya lazım deyil. “Ay Putin SSRİ-ni bərpa edir, bu məqsədlə Ukraynanı işğal etmək istəyir” kimi fikirlər boş söhbətdir. Rusiyanın təhlükəsizlik amilləri nəzərə alınarsa, bilmək lazımdır ki, Ukrayna NATO-ya üzv olmamaldıır. Əlbəttə, zamanında üç pribaltika ölkəsi NATO-ya daxil olub. Tallindən Sankt-Peterburqa məsafə Bakı ilə Gəncə arasındakı məsafədən də yaxındır. Hər üç respublikanın Rusiya ilə birbaşa sərhədləri var. Yəni NATO əslində Moskvaya, Somolensk və Sankt-Peterburqa lap yaxın durub. Ukrayna buna əlavə olunsaydı heç nə dəyişməzdi. Amma yenə də ruslar düşünür ki, əbəsdir, bəsdir. Bu mənada Rusiya üçün əsas odur ki, Ukraynanı NATO-ya qəbul etməsinlər. Bunu da açıq şəkildə deyir. NATO da Ukraynanı bilavasitə üzvlüyə qəbul etməsə də, bu ölkə ilə işləyir, ona dəstək verir. Problemin kökü burdadır.

Rusiya da göstərir ki, buna imkan verməyəcək. Separatçılar vasitəsilə Ukraynaya hücum edə, müharibəyə başlaya bilərlər. Rusiya da deyəcək ki, bu mənlik deyil, Ukraynanın daxili işidir. Necə ki, bizdə Ermənistan və Azərbaycan arasında münaqişəyə “qarışmırdı”, amma bildiyi formada Ermənistanı idarə edirdi. Ukraynadakı quldur dəstələrini bu formada idarə edə və bu da Ukrayna üçün böyük itkilərə gətirib çıxara bilər. Ukrayna hakim sinfi SSRİ dağıldıqdan sonra ölkənin iqtisadi inkişaf istiqamətini yanlış qiymətləndirib və idarə ediblər. Ən uğurlu siyasi xətt yolunu Cənab Nazarbayev ortaya qoydu. Yəni Rusiya ilə kəllələşmək lazım deyil və bu xeyir də gətirmir. Məsələn, Kamusaxurdiya kəllələşdi Abxaziya və Osetiyanı itirdi. Sakaaşvili də kəllələşdi və itirdi. Sevib-sevməməyimizdən asılı olmayaraq bu gerçəklikdir. Xəritəyə baxanda görürsən ki, bizdən şimalda nəhəng dövlətdir, vaxtı ilə bizi 200 il əsarətdə saxlayıb. Bizim gücümüz varmı onunla kəllələşək? Mən bu reallıqları deyəndə çoxu bağırırdı ki, Zərdüşt Əlizadə ruspərəstdir... Hər şeyin vaxtı var. İmperiyaların dağılma tarixinə baxın. Bu dünya tarixinin qanunlarıdır. Bu qanunları bilmək üçün adamda savad və dərrakə olmalıdır. Hazırda da bu reallıqlar nəzərə alınır - Qərb faktoru, Rusiya, İran və Türkiyə.

Ukraynaya gəldikdə deyim ki, mən bu ölkəni, onun xalqını sevirəm.

- Demək istəyirsiniz ki, Rusiya-Ukrayna gərginliyi davam edəcək?

- İki yol var. Ya mübahisəli məsələlər yavaş-yavaş danışıqlar yolu ilə səhmana salınar, yoluna qoyular. Ya da nüvə-raket silahları ilə bir-birini vurarlar. Nəzərə almaq lazımdır ki, heç kəs ölmək istəmir. Bu mühüm amildir. Zilə qalxsalar, söysələr də, əslində heç kəs müharibə istəmir. Əvvəla müharibə təhlükəlidir, üstəlik onun sonu da bilinmir.

- Əgər ruslar müharibə istəmirlərsə, niyə Ukrayna sərhədləri istiqamətində 100 mindən çox ordu cəmləşdiriblər?

- Mən, sizə bir məqam deyim. Bizim qələbəmizdən sonra Gürcüstanda da, Ukraynada da eyforiya başladı. Düşündülər ki, bizdə yığışıb gücümüzü qoysaq əlimizdən alınan torpaqları geri qaytara bilərik. Gürcüstan tez anladı ki, Rusiya ilə bacara bilməz. Amma açıq demək lazımdır ki, Ukraynanın ordusu böyük və güclüdür. Üstəlik son 6-7 ildə xeyli təlim keçirilib, hazırlanıb, Qərb onlara silah verib və s. Hələ Türkiyədən Bayraqdar TB2 dronları da alıblar. İstədilər bizim Qarabağ müharibəsi modelini tətbiq etsinlər və torpaqlarını qaytarsınlar. Rusiya da bunu gördü və 100 minlik ordusunu çəkib sərhəd yaxınlığında təlim keçirdi. Göstərdi ki, əgər bunu etsən, mən də içərilərə girəcəyəm. Yəni zarafat etmirəm. Üzüvə də duracam ki, bu, mən deyiləm. Yəni bizim Qarabağ müharibəsinin səs-sədasıdır ki, oraya da təsir edib.

- Qərb bu prosesdə Ukraynaya kömək edirmi?

- Silah-sursat, katerlər verib, təlimatçılar göndərib. Bəzi silah növləri də verib. Amma ortaya sual çıxır: ABŞ-a böyük Rusiya-Ukrayna müharibəsi lazımdırmı? Üstəlik bəllidir ki, belə müharibədə Ukraynanın uduzmaq ehtimalı daha böyükdür. Hələlik müharibə olmadan Ukrayna addım-addım Qərbə tərəf gedir. Düzdür, NATO-ya qəbul etmirlər, amma tam rədd də olunmur. Üstəlik Avropa İttifaqı ilə inteqrasiya prosesi sürətlə gedir. Ukraynalılar gedib Avropada kənd təsərrüfatı işlərində çalışırlar. Ukraynanın tədricən Qərb tərəfindən həzm edilməsi prosesi gedir. Amma böyük müharibə ABŞ-a lazım deyil. Bu müharibə böyük maşştablıdır və dünya müharibəsinə gətirib çıxara bilər. Bunu da istəmirlər. Ukrayna gərək öz siyasətini başqa cür qurardı. Qura bilmədi, Rusiya ilə konfrantasiyaya getdi və indi də konfrantasiya rejimindən çıxa bilmirlər. Hər iki tərəfin səhvləri var.

- Moskvanın açıqlamasına görə, dünən baş tutan görüş zamanı Putin Baydendən NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair qarantiya istəyib. Bayden Moskvaya belə bir qarantiya verər?

- Bu çox sadəlöv və məntiqsiz istəkdir. Əvvəla, qarantiyalar daima pozulur. Məsələn, Rusiya Ermənistana qarant durmuşdu ki, sən strateji müttəfiqimsən, müdafiə olunacaqsan və s. Amma şərait elə dəyişdi ki, bu qarantiya yada düşmədi. Eləcə də Qərb şifahi olaraq Qarbaçova qarantiya vermişdi ki, NATO Rusiyaya doğru genişlənməyəcək. Amma genişləndi və Rusiyanın bir addımlığına qədər gəldi. Yəni qrantiya yazılı və şifahi olsa da, şərait dəyişəndə unudulur. Çünki diplomatiya şəraitə uyğun qurulur. Bu mənada qarantiyalar uzunmüddətli olmur.

Əgər, Putin istəyirsə ki, Ukrayna NATO-ya daxil olmasın, bu halda Moskva siyasətini dəyişməlidir. Fikir verin, 6-7 ildir ki, rus təbliğat maşını Ukraynanı söyür, yamanlayır. Ukrayna ilə iqtisadi əlaqələr kəsilib. Rusiyada olan ağıllı insanlardan biri deyir ki, əgər Rusiya istəyirsə ki, keçmiş sovet ölkələri ilə əlaqələri daha güclü olsun, bu halda Rusiyanın özü dəyişməlidir. Yəni örnək, cazibədar olmalıdır. Elə olmalıdır ki, bu respublikaların özü Rusiyaya can atsın. Yoxsa, onu döyməklə, bunu söyməklə dostlaşmaq olmur. Dostlaşmaq üçün sən hansısa xalqa və dövlətə xeyirli olmalısan. Zamanında Ukraynanın ticarətinin 30 faizi Rusiya ilə bağlı idi. İndi heç 10 faizi də bağlı deyil. Bunu Rusiya edib. Ukrayna hakim zümrəsinin bunda böyük günahı var. Ukraynanı qarət etmək üçün siyasətçilər bir-birilə boğuşub. Biri deyirdi gəlin Rusiya ilə dost olaq, digəri deyirdi Qərbə gedək, ora cənnətdir. Bu yalnız ona görədir ki, həmin boğuşanlar hakimiyyəti ələ keçirib Ukrayna xalqını qarət etmək istəyirdilər. SSRİ dağılanda Ukraynanın ümumdaxili məhsulu Almaniyanın milli məhsuluna bərabər idi. Yəni Ukraynanın iqtisadi gücü Almaniya qədər idi. Polşadan isə 4 dəfə çox idi. Amma son 30 ildə Ukrayna elə misgin vəziyyətə düşüb ki, Almaniya ilə müqayisə edilə bilməz, ümumdaxili məhsulu da Polşadan iki dəfə azdır. Qarət uğrunda mübarizə aparanda milləti, dövləti düşünmək lazım gəlmir. Üstəlik də Ukraynada oliqarxlar çoxdur və hamısı da yemək istəyir.

- Bayden-Putin danışıqlarından sonra Rusiya-Ukrayna və ABŞ-Rusiya əlaqələri hansı istiqamətdə irəliləyəcək?

- Əvvəlki yolla gedəcək, heç nə dəyişməyəcək. Ukrayna və Rusiya hakim siniflərinin ağlı başına gələcək və anlayacaq ki, ədalət lazımdır, buna inam yoxdur. Əslindəsə ukraynalılar və ruslar arasında heç bir ziddiyyət yoxdur. Qardaş xalqlardır. Amma hakim siniflər öz xalqlarının mənafeyini maddi maraqlarına qurban verməməlidir.