Səhnə olmazsa, mən ölərəm

Səhnə olmazsa, mən ölərəm

5 Oktyabr 2018 22:57
Bəyəndim (0) Bəyənmədim (0)

Bu dəfəki müsahibim Türkiyənin tanınmış aktyoru Hanifi Koç oldu. Onu bir çox tanınmış türk seriallarından və böyük reytinqlər gətirən "Diriliş Ertuğrul" seriallarından tanıyırıq. Hanifi bəy çox sadə və çox təvazökar bir insandır. Türkiyədə öz sözünü demiş, tanınmış aktyorlar sırasında olan Hanifi Koçu, həm də işinin peşəkarlığı və həddən ziyadə səmimiyyəti, ən müsbət keyfiyyətləri ilə seçilən bir insan kimi dəyərləndirdim. Bu mənim fikrim və düşüncələrimdir. Sizlərə də maraqlıdırsa buyurun, müsahibimlə yaxından tanış olun.

Hanifi bəy, salam. necəsiniz? Bizə özünüz haqqında məlumat verərdiniz. Hanifi bəy kimdir? Harada anadan olubdur?

- Mən hal-hazırda Ərzuruma doğru yolçuluq edirəm. 44 yaşındayam, Ərzurumda doğulmuşam. İlk kino filmimi Ərzurumda çəkdim, "Yarın artıq bu gündür" Nejla Nazırla baş rolunu paylaşdığım bir filmdir. Hazırda Kocaelində yaşayıram, çəkilişlər üçün İstanbula gedib, daha sonra qayıdıram Kocaelinə. Bu anda da Ərzincan və Ərzurum üzrə yolüstündəyəm, orada valilik proqramları var, ora qatılacağam.

Həyatda oynamaqmı daha çətindir, yoxsa səhnədə, kameralar qarşısndamı?

Həyatda oynamaq çətindir, kamera qarşısında oynamaq isə daha asandır. Həyatla oynamağa cəhd edərsən, həyat da səninlə oynayar və bunun altında əzilərsən. Həyatda oynamaq insanları aldatmaqdır axı, kamera kimi deyil, bir ssenari kimi deyil.

Məsafələr uzaq olsa da, bəzən olar insanın tükəndiyi bir an. Uzaq məsafələrdə, kastinqlərdə, çəkilişlərdə heç bezib də bu sənətlə vidalaşmaq istədiyiniz anlar oldumu?

- Əslində elə bir düşüncəyə qapılmadım. Səhnə olmazsa, mən ölərəm! Səhnədən, kameradan ayrıla bilmərəm. Çünki uşaq yaşda istədiyimiz bir məslək, istədiyimiz bir həyat olduğu üçün qopa bilmərəm mən. Yəni heç bir şeydən bezmədim, gecə üçdə də getdim, sabah beşdə də, doqquzda da getdim, günorta da getdim, heç bir zaman kameradan və səhnədən uzaq qalmadım, qala da bilmərəm onsuz da. Yəni o gün mənə ölüm olar.

Kino həyatınızın bir parçasıdır o zaman. Bəs onda, işinizdə özünüzü tapırsınızmı?

- Bəli, həyatımın bir parçası oldu kino, teatr. Yoxsa belə düşünməzdim. Yəni səhnənin tozunu udduğun anda o toz sənin iliklərinə qədər işləyir və o səhnədən, kameranın qarşısından ayrıla bilmərəm. "Mator" deyilən anda və o "mator" sözünü səsləndirəndən duymadığın anda yaşayan bir ölü kimi olursan. Onunçün dediyim kimi mən səhnədən, teatrdan, kinodan əsla uzaq qala bilmərəm!

Sizə ilk dəfə uğur gətirən hansı kino və ya teatr rolu oldu. Hansı ki, ondan sonra daha da tanınmağa başladınız?

- Mənə ilk uğur gətirən kino oldu, Nejla Nazırla baş rolunu paylaşdığım, bayaq da qeyd etdiyim kimi "Yarın artık bu gündür" filmi. Daha sonra başqa kinolar oldu. İkinci "Tatar Ramazan" filmində Bülənt İnalla bərabər oynadıq, sonra tanındım və hər kəs də tanıyır. İndi isə bir az saçım, saqqalım var, təbii belə olan halda da normaldır ki, tanımasınlar. Saçlarım uzun olduğu üçün həqiqətən bəzən tanımırlar. Daha öncəki halımla məni tanıyanlar indi bəzən tanımırlar.

Hanifi bəy, sərt birisinizmi?

- Normal həyatda orta sərt. Təbii ki, insanıq, bəzən çətin günlər olduğu zaman əsəbiləşdiyimiz anlar olur, amma Hanifi xoş, şəkər kimi bir insan. Ancaq filmlərdə xarakter olaraq həmişə sərt adamı oynadım, bir az da normal həyatıma təzahür etdi deyəsən. Amma sizin kimi xanım əfəndilər çox mədəni olduğumu, nəcib bir insan olduğumu söyləyirlər. Onu isə sizlər bilirsiniz artıq, mən bilmirəm.

Bəli, çox kübar və mədəni bir insanla dialoqdayam bu an. Həqiqətən də çox sadə birisiniz. Xarakter olaraq həmişə sərt obrazı canlandırdım dediniz, özünüzü canlandıracağınız bir təklif aldınızmı?

- Yox, elə bir təklif almadım. Bilmirəm, yəni elə bir təklif gəlmədi. Gələrsə oynayaram desəm əgər, vallah oynayarammı, dəqiq bilmirəm. Yəni həyatımı içinə alan bir film təklifi gəlmədi, gələrsə düşünərəm. Öncə ssenariyə baxaram, oxuyub anlayaramsa bəli, ya da xeyr deyə bilərəm.

Sizə qarşı atılan səhv addımı bağışlayarsınızmı, yoxsa silib keçərsiniz?

- Səhvin növünə bağlıdır, yəni necə səhv addım atıla bilər. Onu bilmədən bu sualınıza cavab verməkdə çətinlik çəkirəm, amma pis bir səhvdirsə bağışlamaram. Ancaq yumşaq bir səhvdirsə necə deyərlər, çox da ağır bir səhv deyilsə, bağışlayaram. Silib keçərəm, heç arxama belə baxmaram və nə oldu deyə də soruşmaram.

Bir heca, bir kəlmədən ibarət olan, lakin tək kəlmədə böyük sirlər daşıyan "dost" sözü sizinçün nə ifadə edir?

- Bəli, dost mənim üçün hər şeydir. Dost güvənilir, əmin olduğun, sədaqət sahibi olan bir insandır. Dostla sirlər bölüşülər, sirlər bir-birinə verilər, bu sirlər ölüm anı da daxil olanda dost sirləri özgələrinə verilməmişsə, bu dostdur. Təbii ki, dostluq geniş bir çərçivə, yəni hansı tərəfdən dost olduğunuza bağlıdır. Yəni sirdaş dostumu, yol dostumu, ancaq tamamilə bir dostdursa mənimçün ölənə qədər sadiq, sədaqət, güvənə biləcəyin bir insan dostdur. Ən yaxşı dost, ən yaxşı dosta - lakin, fəqət kimi sözlər işlətməyəndir, yəni güvəniləcək, əmin sözlər söylənir arxasınca da. Lakin bu belə olmayacaq, fəqət, o elə olmayacaq, bunlar məndə yoxdur. Ya bəlidir, ya da xeyirdir. Dost gerçək dostdursa dostdur, deyilsə deyildir. Dost yar kimidir, sirdaşdır, könül bağıdır.

"Diriliş Ertuğrul" və "Kurtlar Vadisi" seriallarında rol aldınız. Çox sevilən və reytinqli seriallar sırasındadır. Bizə bir az seriallarla bağlı danışa bilərsinizmi?

- "Kurtlar Vadisi"ndə iki "sezon" oynadım, uzun müddətliydi, 2003-2004 də oynadım. Sonra 2008-2009-cu illərdə oynadım. Möhtəşəm bir film idi, çox gözəl xatirələr yaşadım. Serialı insanlar sevərək izlədilər. "Diriliş Ertuğrul" çox bambaşqa bir film idi, 49.2 faizlə reytinq rekordları qıran bir film idi, 25 ölkədə izlənilir. Mən oranın oyunçusu olmaqdan qürur duyuram, ancaq təbii ki, hər şeyin bir üsulu var. Bu film gerçəkdən başqa bir filmdir. "Diriliş Ertuğrul" çox başqa bir şey, yəni setə girdiyimizdə havası başqa, otaqlara girməmiz bir başqa, qılınclardır, qalxanlardır, komanda heyəti, təsisatçılar və s. Orada o geyimləri geyindiyimiz zaman özümüzə dönürük, keçmişimizə dönürük. Keçmişdə yaşananları yaşamağa çalışırıq, mükəmməl bir serialdır. Ssenarist Mehmet Bozdağ və "Tektan" filmin sahibi Kemal Tektana mən də bununla bağlı təşəkkür edirəm, Cümhur başkanımız təşəkkür etdi, şəxsən özü hər dəfə bizi ziyarət edib bizi qonaq etdi. Yəni serial cığır açdı. Bir çox Avropa ölkəsi hazırda bu serialı izləyirlər və mən çox şadam.

"Ruka Production" tərəfindən ərsəyə gələcək yepyeni bir proyektlə gəlirsiniz. Aldığım məlumata əsasən iki qardaş ölkənin erməni daşnaqları tərəfindən qan donduracaq, yaşadıqlarını içində daşıyan bu proyekt çox böyük səs gətirəcəyinə əminəm. İstəyərdim ki, oxucularımızı da məlumatlandırasınız bu proyektlə bağlı.

- Bu proyekt çox böyük bir proyektdir, çox böyük bir kino məhsuludur. Gerçəkdən dünyaya səs gətirəcək bir kinodur. Mən də bu filmin baş rolunu aldığım üçün çox sevincliyəm, çox xoşbəxtəm, çünki ermənilərin etmiş olduğu bu qətliamı illər sonra dilə gətirmənin təəssüratını yaşayacağam. Ancaq bunlar xəyal məhsulu deyil, bunlar gerçək həyatda yaşanmış, 1980-ci ildən öncə TRT kanalına reportaj vermiş o dönəmi yaşayan insanların ağızlarından alınan bilgilərə dayanaraq və o dönəmin tarixini tutan insanların vermiş olduğu bilgilərlə yola çıxılaraq bu ssenari hazırlandı. Ssenarini başdan sona oxudum, ssenari mükəmməl bir hazırlıq içərisində yazılmış. Bu ssenarini oxuyan insanların ağlamaması mümkün deyil, çünki insanlıq dramı yaşanmış bir durum var. İnsanlar boğazlanmış, canlı-canlı qarınları yarılmış, hamilə qadınların qarınları açılaraq körpələri çıxardılıb öldürülmüş, qadınların sinələri kəsilmiş, boğazlarından kəsilmiş bu işgəncələrə məruz qalan yüzlərcə insan var. Sobalara insanları canlı-canlı ataraq yandırmışlar. Bunların hamısı sübutlu, sənədlidir. Və bu ssenaridə əks olunmuş və mən də bu ssenarinin bir parçası olmaqdan xoşbəxtlik duyuram. "Ruka production" mənim reklam şirkətimdir, oraya bağlıyam. Yəni gerçəkdən dünyada səs gətirəcək, ermənilərin iç dünyalarını, üzlərini ortaya qoyacaq bir filmdir. Bu film ekrana çıxdığı zaman onsuz da rekordlar qıracaq, bundan heç şübhəm yoxdur. Azərbaycanda zatən izlənib bəyəniləcək, Avropanın bir çox ölkələrində izləniləcək və Avropanın bir çox ölkələrində də izlənilməsinə qadağalar qoyulacaq.

Müəllif: Günay Fuadqızı