Alim Qasımovla MÖHTƏŞƏM SÖHBƏT: "O olmasa, mən də Alim olmazdım"

Alim Qasımovla MÖHTƏŞƏM SÖHBƏT: "O olmasa, mən də Alim olmazdım"

1 Oktyabr 2019 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya cazının nəhəng səsi Byork (İsland əsilli müğənni, mahnı yazarı, multi-instrumentalist, prodüser - red.) bu günlərdə maraqlı açıqlama verib. Ən çox dinlədiyi musqiçinin Alim Qasımov olduğunu söyləyib. Bəli, Azərbaycan musiqisinin xəzinəsi, sevimli sənətkarımız Alim…

Oxumeni.az gözəl xanəndəmizlə səmimi söhbəti təqdim edir:

- Alim olmaq çətindir?

- Mən alim deyiləm, bisavadam.

- Məncə, ən vicdanlı alimsiniz.

- Nə deyim?!

- Sirlərinizdən deyin. Elə bir ifanız varmı ki, yalnız Tanrı ilə öz aranızdadır, kimsə ilə bölüşmək istəməzsiniz?

- Məşq zamanı, hazırlıq vaxtı zümzümə edirsən, elə improvizələr üzə çıxır ki, çalışırsan onu təkrarlayıb dinləyicilərə də göstərə biləsən. Bu, elə bir zövqdür ki, insanları məhrum qoymaq istəmirsən. Etiraf edirəm ki, sənət yolumda özümün özümdən öyrəndiyim çox şey olur.

- Öyrətməkdə necə, qısqancsınız?

- Hər səfərində qısqanclıqla başlayıram. Elə ki, cezm oluram, hətta bilmədiklərim də qopur dilimdən. Onsuz da səs yazılarım var. Öyrətməsəm də, gedib dinləyəcəklər. Həddən artıq qısqanclıq olsaydı, ifalarımı çərçivələyərdim. Bəli, sənətimə qarşı qısqancam, amma daim bu duyğu ilə mübarizə aparıram. İnanırsınız, bu günədək studiyada çox az hallarda səs yazdırmışam. İfalarımın böyük əksəriyyəti canlı konsertlər, məclislər, toylarda lentə alınıb. Ona görə rahat deyə bilərəm ki, sənət qısqanclığımı yuyub aparıb.

- Alim bəy, tarixən çox ağır əsərlər yazılıb ki, musiqiçilər ona yaxın durmağa cəsarət etməyiblər. Hətta bir neçə dirijor orkestri idarə edərkən ürəkləri dayanıb. Elə bir əsər varmı ki, sənətinizin əzəmətinə rəğmən, dilə gətirməyə qəlibiniz dözməyib?

- Ümumiyyətlə, oxumaq istədiyim çox əsər olub. Məsələn, rəhmətlik Şəfiqə Axundovanın “Bu ayrılıq nədən oldu” mahnısı. Dəfələrlə məşq etmişəm, sözlərini əzbərləmişəm. İstədiyim halda, əhvalda oxuya bilmədiyimə, ifamın ruhuma cavab vermədiyinə görə illərdir, elə sakit də qalıb. Türk sənətçiləri də bu əsəri orkestr ilə çox maraqlı ifa ediblər deyə yalnız tar və kamança ilə o eşqi ala bilməmişəm. Yəqin bu səbəbdəndir ki, hələ də gözləyirəm. Belə çox mahnılar var. Bəziləri var ki, çox qəlizdir. Məsələn, Zəki Mürenin bir neçə əsəri var. Çoxdan əzbərləmişəm, özüm üçün zümzümə edirəm, amma studiyaya gedib lentə aldırmaqda tərəddüd edirəm. Bilirsiniz, bizdə musiqi aləti də azdır. Tar, kamança, dəflə həmin orkestr səslənməsinə nail ola bilmərik. Siz deyən kimi çox mahnı var ki, niyyətlənirəm, amma son nəticə ruhumu oxşamadığı üçün bölüşməyə cürət etmirəm.

- Alim Qasımov üçün ən doğma ətir hansıdır? Hansı ifanızda o ətiri daha çox duyursunuz?

- Qızıl gül ətri. Allah o gülü çox gözəl yaradıb. Peyğəmbərimiz də ətrini çox sevib. Ən çox namaza gedəndə təbii ətirlərdən istifadə etməyi sevirəm. İfalarıma gələndə isə bu həmin məqamdakı halımdan və səsimdən asılıdır. Səsim halımla danışa bilirsə, o ifaların hamısında eşq, təmiz aura, aydın fikir və qızıl gül ətri var. Əlbəttə, "Çahargah"ın bərdaştı bir aləmdir. "Şur"un, "Rast"ın şirin məqamı da var, çətini də... Hamısı əzizdir, doğmadır. Ona görə ayrı-seçkilik etmək istəməzdim.

- Bəs fəsillərin dəyişkənliyi əhvalınıza təsir edir?

- İstini çox sevirəm. Üşüməsəm, payız da yaxşıdır.

- Çox həzin cümlə oldu.

- Amma bir məqam da var ki, fəsilləri olduğu kimi yaşamağı sevirəm. Bir dəfə Peterburqa getmişdim. Qar yox idi. Hər yer yağış, palçıq içində... O vaxtdan Rusiyaya nə qədər dəvət alıram, hamısına deyirəm ki, qoy qış gəlsin, qar yağsın, gələcəm. Digər yandan baxanda isə, axı bütün fəsillər əzizdir. Hərəsinin bir aləmi var. Bizim xarakterimizdə problem varsa, buna fəsil neyləsin?!

- İfalarınızı fəsillərə bölürsünüz?

- Bunu dərinliyinə qədər bilmirəm. Amma musiqidə belə bir bölgü var. Məsələn, "Humayun"un ayrı fəlsəfəsi var, "Bayatı Qacar"ın, "Şur"un, "Rast"ın öz əhvalı var. Hərəsi insana bir fəsli yaşadır.

- Ana təbiət ürəyinizə payızı tez-tez gətirir?

- Bu əsəb ki var, o hamının canındadır. İstəyirsən, yaradıcı insan ol, istəyirsən fəhlə ol. Lap evdar qadınsan, fərq etməz. Hamımızın küsdüyü məqamlar olur. Bir də baxırsan, qadın deyir ki, bu nə həyatdır, ömrüm mətbəxdə bozbaş bişirməklə keçir. Hər kəsin ürəyində bir naşükür şeytan yatır. Bəzən ona qalib gəlmək mümkün olmur. Təbii ki, mən də insanam. Allah bir tikə səs verib. Əvvəllər deyirdim ki, 60 yaşdan sonra oxumaram. 60-dan sonra gördüm, yox, səs gəlir axı... Qərara gəldim ki, səsim özü imtina edəndə, susacam. Bəli, yarpaqlarımız solur, amma bahar da gəlir.

- Bahar gəlirsə, sevgi də yenidən tumurcuqlayır. Sizin üçün sevmək asandır, yoxsa sevilmək?

- Allah xalqımızı qorusun. Sənətkarların özünə, sənətinə məxsusi simpatiya duyanlar var. Bu, ləzzətli duyğudur. Hətta miqdarı çoxaldıqca “qudurursan”, bezirsən. İnsan belə məxluqdur. Hər şeydən bezir. Lakin bunu sevənlərinə bildirməməlisən. Bəzən ağır konsert proqramından halsız, yorğun çıxırsan. Bir uşaq yaxınlaşır ki, şəkil çəkdirmək istəyirəm. Mütləq çəkdirirəm. Hətta yanımdakılar da etiraz edir. Deyirəm ki, yox, bu elə bir sevgi, elə doğma istəkdir ki, mütləq qarşılıq verməliyəm. Hərdən deyirəm ki, 40 ildir pəhrizdəyəm. Əlimdə silah sənətin keşiyində durmuşam. 5 dəqiqəlik ifa üçün bəzən 3-4 gün yataqdan çıxmamışam. Xəstə yatağında müalicə alıb, sağalmışam ki, konsert vaxtı səsim sözümə baxsın. Bu zülümlərin tək şahidi Allahdır. O qədər zövqdən, adi yeməkdən, gəzməkdən imtina etmişəm ki, sənətim üçün, qazandığım sevginin əvəzini verməliyəm. Bu sevgi məni özümə qarşı hədsiz tələbkar edib. İllərdir öz istəklərimi, rahatlığımı unutmuşam. Bəzi sənətkar dostlara nəzər salıram. Elə sərbəst, elə rahatdırlar ki... Bugün necə oxuyacam, gözəl bacaracammı, səsim məni yarıyolda qoyacaqmı, düşünmürlər. Mən belə etinasız ola bilmirəm. Bəzən ifamda xırda bir qüsur sezirəm. Heç kim fərqinə varmasa da, günlərlə içimi didirəm ki, niyə məndə alınmadı. Hətta son vaxtlar konsertim gözəl keçəndə, evə zəng vururam ki, şükür Allaha azad oldum. Axı xanımlar azad olanda bir rahatlıq gəlir onlara.

(gülürük)

- Bu doğulan əsərlər də bizə həzz verir.

- İnan ki, çox çətindir. Bəzən məni toya çağırırlar. Görürəm, halım yoxdur, o əhvalda deyiləm. Getmirəm. O da deyir, "yəqin məni saymır, ona görə gəlmədi". Deyirəm, inciyir incisin, halım yoxdur, oxuya bilməyəcəm, getmirəm. Bilmir axı nəyin məsuliyyətini çəkirəm. Qazanc xatirinə sənətimi ucuzlaşdıra bilmərəm. Çünki özümü tanıyıram. İfamda nəyisə bəyənməsəm, neçə gün əsəbi gəzəcəm. Evdəkilərin də qanını qaraldacam. Bax, özümə qarşı bu tələbim xoşuma gəlmir. Daha doğrusu, zülümkaram.

- Demək sevmək də, sevilmək də, Alim olmaq da məşəqqətdir. Bu ağırlıqdan ətrafınız da öz payını götürür?

- Əlbəttə, evdəkilərə də düşür, musiqiçilər də pay götürür... Axı biz imtahanı səhnədə veririk. Özü də qatar gedir. Ömür gedir, kadrlar dəyişir. Səhv də desən, düz də desən məqamı itirdin. Belə Alim olmaq çətindir, adi alim olmağa nə var ki?! Böyük kütlə qarşısında çıxış edirsən. Özü də dinləyicilər çox qəribədirlər. Dünən oxudun, yeri-göyü inlətdin, əl çalacaqlar. Bugün səsin biraz büdrədi, dünəni unudub sakit oturacaqlar. Ümumiyyətlə, son vaxtlar tamaşaçılar əl çalmır. Elə bil yorulublar. Hətta son konsertdə dilimə də gətirdim ki, nə baş verir, nə tez yoruldunuz?

- Bu yorğunluq deyil. Səsinizin sehridir. Yaş artdıqca, ifalarınızın da sehri şaxələnir. İnsanlar o rahatlıq zonasını alqış səsi ilə tərk etmək istəmirlər. Amma ümumi götürsək, sənətinizi nankor peşə saya bilərik?

- Nankor yox. İdmançılar da belədir də... Döşəyə çıxacaq güləşəcək, aylar öncədən məşqlərə başlayır. Çəki salmaq, ağır fiziki əziyyət və s. Göz önündə canlı baş verən hər şey çox çətindir. Biri var, evdə oturub kitab yazırsan. Hazır olandan sonra kim oxuyar bəyənər, kim bəyənməz, öz işidir. Amma canlı imtahan məşəqqətdir.

- Alim bəy, muğamata cəsarət gətirdiniz. Ünsiyyətdə də cəsursunuz. Bəs sizə görə cəsarət harada itir?

- Çox qəliz sual verirsən. Mən elm adamı deyiləm, mütaliəm yoxdur. Necə cavablayım?

- Siz özünüz təpədən dırnağa elmsiniz. Mən sizin cavabınızı eşitmək istəyirəm...

- Sən məni cəsarətli hesab edirsən?

- Kifayət qədər.

- Sənətimdə cəsarətliyəm. İş prosesində məndə bir hal yaranır ki, ancaq haqqın yeri var. Ora yalan, qorxu girə bilməz. Bu imkanı da mənə Allah yaradır. İlahi eşq gələndə, dünya malı da, qorxular da kənarda qalır.

- Qorxmursunuz ki, bir gün o ilahi eşq sizi tərk edəcək?

- İnsan bir az qorxsa, yaxşıdır. Amma Allah məni o çətin səhnələrdə hifz eləyib. Bu, elə bir möcüzədir ki, ən gümansız məqamda Allah, mənim üçün işıqları yandırıb. Nur fəvvarəsi töküb. Elə bizim orqanizmimizə nəzər salın. Başdan ayağa möcüzəyik. Nəsimi də "Həqq mənəm" deyir. Ovuc boyda orqanizmin fəaliyyəti sehirdir. Artıq qorxmuram. O qədər dayağım olub ki, çox razıyam. Həmişə dadıma yetib. Yaşlandıqca qorxuların da azalır. Doğrudur, oxuma texnikam, pauzalarım daha da ustalaşıb. Amma bu usta məqama əvvəlki səsimi də qatmaq istərdim. Şükür bu günə...

- Adətən ifalarınızı xaricilərlə bölüşəndə, deyirlər ki, bu ifa tək Azərbaycan etnosu deyil. Ümumbəşəri ifadır. Yəqin ki, bu statusu qazanmağın acısı da bəşəriyyətə bərabərdir.

- Gənc idim. Təsadüfən pakistanlı ifaçı Nüsrət Fatehin konsertinə getmişdim. O ilahi azadlığı ilk dəfə onda gördüm. Bu azadlıq tamaşaçıya da bir başqa təsir edir. Azad olanda, səs də rahat olur. Sən dediyin kimi, dünyəviləşir. Bir muzey təsəvvür et. Hər kəs eksponatlara baxa bilər. Amma bu bəşəri azadlıq o tarixi geri qaytarır, hər şeyin canlı şahidi olursan. Bax, biz o muzeyi hərəkətə gətirdik. Özü də biz daha çox qədim xanəndələri dinləyirik.

- Elə siz qədimdən gələn səssiniz. Bəs həyatda necə, azadlığınızı çərçivələyirsiniz?

- Müəyyən mənada çərçivələyirəm. Heç qoymurlar da azad olum. Bir də görürsən rahat, köhnə libas geyinirəm. Deyirlər, çıxart bunu əynindən (gülürük).

- İçinizdə küskün Alim yaşayır?

- İncikliyim çox olub, amma yaşatmıram. Bəzən biri gəlib deyir ki, filan vaxtı qəlbinə dəymişdim. Üzünə baxıram, amma inan ki, xatırlamıram. Bu yüklə yaşamaq olmaz axı...

- Yaş artdıqca həyatın çəkisi azalır?

- Məsuliyyətin azalır. Bax, tez-tez televiziyaya çağırırlar, müsahibə istəyirlər. Getmirəm. İndi imtina etmək daha asandır. Cavanlıq ritmimə qayıtsam, bədənim də dözməz. Hər yaşın öz tələbi var.

- Özünüzü atanızın bu yaşındakı vaxtlarına bənzədirsiniz?

- Atamın güclü şirin səsi olub, oxumayıb. Rəhmətlik anamın gözəl ritmi vardı, çox şən qadın idi. Anamgilin kəndindən yaxşı rəqqaslar çıxmışdı, aşıqlar vardı. Hər ikisindən çox şey keçib mənə. Amma məndən kasıb yaşadıqları üçün daha cəsur olublar. Sözlərini rahat deyiblər. Sərbəstliklərini özümdə boğmuşam. Dədəmə oxşasaydım, indi yanımda heç kim qalmazdı (gülürük).

- Həyat musiqinizin ən uğurlu sintezi kimdir?

- Həyat yoldaşım Tamilla xanım. Hərdən ona deyirəm ki, bizim tapışmağımız Tanrının qismətidir. Anam həmişə deyərdi, "Atan məni almaq istəmirdi, zorla ailə qurdu. Dedim ölsən də, qalsan da, məni almalısan". İndi düşünürəm ki, valideynlərimin də, bizim də görüşməyimiz zərurət olub. Hətta Asəf Zeynallı adına texnikuma daxil olmağımda Tamilla xanımın doğmalarının rolu olub. O, olmasa, mən də Alim olmazdım.