“Məqsədimiz  Türkiyə  ilə Azərbaycan vətəndaşlarının mədəni əlaqələrinin genişlənməsinə yardım etməkdir”

“Məqsədimiz Türkiyə ilə Azərbaycan vətəndaşlarının mədəni əlaqələrinin genişlənməsinə yardım etməkdir”

25 Oktyabr 2019 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra qardaş Türkiyə ilə münasibətlərində yeni bir yaxınlaşma dövrü başlayıb. Ulu öndər Heydər Əliyevin də dediyi kimi “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə tarix boyu bir ananın övladları kimi yaşamışlar və yaşamaqda davam edirlər. Bu gün Türkiyədə vaxtı ilə müxtəlif səbəblərdən qardaş ölkəyə köç edən yüz minlərlə Azərbaycan türkü yaşayır. Onların arasında vaxt ilə çar əsarətinə qarşı mübarizə apararaq onlarla döyüşlərdə çoxlu sayda şəhidlər verən Şəki rayonundakı Baş Göynük kəndindənTürkiyəyə köç edən soydaşlarımızdır. Araşdırmaçı jurnalist Şahin Aydəmir vaxtilə Şəki rayonundan Türkiyəyə köç edərək orada yaşayan və iki qardaş millət arasında dostluq körpüsü rolunu oynayan soydaşlarımızın nəvə-nəticələri ilə görüşüb. “Oxu məni” qəzeti mövzunun aktuallığını nəzərə alaraq araşdırmaçı jurnalist Şahin Aydəmirlə müsahibəni oxucularına təqdim edir:

– Şahin müəllim, mətbuatdan bildiyimiz kimi Türkiyə Respublikası ərazisində mövcud olan bəzi toponimlərin araşdırması ilə məşğulsunuz. Maraqlıdır, bu istiqamətdə araşdırma aparmaq istəyi haradan qaynaqlanır?

– Əvvala bizə göstərdiyiniz diqqət üçün sizə təşəkkür etmək istərdim. Sualınıza gəlincə deyim ki, 30 ilə yaxındır jurnalist kimi fəaliyyət göstrirəm. Jurnalistikaya gəldiyim gündən araşdırma yazılara həmişə üstünlük vermişəm. Artıq yaşımın o vaxtıdır ki, daha çox ciddi və tarixi mövzulara müraciət etməli oluram. Ümumiyyətlə hər dəfə yeni istiqamətlər seçəndə çox böyük həvəslə işləyirəm. Hardasa iki ildən çoxdur ki, Türkiyə Respublikasındakı bizimlə eyni adları daşıyan kənd, qəsəbə, şəhəri araşdırmaqla məşğuluq.

– İlk olaraq hansı toponimi araşdırmısınız?

– Məlumat üçün bildirim ki, mən Şəkinin Baş Göynük kəndində dünyaya gəlmişəm. Universitetdə oxuduğum illərdə öyrəndim ki, Naxçıvanın Culfa rayonunda da Göynük adında kənd var (Sonralar bu kəndi Babək rayonunun inzibati ərazi vahidinə daxil etdilər). Bu xəbər mənim diqqətimi çəkdi. Amma hələ çox gənc olduğum üçün bu məsələnin arxasınca gedə bilmədim, amma bunu unutmadım da. Sonralar bu məsələni araşdırmağa başlayrkən gözləmədiyim hadisələrlə rastlaşdım.

Soldan sağa: Şahin Aydəmir, yaziçı Hasam Kallımçı (soldan üçüncü), Osman Məmmədov, Hikmət Akhan,ozan Nihat Sönməz, və Qafqaz xalqlarının Mədəniyyət Mərkəzinin rəhbəri İslam Günəş

– Nə kimi?

– Naxçıvandakı Göynüyü araşdırdığım zaman gördüm ki, Türkiyə Respublikasının Bolu vilayətində Göynük rayonu varmış. Əllidən çox kəndi olan Göynük rayonu yerləşdiyi coğrafi relyefi, ərazisinin dağlıq olması, evlərinin quruluşu, çay daşıyla hörülməsi eyni ilə Şəkidəki Göynük kəndindən fərqlənmir.

Boludakı Göynüyü öyrənməyə başladıqda qarşıma Bursadakı Göynüklü kəndi çıxdı. Bir az da dərinə gedəndə Aksarayda, Afyonkarahisarda, Qəhrəmanmaraşda, Malatyada, Kütahyada, Nevşehirdə, Antalyada, Çankırıda, Kastamonuda, Sinopda Göynükörən adında kəndlərin olduğuna rast gəldim. Daha sonra Amasyada Göynücek rayonunun mövcudluğunu öyrəndim. Göynüceki araşdırmağa başlayarkən İlisu adında kəndə rast gəldim.

– Araşdırmalar nəticə etibarilə hansı qənaətə gəlməyə imkan verir?

– Bilirsiz, bu böyüklükdə ərazini gəzib dolaşmağa xeyli zaman istəyir. Mənim araşdırmaçı dostum Osman Məmmədovla birlikdə bu istiqamətdəki fəaliyyətimiz öz təşəbbüsümüz və şəxsi imkanlarımız daxilində baş verir. Bu səbəbdən başladığımız işi çox sürətlə apara bilmirik. Buna baxmayaraq son iki ildəki çalışmalarımız qismən də olsa uğurlu hesab oluna bilər. Belə ki, 2018-ci ilin əvvəlində Türkiyə Respublikasına, Azərbaycana məlum olmayan, bir kəndin araşdırması üçün oraya səfər etdik. Hələ 2015-ci ildən xəbər almışdıq ki, Dənizli vilayətində Akhan adında kənd var və bu kəndi XIX əsrin sonlarında Osmanlıya pənah aparmış azərbaycanlı mühacirlər salmışlar. Üç illik hazırlıqdan sonra nəhayət ki, 2018-ci ilin fevral ayının əvvəlində Akhana gedib çıxdıq. Bir həftəlik səfərimiz zamanı öyrəndik ki, Akhan kəndini sıfırdan tikənlər Azərbaycanın Şəki rayonunun Baş Göynük, Baş Şabalıd və Baş Layıskı kəndindən köçmüş ailələr salmışlar.

– Onların köçünə səbəb nə olmuşdur?

– Onların köç səbəbini öyrənmək üçün gərək XIX əsrin əvvəlindən sonuna qədər Azərbaycanın şimal-qərb bölgəsində çar Rusiyasına qarşı baş vermiş beş üsyanı araşdırasan. Bunun üçün bir qəzet müsahibəsi kifayət deyil. Odur ki, sualınıza qısa olaraq belə cavab verə bilərəm: Akhan kəndini salmış azərbaycanlı mühacirlər Şeyx Şamilin yaxın silahdaşları, naibləri olmuşlar.

Soldan sağa: Şahim Aydəmir, yazıçı Hasan Kallmçı və Hikmət Akhan

Şeyx Şamilin azadlıq hərəkatının məğlub olmasından sonra onun yaxın silahdaşlarının Azərbaycanda yaşamaları ciddi təhlükəyə çevrilmişdi. Bu təhlükəni məğlubiyyətlə barışmaq ərəfəsində olan Şamil başa düşərək, Azərbaycanın şimal-qərb bölgəsindən olan silahdaşlarına Osmanlı İmperiyasına pənah aparmalarını məsləhət bilmişdi. Hətta o, yaxın silahdaşlarının Osmanlıda təhlükəsiz yaşamalarının təmin edilməsi üçün yaxın dost hesab etdiyi Sultan Əbdüləzizə məktub da yazır. Vətənlərini dəlicəsinə sevən bu mücahidlər Şamilin məğlubiyyətindən sonra xeyli müddət məmləkətlərini tərk etmirlər. Ancaq 1890-cı illərin sonlarında çar əsgərlərinin onların axtarışına çıxması xəbərini alan bu mücahidlər doğma kəndlərini tərk edərək Osmanlı Dövlətinə pənah aparırlar.

Minbir əzab-əziyyətlə onlar Batumi limanından keçərək İstanbula gəlib çıxırlar. Bu zaman hakimiyyətdə Sultan Əbdülhəmid idi. Hansısa yolla Sultanın “Yıldız” sarayına xəbər çatdırırlar və Sultan Əbdülhəmid onları qəbul edir. Şeyx Şamilin zəmanət məktubu ilə tanış olduqdan sonra Sultan onları üç ay “Yıldız” sarayında qonaq saxlayır. Üç ayın tamamında rəsmi fərman imzalayıb Azərbaycandan gəlmiş mühacirlərin ürəkləri istəyən yerdə yurd salmalarına göstəriş verir.

Soydaşlarımız Türkiyənin bir sıra bölgələrini dolaşıb gəlib indiki Akhan kəndinin ərazisinə çıxırlar. Buranın təbii şəraitini – çəltikçilik, ipəkçilik üçün imkanların geniş olduğunu gördükdən sonra orada yurd salmağa qərar verirlər. Bu zaman tarixin əqrəbi 1902-ci ilin üzərində dayanmışdı.

– Şahin müəllim, bu kəndin mövcudluğu ilə əlaqədar Azərbaycan ictimaiyyətinin məlumatı varmı?

– Bu kəndə biz iki dəfə səfər etmişik. Bu iki səfərimizlə bağlı ARB telekanalı vasitəsilə ictimaiyyətə məlumat vermişik. Bundan başqa geniş oxucu kütləsini nəzərə alaraq Akhanla bağlı kitab hazırlayırıq.

Şahin Aydəmir və Erdal Akhan

– Müsahibənizin əvvəlində qeyd etdiniz ki, bu işləri şəxsi təşəbbüsünüz və imkanlarınız hesabına görürsünüz. Çətin deyilmi? Axı bu kimi işlərin görülməsi üçün xeyli miqdarda maliyyə tələb olunur...

– Düz deyirsiniz, çətinliklər çoxdur. Amma bu da bizim qədərimizdir. Bu yolu özümüz seçmişik, özümüz də yürüməyə davam etmək istəyirik. Elə dövrə gəlib çıxmışıq ki, heç kim ümumi iş üçün pul xərcləməyə həvəs göstərmir. Bunu bildiyimiz üçün müəyyən çıxış yolları üzərində düşünürük.

Akhandakı həmyerlilərimizin təşəbbüsü ilə artıq bir dərnək yaratmaq qərarına gəlmişik. “Azərtürk Göynüklülərin yardımlaşma və dayanışma” adında dərnəyin texniki, təşkilati məsələləri üzərində son tamamlama işləri gedir. Bu yaxınlarda növbəti səfərimiz olacaq və yəqin ki, biz sizinlə artıq “Azərtürk Göynüklülərin yardımlaşma və dayanışma” dərnəyinin rəsmiləri kimi danışacağıq.

– Çətin, amma şərəfli bir yola çıxmısınız...

– Çox sağ olun. Əlbəttə biz çıxdığımız yolun çətinliyini dərk edirik. Amma sonunu görəndə çətinliklər gözümüzdə heçə enir. Biz anlayırıq ki, görmək istədiyimiz işlər Türkiyə Respublikası ilə Azərbaycan Respublikasının vətəndaşlarının mədəni əlaqələrinin genişlənməsinə, bir-birimizi daha yaxından tanımağımıza imkan verəcəkdir. Eyni zamanda “bir millət, iki dövlət” ideyasının işığında Azərbaycanımızı Türkiyə ictimaiyyətinə daha yaxından tanıda biləcəyik..

- Biz də öz növbəmizdə “Oxu məni” qəzeti adından bu nəcib işdə sizə uğurlar arzulayırıq.

Müsahibəni apardı: Əziz Mustafa, yazıçı-jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)