Leyla xan Xoyski: İlk beş üçrəngli Azərbaycan bayrağından biri bizim evimizdə idi

Leyla xan Xoyski: İlk beş üçrəngli Azərbaycan bayrağından biri bizim evimizdə idi

8 Noyabr 2019 16:48
Bəyəndim (1) Bəyənmədim (0)

Uşaq idim, babamgilə gedəndə divarda üçrəngli, kənarları qızılı pullarla işlənmiş parça gördüm. Rəngləri o qədər gözəl idi ki... Çox xoşuma gəldi. Evin ən gözəl yerində asılmışdı. Nə olduğunu soruşanda bunun bizim bayrağımız olduğunu dedilər. İlk dəfə bayrağımızı onda gördüm. Bilirsiniz, həmin bayraq bizim üçün çox dəyərli, müqəddəs və toxunulmaz idi.

Bu sözləri Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş Naziri, Daxili İşlər, Hərbiyə, Ədliyyə və Xarici İşlər naziri olmuş Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Leyla xan Xoyski-Keykurun bildirib.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fətəli xan Xoyski Adil xan Ziyadxanı fars dilini mükəmməl bildiyi üçün İrana səfir təyin etmişdi. Bu haqda danışan müsahibimiz deyir: “Adil xan Ziyadxan digər hökumət üzvləri ilə birlikdə dizayn edib hazırladıqları ilk beş üçrəngli Azərbaycan bayrağından birini özü ilə İrana aparmışdı. Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra isə həmin bayraq evimizə gətirildi. Təəssüf ki, evdən köçəndə həmin bayraq müəmmalı şəkildə yox oldu. Ya itdi, ya da oğurlandı. Sonralar ailəmizin üzvləri yağlı boya ilə bayrağımızın şəklini çəkdirdilər. O rəsm evimizin ən əziz əşyası idi. Biz bayraq eşqi, bayraq sevgisi ilə böyümüşük. İndi Azərbaycanın üçrəngli bayrağı hər yerdə dalğalanır. Bax, mənim üçün ən böyük qürur, xoşbəxtlik budur”.

Xatirələrini bizimlə bölüşən Leyla xanım deyir: “Cümhuriyyət 1920-ci ildə süquta uğradıqdan sonra bizim ailəmiz də Türkiyəyə köçmək məcburiyyətində qaldı. Ailəmiz 70 il vətən həsrəti çəkdi, Azərbaycana qayıdacaqları günü gözlədi. Onlar Türkiyəyə gəldikləri il geri dönəcəklərini düşünərək hətta qış üçün odun tədarük etməmişdilər. Babam, Fətəli xan Xoyskinin böyük qardaşı general Hüseynqulu xan Xoyski Azərbaycan Xalq Cümhuriyyətinin ordu zabiti, Gəncə alayında briqada komandiri, Gəncə üsyanının başçısı olmuş Cahangir bəy Kazımbəyli ilə birlikdə atla sərhədi keçərək Türkiyəyə gəlmişdi. Anamın ailəsi isə 1933-1935-ci illərdə Gürcüstandan dəniz yolu ilə gələrək Türkiyədə yerləşmişdi. Şirinbəyim nənəm (Hüseynqulu xan Xoyskinin həyat yoldaşı) Gəncədən qaçmaqda onlara qulluqçularının kömək etdiyini deyirdi. Qaçarkən nənəm yanında qızıl-zinət əşyalarını götürmüşdü. Bu qızıllarla onlar 12 il Türkiyədə işləmədən yaşaya bilmişdilər”.

Hər gün evlərinin azərbaycanlı qonaqlarla dolu olduğunu xatırlayan Leyla xanım deyir: “Ana babam Adil xan Ziyadxan universitetdə rus dilindən dərs deyirdi. Ata babam Hüseynqulu xan isə çox vaxt evdə olurdu. O, daha çox siyasətlə məşğul olur, Azərbaycana qayıtmağın yollarını fikirləşirdi. Mən babamda olan Vətən sevgisini başqa heç kimdə görmədim. Bəzən saatlarla uşaq kimi ağlayırdı, vətəni görmədən öləcəyindən qorxurdu. Azərbaycandan heç bir xəbər ala bilmirdilər və bu onları çox incidirdi. Həmin illəri çox yaxşı xatırlayıram, onların çəkdiyi əzabları sözlə ifadə etmək çətindir.

Hər il mayın 28-də evimizdə bayram abu-havası yaşanırdı: Azərbaycan musiqiləri səsləndirilir, rəqsləri ifa edilirdi. Həmin gün buradakı bütün azərbaycanlılar bir yerə yığışırdılar. Onların arasında çox gözəl birlik var idi. 28 May - Respublika Günü müxtəlif məkanlarda qeyd edilirdi. Azərbaycanın yenidən müstəqilliyinə qovuşduğu günü yalnız anam görə bildi. 1994-cü ildə Azərbaycandan bir qrup jurnalist bizə gəlmişdi, anam sevincindən hönkür-hönkür ağlayırdı”.

1930-cu ildə anadan olan Leyla xan Xoyskinin uşaqlıq illəri II Dünya müharibəsinə təsadüf edib: “O illərin çox ağır olmasına baxmayaraq, biz çox gözəl təhsil aldıq. Mən riyaziyyat müəllimi, qardaşım İbrahim isə memar oldu. 30 yaşımda köklü ailələrdən olan Nağı Şeyxzamanlının oğlu Yavuz bəylə ailə həyatı qurdum. O, mənim uşaqlıq dostum idi. Nə mənim, nə də qardaşımın övladı olmadı. Lakin buna görə təəssüflənmirəm. Çünki ətrafımda hər zaman gözəl insanlar olub. Ona görə də heç vaxt özümü tənha hiss etməmişəm. Tələbələrim, məktəb yoldaşlarım indi də məni tək qoymurlar. Azərbaycandan gələn qonaqlarım da çoxdur”.

Leyla xanım deyir ki, onda təyyarə qorxusu var, indiyədək təyyarəyə minməyib. Bu səbəbdən də Azərbaycana gedə bilməyib: “Qardaşım getdi, Vətəndən torpaq gətirdi, ata-anamın qəbirlərinə səpdik. Azərbaycanı çox sevirəm, ora mənim bir parçamdır. Ancaq onların həsrəti başqa idi. Mənə Bakının, Gəncənin şəkillərini göstəriblər. Hündür binalar, işıqlı və təmiz küçələr, parklar... Bir sözlə, heyran qaldım. Mən azərbaycanlılara heyranam. Rəsmin, sənətin, musiqinin bu qədər gözəl olduğu ikinci ölkə yoxdur. Musiqini çox sevirəm, bu sevgi mənə anamdan keçib. Anamın royalı var idi, xalalarım da pianinoda gözəl ifa edirdilər. Əvvəllər pianinoda klassik musiqiləri çalardım, ancaq indi sadə və həzin musiqilər ifa edirəm. Azərbaycan xalq mahnılarını çox sevirəm. Azərbaycanlı olduğum üçün qürur duyuram”.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, bu ilin sentyabr ayında Cümhuriyyət liderlərinin Türkiyədə yaşayan varislərinə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalları verilib. Xan Xoyski və Şeyxzamanlı ailələri adından medal Leyla xanıma təqdim edilib. Göstərdiyi böyük diqqət və qayğı üçün Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirən Leyla xan Xoyski deyir: “Mən ailəm adına bu medala layiq görüldüyüm üçün çox qürurluyam. Tək arzum Azərbaycanın müstəqilliyinin daimi olmasıdır”.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)