Hikmət Hacıyev: Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfərini mahiyyət və məzmun etibarilə tarixi səfər adlandıra bilərik

Hikmət Hacıyev: Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfərini mahiyyət və məzmun etibarilə tarixi səfər adlandıra bilərik

24 Fevral 2020 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlətimizin başçısı İlham Əliyevin İtaliya Respublikasına dövlət səfərinin yekunları ilə bağlı AZƏRTAC-a müsahibəsini oxucularına təqdim edir.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına dövlət səfərini ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından necə xarakterizə edərdiniz?

- İtaliya Azərbaycanın dövlət müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb və ölkələrimiz arasında həmin il mayın 2-də diplomatik münasibətlər qurulub. Həmin vaxtdan etibarən əlaqələrimiz davamlı olaraq yüksələn xətlə inkişaf edir. Cənab Prezidentin İtaliyaya ilk dövlət səfərinin status, imzalanmış sənədlərin kəmiyyəti və keyfiyyəti, ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması və iqtisadi-ticari, hərbi-texniki, mədəni əlaqələr baxımdan müstəsna əhəmiyyəti var. Bu, Azərbaycan dövləti başçısının İtaliyaya ilk dövlət səfəridir. Əvvəlki illərdə cənab Prezident üçü rəsmi, ikisi isə işgüzar olmaqla beş dəfə İtaliyada səfərdə olub. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella da 2018-ci ilin iyulunda Azərbaycana ilk rəsmi səfərini edib. Dövlət səfəri status baxımından səviyyəsinə görə ən yüksək səfər hesab olunur və il ərzində bir ölkəyə məhdud sayda dövlət səfəri edilir. Dövlət səfəri zamanı müzakirə edilən məsələlərin əhatəsi daha geniş, mahiyyəti daha dərin olur. Eyni zamanda, bu səfər 2020-ci ildə İtaliyaya xarici dövlət başçıları tərəfindən edilən ilk dövlət səfəridir ki, bu da ölkəmizə və onun Prezidentinə göstərilən xüsusi hörmətdən irəli gəlir. Səfər zamanı Azərbaycanın dövlət başçısına və birinci xanımına misli görünməmiş ehtiram və xüsusi diqqət göstərildi. Bunu istər dövlət başçımızın səfərinin təşkilati-protokol aspektlərinin hər bir incəliyinə qədər düşünülmüş olması, istərsə də səfərin proqramının zəngin olmasında müşahidə etmək olar. Səfər çərçivəsində Prezident İlham Əliyevin italiyalı həmkarı Sercio Mattarella ilə təkbətək və geniş tərkibdə görüşü, habelə Nazirlər Şurasının Sədri (Baş Nazir) Cüzeppe Konte, İtaliya parlamenti Senatının və Deputatlar Palatasının sədrləri ilə görüşləri keçirilib.

Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri Azərbaycan və İtaliya arasında əlaqələrin yeni keyfiyyət müstəvisinə qədəm qoymasını təmin etdi. Belə ki, hazırda Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Yüksək səviyyədə olan siyasi əlaqələrimiz vardır. Təcrübə göstərir ki, ölkələr arasında siyasi əlaqələrin mükəmməlliyi digər vacib istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, mədəniyyət və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün hərtərəfli zəmin yaradıb.

İkitərəfli formatda strateji tərəfdaşlıq əlaqələri ilə yanaşı, ölkələrimiz çoxtərəfli müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirlər. Xüsusilə, İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verən çox vacib ölkədir. İtaliya dünyanın 7-ci iqtisadiyyatı olaraq "Böyük Yeddiliyin", Avropa İttifaqı və NATO kimi təşkilatların üzvüdür, beynəlxalq münasibətlərdə öz çəkisi və rolu olan ölkədir.

Görüşlərdə İtaliya tərəfindən Azərbaycanın çox vacib regionda yerləşməsi, çətin bir regionda yerləşməsinə baxmayaraq, çox uğurlu siyasət aparması və qonşu ölkələrlə sıx münasibətlər qurması, habelə ölkəmizin dünyəvilik ənənələri vacib amillər kimi qeyd olundu.

Səfər çərçivəsində digər tədbirlər sırasında İtaliya Prezidentinin Sarayında Prezident İlham Əliyevin şərəfinə verilmiş dövlət ziyafətini, dövlət başçıları və nümayəndə heyətləri üçün “2020-ci il - İtaliyada Azərbaycan Mədəniyyət İli”nin açılışı münasibətilə konsert proqramını, İtaliyanın dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi naharı, Azərbaycan-İtaliya biznes forumunu, Roma şəhər Meriyasına ziyarəti qeyd etmək olar.

Ona görə də bu səfəri mahiyyət və məzmun etibarilə tarixi səfər adlandıra bilərik.

- Səfər çoxlu sayda ikitərəfli sənədlərin imzalanması ilə səciyyələndi. Bu sənədlərin mahiyyəti nədir və onların ölkələrimiz arasında strateji əməkdaşlığın güclənməsi baxımından əhəmiyyətini necə qiymətləndirmək olar?

-Səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalandı. Bu sənədlər siyasi, müdafiə, iqtisadi-ticari, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəniyyət, elm, turizm, idman, qida təhlükəsizliyi, paytaxtlar səviyyəsində əməkdaşlıq sahələrini əhatə edir. Onlardan 17-si Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Kontenin iştirakı ilə imzalandı və mübadilə olundu. Digər sənədlər biznes forum çərçivəsində imzalandı.

İmzalanmış sənədlər sırasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır. Sənədin bilavasitə Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Konte tərəfindən imzalanması bu sənədin siyasi yükünü göstərir.

Bu, Azərbaycanın digər ölkələrlə, o cümlədən “Böyük Yeddiliyin” və Avropa İttifaqının üzvü olan ölkə ilə imzaladığı ilk sənəddir. Bu sənədlə ölkələrimiz arasında münasibətlər yeni, daha yüksək səviyyəyə qədəm qoyur. Belə ki, tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul etməklə yanaşı, bu strateji tərəfdaşlığın bütün istiqamətlərdə daha da gücləndirilməsi istəyini ortaya qoyurlar.

Birgə Bəyannamədə Azərbaycan üçün olduqca vacib məqamlar yer alır. Sənədin preambula hissəsində ikitərəfli münasibətlərin əsaslandığı prinsiplər sadalanır ki, bunlar arasında tərəflərin bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verməsi xüsusilə qeyd olunmalıdır. Tərəflər beynəlxalq münasibətlərdə təcavüz aktının qəbuledilməzliyini vurğulayırlar.

Birgə Bəyannamədə ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflərin birmənalı mövqeyi də əks olunur. Sənədin siyasi hissəsində münaqişənin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı, BMT və ATƏT-in müvafiq sənəd və qərarları əsasında nizamlanmasına dair olduqca əhəmiyyətli maddə yer alır.

İtaliya hər zaman münaqişənin həlli prosesində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib və onun səyləri hər zaman Azərbaycan tərəfindən yüksək qiymətləndirilib. İtaliya ATƏT-in Minsk qrupunun üzvlərindən biridir və Minsk prosesi çərçivəsində çox fəal olub. Vaxtilə ATƏM-in Minsk Konfransının və sonradan ATƏT-in Minsk qrupunun ilk sədri də məhz italiyalı diplomat Mario Rafaelli olub. Məhz 1993-cü ildə italyan diplomat Mario Rafaellinin Ağdam şəhərinin işğalından sonra BMT Baş katibinə hazırladığı hesabat əsasında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi qəbul olunub.

Sənəddə, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri, Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində onların rolu və ölkəmiz üçün digər vacib məqamlar da yer alır. Cənab Prezidentin vurğuladığı kimi, Birgə Bəyannamədə əks olunan istər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, istərsə də digər məsələləri əhatə edən müddəalar Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi üçün möhkəm əsas təşkil edə bilər.

Nəticə etibarilə, Azərbaycan və İtaliya siyasi, iqtisadi, ticarət, enerji, mədəni-humanitar və digər sahələrdə strateji tərəfdaşlığı hərtərəfli şəkildə inkişaf etdirmək barədə iradələrini ifadə edirlər və bu prosesin irəli aparılması üçün iki ölkə arasında davamlı xarakter daşıyan Strateji Dialoq mexanizmi yaradılır.

- İqtisadi-ticari və digər sahələrdə əməkdaşlıq Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın genişlənməsinə nə kimi töhfə verir?

-Azərbaycanın İtaliya ilə strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsi siyasi sahə ilə yanası, digər sahələrdə də intensiv və məzmunlu əməkdaşlıq əlaqələri ilə səciyyələnir. İlk növbədə, ölkələrimiz arasında iqtisadi-ticari sahədə işbirliyi xüsusi əhəmiyyətə malikdir. İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. Təkcə 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 6 milyard ABŞ dolları təşkil edib. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür.

Enerji sahəsində əməkdaşlığın olduqca yüksək səviyyəsi xüsusilə qeyd olunmalıdır. Uzun illər Azərbaycan İtaliya istehlakçılarını xam neftlə təchiz edir. Keçən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub. İtaliyada istehlak olunan neftin 17 faizi ölkəmizin payına düşür. Bu il Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsi üzrə işlərin tamamlanmasından sonra bu rəqəm daha da artacaq. Bu layihənin reallaşdırılması Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməklə yanaşı, ölkələrimizin mənafeyi və xalqlarımızın rifahına mütləq şəkildə xidmət edəcək.

İtaliya dünyanın 7-ci iqtisadiyyatıdır və “Böyük Yeddilik” ölkəsidir. Qabaqcıl texnoloji yeniliklərə və nou-haulara malik italyan şirkətləri Azərbaycanın neft-qaz və qeyri-neft sektorunda ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan 300-dən artıq müxtəlif layihələrdə iştirak edirlər. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox İtaliya şirkəti qeydiyyata alınıb.

Təsadüfi deyil ki, dövlət səfəri çərçivəsində Prezident İlham Əliyevin dünyanın ən aparıcı italyan şirkətlərinin rəhbərləri ilə görüşü oldu. Habelə cənab Prezidentin iştirakı ilə hər iki tərəfdən sənaye, o cümlədən tekstil və qida sənayesi, energetika, kənd təsərrüfatı, logistika, İKT, səhiyyə, turizm, konsaltinq, tikinti sahələrini təmsil edən 100-ə yaxın şirkətin qatıldığı Azərbaycan-İtaliya biznes forumu keçirildi. Əvvəlki biznes forum 2018-ci ilin iyul ayında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda baş tutmuşdur. İki ölkənin iş adamları arasında dövlət başçılarının iştirakı ilə belə görüşlərin keçirilməsi ənənəvi hal almaqla yanaşı, ikitərəfli iqtisadi-ticari əlaqələrin inkişafına dövlət səviyyəsində verilən yüksək diqqətin göstəricisidir.

Azərbaycan və İtaliya hərbi-texniki sahədə də əməkdaşlıq barəsində razılıq əldə ediblər. Bu sahədə əməkdaşlıq ölkələrimiz arasında qarşılıqlı etimadın yüksək səviyyəsinin və Azərbaycanın hərbi-texniki sahədə əməkdaşlığının coğrafiyasının genişliyinin təzahürüdür.

Digər ikitərəfli əməkdaşlıq sahələrindən bəhs edərkən mədəni-humanitar sahədə son illər həyata keçirilən uğurlu təşəbbüsləri xüsusilə qeyd etmək lazımdır. Bu xüsusda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun rolu qeyd olunmalıdır. Heydər Əliyev Fondu tərəfindən İtaliyada müxtəlif layihələr reallaşdırılır. Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən fəal dəstək göstərilir. Mütəmadi əsasda İtaliyada keçirilən Azərbaycan kino və mətbəx festivalları ölkəmizin mədəniyyətinin təbliğinə xidmət edir. İtaliya dövlətinin başçısı tərəfindən 2020-ci ilin İtaliyada Azərbaycan Mədəniyyət İli elan olunması ölkəmizin mədəniyyətinin İtaliyada və Avropada daha geniş kütlələrə çatdırılmasına, xalqlararası təmasların daha da güclənməsinə və Azərbaycan-İtaliya əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək.

Bildiyiniz kimi, 2012-ci ildə Romanın görkəmli “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı olub. İtaliyaya səfəri zamanı cənab Prezident və birinci xanım bu abidəni ziyarət etdilər və abidənin önünə gül dəstələri qoydular.

Növbəti mühüm layihə kimi, Romanın mərkəzi hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin açılması nəzərdə tutulur. Belə mərkəzlər hazırda Paris, Berlin və Vyanada fəaliyyət göstərir. Səfər zamanı cənab Prezident və birinci xanım Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış oldular.

Humanitar sahəyə gəldikdə, son illərdə iki ölkənin elmi-akademik dairələri, ali təhsil müəssisələri arasında əməkdaşlıq daha intensiv xarakter alıb. Hazırda Azərbaycan Dillər Universitetində italyan dilinin tərcüməsi ixtisası tədris olunur və italyan dili mərkəzi fəaliyyət göstərir. İtaliyanın iki aparıcı universitetində - Roma Sapienza Universiteti və Venesiya Ka Foskari Universitetində azərbaycanşünaslıq fəaliyyəti çərçivəsində tədqiqatlar, tədris kursları həyata keçirilir. Son illərdə İtaliyanın ali təhsil müəssisələrində azərbaycanlı tələbələrin sayı artaraq 1500 nəfərə çatıb.

Azərbaycan Respublikası Prezidentinin İtaliyaya ilk dövlət səfəri, habelə səfər çərçivəsində imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə və digər istiqamətlər üzrə ikitərəfli sənədlər ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin yeni sahələr üzrə səmərəli şəkildə inkişafını təmin edəcək.

Oxuməni.az