Bakıda pilləli iş saatına keçid nəyi dəyişəcək?

Bakıda pilləli iş saatına keçid nəyi dəyişəcək?

16 İyun 2020 15:00
Bəyəndim (4) Bəyənmədim (0)

Ölkədə pandemiya dövründə insanlar arasında sosial izolyasiya tədbirləri ilə bağlı bir çox tədbirlər görülüb və bu proses davam etməkdədir. Bu prosesdə insanlar arasında sosial məsafənin saxlanması və özünütəcrid əsas gündəmdə olan məsələdir. Sosial məsafənin gözlənilməsi isə əsasən ictimai nəqliyyatda problemə çevrilib.

Oxuməni.az Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayevin Trend-ə verdiyi müsahibəni oxucularına təqdim edir.

- Bakı Nəqliyyat Agentliyi bir neçə il əvvəl iş saatlarının dəyişdirilməsi ilə bağlı irəli sürdüyü təklif mövcud pandemiya şəraitində yenidən gündəmə gəlib. O zaman bildirilmişdi ki, təklif reallaşarsa yollarda yaşanan tıxac probleminin 20%-ni həll etmək mümkün olacaq. Bir neçə gün bundan əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən də belə bir təklif irəli sürülüb. Buna münasibətiniz?

- Qeyd etdiyiniz kimi Bakı Nəqliyyat Agentliyi iş saatlarının dəyişdirilməsi ilə bağlı hələ 2016-cı ildə təkliflə çıxış edib. Məqsədimiz təkcə hər hansı bir böyük miqyaslı tədbirlər zamanı və ya pandemiya şəraitində deyil, daimi olaraq pilləli iş rejimin tətbiq olunmasıdır. Mütəxəssislərimiz tərəfindən təhlillər aparılıb və bunun əsaslandırılması hazırlanıb.

Bildiyiniz kimi dövlət və özəl müəssisələrdə iş vaxtının eyni saatda başlaması və bitməsi yollarada nəqliyyat sıxlığının, ictimai nəqliyyatda isə insan izdihamının yaranmasına səbəb olur. Pilləli iş rejimi tətbiqi Bakı şəhərində nəqliyyat vasitələrinin, eyni zamanda ictimai nəqliyyatda sərnişin sıxlığına və şəhərin sosial-ekoloji durumuna müsbət təsir göstərə bilər.

Hazırda koronavirus xəstəliyinin (COVİD-19) yayıldığını nəzərə alaraq, ictimai nəqliyyatda sərnişinlər arasında məsafələrin gözlənilməsinin zəruriliyi bu məsələni daha da aktual edir. Bu səbəbdən müvafiq qurumlar da bu təkliflə çıxış ediblər.

- İş saatlarının pilləli təşkil edilməsinin üstünlükləri nə olacaq?

- Xatırlayırsınızsa, 2015-ci ildə I Avropa oyunları zamanı iş vaxtlarının dəyişdirilməsi təcrübəsi uğurla tətbiq edilmiş və müsbət nəticə əldə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” 30 iyun 2015-ci il tarixli 1 nömrəli protokolunun icrası ilə əlaqədar dövlət müəssisələrində işin başlama vaxtı 08:00-09:30 radələrinə dəyişdirilmişdi.

Pilləli iş saatının bir çox üstünlükləri var. Bura aiddir pik saatlarda nəqliyyat sıxlığının azalması, sərnişinlərin səyahət vaxtının yaxşılaşması, ictimai nəqliyyatda sərnişin sıxlığının azalması, işçilərin iş yerlərinə toplu şəkildə daxil olmaması və çıxmaması, nəticədə təmasların azalması, xidmət sahələrində növbələrin azalması;

Müəssisənin ümumi iş vaxtının artması, işçilərin iş və işdənkənar vaxtlarının daha səmərəli planlaşdırılması.

Qeyd edim ki, iş saatlarının pilləli şəkildə təşkil edilməsi təcrübəsi dünyanın bir çox inkişaf etmiş ölkələrində sınaqdan keçirilib. Həmçinin, Beynəlxalq Əmək Təşkilatının iş saatlarının təşkili ilə bağlı tövsiyələrində pilləli iş saatlarının tətbiqi nəqliyyat sıxlıqlarının azaldılması və ictimai nəqliyyatın idarəedilməsi tədbirlərindən biri kimi qeyd olunur. Təcrübə göstərir ki, Avropa ərazisində əksər böyük işəgötürən şirkətlər işçilərinə öz iş saatlarını müəyyənləşdirməyə icazə verir. Bu da günün pik saatlarında nəqliyyat sıxlığının azalmasına təsir edir.

- Bu təklif qəbul olunacağı təqdirdə işin başlama və bitmə saatları necə təşkil olunmalıdır?

-Bakı şəhərində fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin (növbəli iş vaxtı rejimi əsasında işləyənlər istisna olmaqla) əmək funksiyaları nəzərə alınmaqla, eyni zamanda iş fəaliyyəti və ümumi iş prosesi imkan verdiyi halda, müəssisə üzrə əməkdaşların iş vaxtı rejiminin aşağıda göstərildiyi kimi pilləli şəkildə təşkil olunması təklif edilir.

1. Saat 8:00-dan saat 17:00-dək;

2. Saat 8:30-dan saat 17:30-dək;

3. Saat 9:00-dan saat 18:00-dək;

4. Saat 9:30-dan saat 18:30-dək;

5. Saat 10:00-dan saat 19:00-dək.

- Pilləli iş saatının tətbiqi marşrut xətlərinin normal fəaliyyətinin təşkili baxımından yetərli olacaqmı?

- Pilləli iş saatının tətbiqinin vacibliyini az öncə qeyd etdim. Amma bu işin bir tərəfidir. Əgər biz bu gün avtobuslarda sıxlıqların aradan qaldırılmasından, avtobuslararası intervalın azaldılmasından bir sözlə marşrut xətlərinin istədiyimiz kimi fəaliyyətinin təşkilindən danışırıqsa, burda kompleks yanaşma olmalıdır. Təkcə iş saatlarının dəyişdirilməsi ilə istədiyimiz nəticəni əldə edə bilmərik. Bu işin bir tərəfidir. Biz eyni zamanda yollarda xüsusi avtobus zolaqlarının təşkilinə nail olmalıyıq. Doğrudur ötən müddət ərzində iki küçədə və bir prospektdə bu cür zolaqlar təşkil edilib. Amma nəzarət tədbirlərinin yetərli olmaması səbəbindən istənilən nəticə əldə olunmayıb. Həmçinin, bu zolaqlar bir iki küçə ilə məhdudlaşmamalı, böyük bir şəbəkə halında olmalıdır.

- Bir çoxları avtobus zolaqlarının olmasının digər nəqliyyat vasitələrinin hərəkətinə çətinlik yaradacağını iddia edir. Sizcə bu zolaqların təşkili nə verəcəkdir?

-Avtobus zolaqlarının təşkili insanların ictimai nəqliyyata marağının artmasına xidmət edir. Bu gün bir çox xarici ölkə şəhərlərində bu təcrübə uğurla tətbiq edilməkdədir. İnsanların ictimai nəqliyyata marağının artması öz növbəsində daha az sayda avtomobilin yola çıxmasına səbəb olacaq. Ümumilikdə avtobus zolaqlarının təşklinin həm şəhər nəqliyyatına, həm şəhərin iqtisadiyyatına, həm də şəhərin sosial-ekoloji vəziyyətinə çox mühüm təsirləri olacaq.

Nəqliyyat təsirləri:

Avtobusların orta hərəkət sürətini, intervalı yaxşılaşdıracaq;

Sərnişinlərin orta səyahət sürətini artıracaq ki, bu da mobilliyin inkişafına təkan verəcək;

İctimai nəqliyyatdan istifadəni və şəxsi nəqliyyat vasitələrindən imtinanı stimullaşdıracaq;

Yolun buraxıcılıq qabiliyyətinin (adam sayı olaraq) artmasına imkan verəcək;

İctimai nəqliyyat infrastrukturunun inkişafını şərtləndirəcək;

Sərnişindaşıma xidmətlərinin keyfiyyətini və etibarlılığını artıracaq.

İqtisadi təsirləri:

Şəxsi minik avtomobilindən istifadənin azalması ilə avtomobil, yol və parkinq xərcləri azalacaq;

Sərnişin daşıma xidməti göstərən şəxslərin əməliyyat xərcləri azalacaq;

Səyahət sayının artması və gedişlərin daha sərfəli olması gəlirliliyi artıracaq;

Daha az stress faydalı iş əmsalının artmasına təsir göstərəcək;

Operativ nəqliyyat vasitələri üçün üstün hərəkəti təmin edəcək.

Sosial-ekoloji təsirləri:

Gün ərzində 600 minə yaxın sərnişinə xidmət göstəriləcək;

İctimai resursların (yolların) bərabər bölünməsi səyahət edənlər arasında sosial bərabərliliyi təmin edəcək;

Piyada və ya velosipedlərlə yürüşlərin artmasına təkan verəcəkdir;

Atmosferə atılan tullantılar azalacaq.

Mütəxəssislərimiz tərəfindən əlavə olaraq 21 küçə və prospektdə xüsusi avtobus zolaqlarının təşkili ilə bağlı təkliflər hazırlanıb. Eyni zamanda nəzərdə tutulan avtobus zolaqları Bakı şəhərinin Baş planına inteqrasiya olunub.

Oxuməni.az