"Fransa Minsk Qrupunun həmsədr ölkələrindən biri olmaq haqqını tamamilə məhv etdi"

"Fransa Minsk Qrupunun həmsədr ölkələrindən biri olmaq haqqını tamamilə məhv etdi"

5 Dekabr 2020 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayzanın Teleqraf.com-a müsahibəsini oxucularına təqdim edir :

- Donald Tramp öz dövründə Cənubi Qafqazdakı münaqişələrlə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə maraqlanmırdı. Sizcə, ABŞ-ın yeni prezidenti Co Baydenin yanaşması necə bilər?

- Prezident Donald Trampın Cənubi Qafqazla maraqlanmadığı həqiqətdir. Onun İran və Venesuelaya maksimum təzyiq göstərməkdən başqa dünyanın heç bir bölgəsi ilə bağlı strategiyası yox idi. Düşünürəm ki, Prezident Baydenin Cənubi Qafqaza yanaşması ənənəvi olacaq. Bəlkə də Prezident Obamadan daha aktiv ola bilər. Çünki Obamanın "sıfırlama" siyasəti fonunda mənim Minsk Qrupunda həmsədrlik dövrüm və ya Prezident Corc Buşun dönəmində Dövlət Departamenti rəsmisi olduğum vaxtla müqayisədə ABŞ-ın daha az təsir imkanı vardı.

Fikrimcə, Prezident Bayden NATO-nun ABŞ-ın milli təhlükəsizliyinin mərkəzi olması və Rusiyanı Cənubi Qafqazda həll edilməli olan bir problem kimi görməsi ilə yanaşı dünya haqda daha çox Corc Buş kimi fikirləşir.

2014-cü ildə Ukraniya ərazilərinin ilhaqı zamanı Rusiyanı macəraçılıqdan çəkindirmək üçün ilk strategiya sanksiyalarını tərtib edən şəxs Co Bayden idi. Demək istədiyim odur ki, Co Baydenin planlı və strategiya yönümlü məntiqi olduğunu bilirəm və Cənubi Qafqazın strateji önəmini anladığına inanıram. Qarabağda müharibə təzəlikcə başa çatıb, eyni zamanda Bayden seçkilərdə qələbə qazanıb, Qarabağın Prezident Bayden və dövlət katibinin diqqətində olduğunu düşünürəm.

- ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olmusunuz və orada gedən proseslərdən xəbərdarsınız. Həmsədrlər bitərəf mövqe saxlamalı olduğu halda, Fransa Ermənistana siyasi dəstək verdi. Sizcə bunun səbəbi nə idi?

- Fransa Minsk Qrupunun həmsədr ölkələrindən biri olmaq haqqını tamamilə məhv etdi. Bunun səbəbi isə yetərincə aydındır: erməni diasporu Fransada olduqca aktiv, qabarıq və güclüdür. İkinci bir səbəb də budur ki, Emmanuel Makron ötən il ərzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla siyasi mübarizəyə girişdi.

Türkiyənin Azərbaycana keyfiyyətcə yeni səviyyədə hərbi dəstək verməsi, Liviya və Suriyadaki münaqişələrdə hərbi iştirakı Makrona görə aqressiv və regional sabitliyi pozan bir hərəkət idi. Bu, tamamilə səhv və axmaq bir perspektiv olsa da, vəziyyət belədir.

- Üçtərəfli anlaşmadan sonra bölgədə yeni reallıqlar formalaşdı. Maraqlıdır, Türkiyə bu reallığın harasında qərar tutub?

- Üçtərəfli anlaşmadan sonra Türkiyə Cənubi Qafqazda görünməmiş diplomatik və hərbi rol oynayacaq. Aydındır ki, Türkiyənin sülh prosesində iştirakı Rusiya ilə gərgin müzakirələrdən sonra qazandı. Türkiyənin iştirakının hansı səviyyədə olması, Rusiya sülhməramlıları ilə birlikdə ortaq monitorinq mərkəzindəki heyətindən başqa qoşunların olub-olmayacağı qeyri-müəyyəndir.

Türkiyədə eşitdiyimə görə, Azərbaycan ərazilərində əlavə türk hərbi qüvvələri olacaq və bu, həqiqətən geosiyasi reallığı dəyişir. NATO-nun ikinci böyük ordusu Azərbaycan ərazisində iştirak edir və Rusiya buna qarşı çıxmır. Bu, əvvəllər heç vaxt baş verməmişdi. Türk dəstələri sonuncu dəfə razılaşma ilə Cənubi Qafqazda 1796-cı ildə yerləşmişdi.

Ermənistan üzərindən Azərbaycana çəkiləcək Naxçıvan dəhlizi ilə Türkiyə özünün və Azərbaycanın idarəsində olan ərazidə quru tranzit yolunu əldə etdi və bu, Türkiyə və NATO üçün böyük geosiyasi qazancdır.

- Artıq daşlar yerinə oturmağa başlayıb. Razılaşma imzalandı və tərəflər öhdəlik götürdü. Sizcə, bundan sonrakı prosesdə Azərbaycan və Ermənistan arasında barışa nail olmaq mümkün olacaqmı?

- Defakto olaraq üçtərəfli sülh razılaşması mövcuddur və bu anlaşma qüvvədə qalacaq. Yeni döyüşlərin baş verəcəyini düşünmürəm, çünki Ermənistanın Dağlıq Qarabağı əhatə edən 7 rayondan geri çəkilməsi və Azərbaycanın Şuşanı işğaldan azad etməsindən sonra edəcəyi bir şey yoxdur.

Qarabağda Ermənistandan ancaq Xankəndi, Xocalı və Xocavənd kimi ərazilərdə mülki şəxslər qalıb. Ermənistanın Azərbaycanla heç bir müharibə etmək qabiliyyəti qalmayıb. Ermənistan ordusu məhv edilib və beləliklə, razılaşma öz qüvvəsində qalacaq.

- Bu fonda bölgənin gələcək geosiyası durumu necə ola bilər?

- Gələcək geosiyasi vəziyyət çox əhatəli olacaq və biz bunu görəcəyik. Rusiya və Türkiyənin Azərbaycanda görünməmiş bir rol oynadığını bilirik. Ermənistan uzun müddət zəif olacaq. Ermənistan "Real məqsədlərimiz nədir?", "Nəyi səhv etdik?", "Cəmiyyətimiz səhv yoldadırmı?" kimi suallara cavab axtarışına davam edəcək.

Kənarda qalmış bu dövlət Azərbaycana heç bir təhdid təşkil etməyəcək. Rusiya sülhməramlılarının rəftarı diqqətdə saxlanılmalıdır. Türkiyə tarazlıq yaratmaq üçün ərazidə olacaq. Bəs İran nə edəcək? İran Azrəbaycanın işğaldan azad edilmiş torpaqlarda bərpa və yenidənqurma işlərində öz mövcudluğunu arzulayır, ancaq Azərbaycanın İrandan hər hansı gözləntisinin olduğunu düşünmürəm.

- Bu kimi regional münaqişələrin həlli ATƏT, BMT kimi beynəlxalq təşkilatların mövqeyinə nə kimi təsir edə bilər?

- Bir şeyi əminliklə deyə bilərəm ki, ATƏT-in Minsk Qrupunun artıq hər hansı funksiyası qalmayıb. Bunun bir neçə səbəbi var.

Birincisi, Rusiya 10 noyabr razılaşmasını Fransa və ABŞ-ın iştirakı olmadan imzaladı. İkincisi, Minsk Qrupu öz missiyasının böyük bir hissəsini 2009-cu ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın o vaxtki prezidenti Serj Sərkisyanın razılaşdığı əsas prinsiplər konsepsiyasında yerinə yetirmişdi. Mahiyyətcə həmin konsepsiya bəzi dəyişiklərlə bu üçtərəfli razılaşmanın əsas çərçivəsi halına gəldi.

Xüsusilə Dağlıq Qarabağda status dəyişikliyi ilə bağlı heç bir açıq ehtimal yoxdur. Fikrimcə, gələcəkdə Dağlıq Qarabağın hüququ statusu ilə bağlı danışıqlar olacaq. Fransa xarici işlər nazirinin gələcəkdə danışıqların olacağına dair açıqlamasını görmüşəm və əgər bu danışıqlar həqiqətən baş tutacaqsa, Minsk Qrupunun bu danışıqlarda iştirak edəcəyini gözləmək olar.

Amma yenə də həmsədrlərin, eyni zamanda Fransanın Ermənistanı dəstəkləyən birtərəfli mövqeyindən sonra etibarını itirməsi ilə bu danışıqlara qatılacağını düşünmürəm.