Ali Baş Komandan İlham Əliyev tariximizə Qarabağın xilaskarı kimi daxil oldu

Ali Baş Komandan İlham Əliyev tariximizə Qarabağın xilaskarı kimi daxil oldu

25 Dekabr 2020 09:56
Bəyəndim (1) Bəyənmədim (0)

AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Xalq qəzeti”nə müsahibə verib.

Oxuməni.az müsahibəni oxucularına təqdim edir:

– Yaqub müəllim, tariximi­zin önəmli və parlaq dövrünü yaşayırıq. Uzun illərdir erməni işğalı altında qalan qədim torpaqlarımız 44 gün davam edən müharibə nəticəsində azad olundu. Düşmən üzərində böyük qələbə qazandıq. Tarixçi-alim, vətənpərvər ziyalı kimi bu günləri necə dəyərləndirirsiniz?

– Son 200 ildə ilk dəfədir ki, erməni işğalçıları Azərbaycan tor­paqlarından rüsvayçılıqla qovuldu! Prezident İlham Əliyevin Ali Baş Komandan olduğu Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi zamanı 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini və çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi. Şuşanın işğaldan azad olunması müharibədə həlledici rol oynadı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Şuşanın azad olunduğu gün Prezidentimiz tərəfindən tariximizə Zəfər günü kimi təsbit edildi. Azərbaycan, Rusiya liderlərinin və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata görə isə Kəlbəcər, Ağdam və Laçın rayonları qan tökülmədən azad edildi. Prezidentimizin Ali Baş Komandanlığı altında ordu­muz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək, Qaraba­ğımızı qısa zamanda azad etdi! Beləliklə, Vətən müharibəsi no­yabrın 10-da tarixi qələbə ilə başa çatdı. Bu qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi! Qərbi Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsinin türk dünyasını coğrafi baxımdan parçaladığını dərindən bilən Prezi­dentimiz Naxçıvanla ölkənin əsas hissəsini birləşdirən yolun tikintisinə dair razılaşmaya da nail oldu.

Erməni təcavüzkarlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması və 1 milyondan çox qaçqınımızın doğma torpaqla­rına qaytarılması Prezident İlham Əliyevin xarici siyasətində başlıca vəzifə idi. Ölkə başçısı öz müdrik, qətiyyətli və cəsarətli siyasəti ilə doğma xalqını bu sahədə də tarixi qələbəyə qovuşdurdu! Prezidenti­miz “Dağlıq Qarabağ problemi”ni çözdü! O, ermənilərin Dağlıq Qa­rabağın statusu ilə bağlı iddialarını gündəlikdən çıxararaq, onların “Artsax” layihəsini darmadağın etdi!

Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yara­dırdı. Aprel döyüşləri bu mifləri darmadağın etdi. 2016-cı il aprelin əvvəlində təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir za­man barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcək. 2020-ci il noyabrın 10-da dövlətimizin başçısının Ali Baş Ko­mandanlığı altında ordumuz tarixi qələbə qazandı. Mənfur düşmən isə torpaqlarımızdan qovuldu. Beləliklə, insan qanına susayan erməni vandalları layiq olduqları cəzanı aldılar!

– 30 ilə yaxın işğal dövründə Azərbaycan Qarabağla bağ­lı siyasətində bir addım belə geriləmədi. İstər ulu öndər Heydər Əliyevin dövründə, istərsə də Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində aparılan siyasət öz bəhrəsini verdi, tor­paqlarımız işğaldan azad olundu.

– Bu missiyanın əsası ulu öndər tərəfindən qoyulmuşdu. O, bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin mütləq öz torpaqlarına qayıdacağı­nı, erməni qəsbkarlığının uzun sürməyəcəyini dönə-dönə bildi­rirdi. Hər şeyin zamana ehtiyacı olduğunu vurğulayırdı. Aydın məsələdir ki, yaxın keçmişdə yurdumuzda daxili vəziyyət bugünkündən tamamilə fərqli idi. Sabitlik yaratmaq lazım idi. İşğalçı ermənilərin və onların havadarla­rının ölkəmizə qarşı təcavüzünə duruş gətirmək, Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək, vətəndaş müharibəsinin qarşısını almaq üçün, bir sözlə, yurdumuzu “olum ya ölüm!” çarpışmasından zəfərlə çıxarmaqdan ötrü, zərurət yaran­dıqda, qəti və sərt addımlar atmaq, keçid dövrünün qanunlarına uyğun siyasət yeritmək lazım idi. Ulu öndərimiz Heydər Əliyev məhz belə də etdi. Azərbaycan məhv olmaqdan xilas edildi. Xalqımız Qurtuluş savaşında qalib gəldi!

Şübhəsiz ki, bu gün ulu öndərin, şəhidlərimizin ruhları şad­dır! Prezident İlham Əliyev Şuşa azad olunanda Heydər Əliyevin məzarını ziyarət etdi, həm hesa­bat verdi, həm də borcunu yerinə yetirdi. Ardınca Şəhidlər xiyabanın­dan Prezidentimizin Azərbaycan xalqına müraciəti qələbənin lap yaxında olduğunu göstərdi. O, ulu öndərin vəsiyyətini yerinə yetirərək, Qarabağı bütünlüklə işğaldan azad etdi! Beləliklə, Prezidentimiz başda olmaqla Azərbaycan xalqı yeni tarix yazdı! Biz tarixçilər həmişə bir arzumuzu dəfələrlə bəyan etmi­şik: “Gün o gün olsun ki, sevimli Prezidentimiz Azərbaycan tarixinə Qarabağımızı azad edən xilaskar Prezident kimi daxil olsun!” Və o gün gəldi! Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinə Qara­bağı azad edən xilaskar Prezident kimi daxil oldu!

Qələbəyə gedən yol ulu öndər Heydər Əliyevin siyasi varisinə vəsiyyəti ilə başlandı. Ulu öndər 2003-cü ildə müalicə olunduğu Klivlend Klinikasından Azərbaycan xalqına müraciətində bu sözləri bildirirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim tale­yüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

– 44 günlük müharibə nəinki döyüş meydanında, həm də informasiya məkanında aparıldı. Dövlət başçısı döyüşlərə koman­danlıq etməkdən savayı, eyni zamanda dünyanın ən nüfuzlu telekanallarına, mətbuat orqanla­rına 30-dan çox müsahibə verdi. Bununla ermənilərin həm də informasiya manipulyasiyasına ciddi zərbə vuruldu.

– Prezident İlham Əliyev, hər şeydən əvvəl, çoxlarına nəsib olmayan nadir bir siyasi məktəbin – dahi Heydər Əliyev dövlət idarəçiliyi məktəbinin yetirməsidir. Bu məktəbdə o, dahi siyasətçidən məğlubedilməzlik dərsi almış, onun siyasət dünyasının bütün incəliklərinə yiyələnmiş, eyni zamanda, atasına qarşı baş vermiş haqsızlıqlar, təqiblər və xəyanətlərin də şahidi olmuşdur. Təkcə şahidi olmaqla qalmayıb çox gənc yaşlarından dahi rəhbərin üzləşdiyi haqsızlıqlara, xəyanətlərə qarşı mübarizəyə qalxmış, doğma xalqına xidmət etmək üçün atası ilə birlikdə çiyin-çiyinə addımlamış, onun ən yaxın silahdaşı olmuş, şərəfli mübarizə yolu keçmişdir. Bundan əlavə, Prezident İlham Əliyev ulu öndərin yolu ilə gedərək mükəmməl siyasi təhsil almışdır. Onların hər ikisi, həm ata, həm də oğul doğma Vətənin və dünyanın tarixini öyrənməyə xüsusi maraq göstərmiş, dərin və hərtərəfli tarixi biliklərə yiyələnmişlər: ata - Heydər Əliyev Bakı Dövlət Universiteti­nin tarix fakültəsini bitirmiş, oğul - İlham Əliyev isə dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almış, elmi tədqiqat işləri apar­mış, dissertasiya müdafiə etmiş­dir. Beləcə, Azərbaycan xalqına başçılıq edən və müasir dünyanın görkəmli dövlət xadimi olan Pre­zident İlham Əliyev dərin nəzəri biliklərə və Heydər Əliyevin dövlət idarəçiliyi praktikasına yiyələnmiş peşəkar siyasətçidir.

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz prinsipial mövqeyini hələ Avropa Şurasının Parlament Assamb­leyasındakı fəaliyyəti zamanı nümayiş etdirmişdir. Azərbaycanın bu məsələdə haqlı və ədalətli tərəf olduğunu, ölkəmizin təcavüzə məruz qaldığını, 20 faizdən çox torpaqlarımızın işğal olunduğunu, 1 milyondan artıq azərbaycanlının öz doğma yurd-yuvasından didərgin salındığını Avropa cəmiyyətinə, bütün dün­yaya çatdırmaqda İlham Əliyev misilsiz rol oynamışdır. Son 17 ildə Prezidentin birbaşa himayəsi ilə İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında və digər nüfuzlu beynəlxalq təşkilatlarda Qarabağın Azərbaycan torpa­ğı olduğu təsbit olunmuşdur. İkinci Qarabağ müharibəsi za­manı da biz dövlət başçısının Azərbaycanın haqlı mövqeyini sarsılmaz inamla, yüksək intellek­tual cavablarla necə dəqiq müdafiə etdiyinin və xarici auditoriyaya hansı təkzibedilməz arqumentlərlə çatdırdığının şahidi olduq. Hətta içlərində erməni lobbisinə xidmət edən bəzi jurnalistlərin təxribatçı suallarına, işğalçıları açıq şəkildə müdafiə edən və peşə etikasına sığmayan suallarına belə təmkinlə, arqumentlərlə ən yüksək səviyyədə cavablar verdiyini qürurla izlədik.

Bizim Prezidentimiz bütün dünyaya bəyan etdi ki, ermənilər Cənubi Qafqaza XIX əsrin əvvəllərindən başlayaraq köçürülüb gətirilmişlər. Bu gün Ermənistan adlanan dövlətin yerləşdiyi ərazi də tarixi Azərbaycan torpaqlarıdır, keçmiş İrəvan xanlığının ərazisidir, bizim ərazimizdir. Biz ermənilərə öz torpaqlarımızda ikinci erməni dövləti yaratmağa imkan vermədik! Ermənistan rəhbərliyinin “Qarabağ Ermənistandır” bəyanatı danışıq­lara ciddi zərbə vurdu və nəticədə müharibə başladı. Sərsəm bəyanatlar verən Nikol Paşinyan küçədən gələn bir adamdır və o, Soros tərəfindən idarə olunur.

– Məlumdur ki, ermənilər nəinki indiki Ermənistan ərazisində, hətta Qarabağda da toponimlərimizi dəyişdiriblər. Bundan əlavə, Azərbaycanın tarixi abidələrinin bir çoxu məhv edilib. Bu da soyqırımının bir növüdür. Təkcə bu fakt onla­rın zorla tutduqları torpaqları qaytarmaq niyyətindən tamamilə uzaq olduğunu sübut etmirdimi?

– Erməni təcavüzkarları keçmiş İrəvan xanlığının ərazisində, Zəngəzurda və başqa yerlərdə olduğu kimi, Qarabağ­da da Azərbaycan toponimlərini erməniləşdiriblər. Təsəvvür edin ki, indiyədək qondarma “Dağlıq Qarabağ Respublikası” parla­mentinin qərarları ilə 120-dən çox azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilib. Amma Prezi­dent İlham Əliyev 2020-ci ildə ilk dəfə olaraq ermənilərin 100 ildən çox davam edən vandalizm ssenarisini darmadağın etdi. Ölkə başçımız erməni faşizminə qarşı Vətən müharibəsinin - İkinci Qa­rabağ müharibəsinin gedişindəcə Azərbaycanın işğaldan azad edilən ərazilərinin tarixi adlarını bərpa etməyə başladı və o, Madagizi Su­qovuşan, Vəngi Çinarlı, Tsakurini isə Hünərli adlandırdı.

Ermənilərin qədim toponimlərimizi dəyişdirməsi onla­rın xəbis niyyətini və bu torpaqları uydurma “Böyük Ermənistan”ın tərkib hissəsi kimi gördüyünü təsdiqləyir. Azərbaycanlılara qarşı 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə çoxsaylı soyqırımları, kütləvi qırğınlar və deportasiyalar həyata keçirmiş erməni millətçiləri, eyni zaman­da, minlərlə tarixi abidələri, nadir maddi və mənəvi mədəniyyət əsərlərini, məscidləri, minarələri, qəbiristanlıqları yerlə-yeksan etmiş, tarixi adlara qarşı mənəvi soyqırımı törətmişlər. Erməni millətçilərinin indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus mənəvi sərvətlərə qarşı davamlı olaraq həyata keçirdikləri soyqırımı nəticəsində minlərlə tarixi ad dəyişdirilərək erməniləşdirilib.

Erməni vandalları keçmiş İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində Azərbaycan xalqına məxsus 300-dən çox məscidi, qəbiristanlıqları, çoxsaylı tarixi abidələri yerlə-yeksan ediblər. Hazırda erməni vandallarının törətdiyi vəhşilikləri işğaldan azad edilən Qarabağ torpağında da görürük. Orada məscidlərimiz və digər tarixi abidələrimiz məhv edilib, bəzi məscidlərimizdə isə donuz, inək saxlanılıb. Bu, təkcə Azərbaycan xalqına deyil, bütün İslam aləminə ən ağır təhqirdir.

– Bu müharibə həm də dövlətimizin xarici siyasətinin də qalib olduğunu göstərdi. Ermənistanın indiki iqtidarı bü­tün diaspor və lobbi resurslarını işə salaraq Azərbaycana qarşı təxribat aparmağa, dünyanı üzərimizə qaldırmağa cəhd etdi. Lakin bu sahədə də fiaskoyla üzləşdilər. Səbəbləri nədə görür­sünüz?

– Ötən illər ərzində Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət potensialı çox çətin sınaq­lardan çıxdı. Ölkəmizin başçısı dahi dövlət xadimi Heydər Əliyevin dərindən-dərinə ölçüb-biçərək uzun müddət üçün hazırladığı və heç bir alternativi olmayan xari­ci siyasət strategiyasını zərgər dəqiqliyi ilə həyata keçirdi. Ağır çətinliklərlə qarşılaşdı, lakin yolun­dan dönmədi və qələbə çaldı. Bəzi dövlətlər Heydər Əliyevdən sonra Azərbaycanı asılı vəziyyətə salmaq üçün yeni-yeni cəhdlər göstərsələr də, İlham Əliyevin qətiyyətli, prinsipial və cəsarətli gedişləri nəticəsində geri çəkilməyə məcbur oldular. Azərbaycanı tutdu­ğu yoldan döndərə bilmədilər. Müstəqil Azərbaycan Respubli­kası heç bir dövlətin forpostuna çevrilmədi. Azərbaycan qonşu ölkələrlə balanslaşdırılmış xarici siyasət yürüdür. Azərbaycan-Türkiyə münasibətləri “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq uğurla inkişaf edir. Biz bunun bariz nümunəsini qardaş Türkiyənin Azərbaycana ən yüksək forma­da mənəvi-siyasi dəstəyində gördük. Bundan əlavə, Prezi­dentimiz Rusiya Federasiyası ilə də strateji tərəfdaşlığı yüksək səviyyəyə qaldırıb. Azərbaycan ilə Gürcüstan arasındakı qonşu­luq və dostluq münasibətləri ağır imtahanlardan çıxdı, indi yüksək səviyyədədir. İranla da, dostluq münasibətlərimiz davam etdirilir və inkişaf etməkdədir. Dövlət başçımı­zın uğurlu xarici siyasəti sayəsində Azərbaycana Vətən müharibəsində Türkiyə, Pakistan, Əfqanıstan və başqa ölkələr mənəvi dəstək göstərdilər. Qoşulmama Hərəkatına üzv dövlətlər bizə siyasi dəstəklərini verdilər. Həm də bu bizim haqq işimiz idi. Ona görə də Paşinyan iqtidarının beynəlxalq ictimaiyyəti aldatmaq təşəbbüsləri iflasa uğradı. Məlumdur ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini iş­ğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollek­tiv şəkildə müdafiə etmək hüququ verilir. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanı­nan öz ərazisində keçirdi. BMT Təhlükəsizlik Şurası, BMT Baş As­sambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün pozulmasını və erməni faşizminin ölkəmizə qarşı təcavüz aktını təsdiqləyən qətnamələr qəbul ediblər. Avropa İttifaqı ilə bizim aramızda paraflan­mış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bu gün dünya Azərbaycanla əməkdaşlığa can atır. Dünya ölkələri, o cümlədən böyük dövlətlər Azərbaycana etibarlı, sabit və götürdüyü bü­tün öhdəliklərə sadiq tərəfdaş kimi böyük hörmətlə yanaşır. Bunun nəticəsidir ki, 2011-ci ildə Azərbaycan dünyanın 155 dövlətinin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-da­imi üzv seçildi. Bu, qısa zaman kəsiyində qazanılmış çox böyük nailiyyətdir. Əslində nailiyyət yox, sıçrayışdır. Bu sıçrayış ölkə başçı­sının çox böyük qələbəsidir!

Prezident İlham Əliyevin yorul­maz və məqsədyönlü fəaliyyəti ay­dın sübut edir ki, böyük öndərimiz Heydər Əliyev kimi, o da bu sahəni - xarici siyasəti daim diqqət mərkəzində saxlayır, Azərbaycanın beynəlxalq əlaqələrini məharətlə tənzimləyir, ölkəmizdə uğurlu - milli maraqlarımıza cavab verən xarici siyasət yeridilməsinə üstünlük verir. Başqa sözlə, yaşadığımız dünyada müstəqilliyimizin və milli mənafeyimizin qorunub saxlanıl­masında xarici siyasət aparıcı rol oynayır. Bu, artıq qeyd etdiyimiz kimi, Azərbaycanın bütün tarixi boyunca təkrar-təkrar sübut olun­muş, dəfələrlə sınaqlardan çıxmış tarixi həqiqətdir. İnkarolunmaz həqiqətdir! Əbəs yerə deyil ki, Pre­zident İlham Əliyev həmişə xüsusi olaraq vurğulayır: Azərbaycan öz milli maraqlarına uyğun və ma­raqlarının qorunmasına yönəlmiş xarici siyasət həyata keçirir. Bu cür praqmatizm Azərbaycanımıza hava-su kimi gərəkdir!

Azərbaycan xalqına başçı­lıq edən Prezident İlham Əliyev yaşadığımız sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində saxlayır, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə edir, yurdumuzu gözlənilməz və gözlənilən risklərdən uğurla qoru­yur. Ölkə başçımız müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri irəlicədən görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün qabaqcadan hazırlayır, öz Vətənini həyatın bütün sahələrində qələbədən-qələbəyə qovuşdurur. Dünya bu gün müasir inkişafın Azərbaycan modeli ilə maraqlanır. Bu modelin müəllifi dövlətimizin başçısı İlham Əliyevdir. Doğma xalqının parlaq gələcəyinə hesablanmış müdrik islahatlar həyata keçirən böyük dövlət xadimi İlham Əliyevin - Qurucu Prezidentin inkişafın bütün sahələrini əhatə edən zəfər yürüşü uğurla davam edir!

–Yaqub müəllim, AMEA Tarix İnstitutu milli məsələlərimiz, xüsusilə uydurma erməni iddia­larına qarşı kifayət qədər sanbal­lı işlər ortaya qoyub. Möhtəşəm qələbəmizin tarixləşdirilməsi ilə bağlı qarşıda hansı planlarınız var?

–Mən ulu öndər Heydər Əliyevin unudulmaz bir vəsiyyətini dönə-dönə yada salıram, o, dəfələrlə deyirdi ki, biz son 200 ilin tarixini yenidən öyrənməliyik. Ulu öndərimiz XIX-XX əsrləri, xüsusən Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonrakı tarixi nəzərdə tuturdu. Bu tarix Azərbaycanın ikiyə bölünməsi tarixi, xalqımızın məhv edilməsi siyasəti tarixi və soyqırımlar tarixidir. Prezident İlham Əliyev bu vəsiyyəti yerinə yetirərək, Tarix İnstitutunun elmi istiqamətini son 200 ilin tarixinin yenidən yazıl­masına, Azərbaycan tarix elminin saxtalaşdırmalardan və təhriflərdən təmizlənməsinə yönəltdi. 2004-cü ildə Tarix İnstitutunun rəhbərliyinə gələndə dövlət başçısı tərəfindən qarşımıza bir sıra ciddi vəzifələr qoyuldu. Tarix İnstitutunun bütün elmi potensialı bu vəzifələrin icra­sına yönəldildi. Əgər bu gün İrəvan məsələsi ilə bağlı konseptual baxı­şımız varsa, bu, Azərbaycan Prezi­dentinin xidmətidir. Eyni zamanda, qarşımıza qoyulan vəzifələr sıra­sında İrəvan, Qarabağ və Naxçı­vanın tarixinin yenidən yazılması, soyqırımları tarixi və erməni van­dalizminin araşdırılması da var idi. Bütün bunların hamısı Azərbaycan Prezidentinin millətimiz və ta­rix elmi qarşısında konseptual xidmətləridir. Sübut edildi ki, ermənilər Cənubi Qafqazın abori­gen etnosu deyil və Azərbaycana çar Rusiyası tərəfindən XIX əsrdə köçürülüb gətiriliblər. İnstitut­da ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, ilk “Azərbaycan tarixi atlası”, Qaraba­ğın, Naxçıvanın, İrəvan xanlığının, xalqımıza qarşı soyqırımlarının, itirilmiş torpaqlarımızın tarixinə dair onlarla qiymətli tədqiqatlar, sənədli filmlər işıq üzü görüb və bu tədqiqatlar müxtəlif dillərə tərcümə edilərək dünyanın apa­rıcı ölkələrində yayılıb. Bu elmi problemlər ətrafında yazılan silsilə əsərlərə görə Prezidentimiz bir sərəncamla Tarix İnstitutunun 13 nəfər alimini Azərbaycanın Dövlət Mükafatına layiq gördü. Dövlət başçısı Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törətmiş Stepan Şaumyanın başçılıq etdiyi soy­qırımı cəlladlarının cəsədlərinin qalıqlarını Bakının mərkəzindən şəhər qəbiristanlığına köçürtməklə şüurlarda inqilab etdi. Mən Prezi­dentin bu addımını Nikolay Koper­nikin kəşfinə bənzədirəm. Bunlar onu göstərir ki, Prezident İlham Əliyev tarix elminin zərgər dəqiqliyi ilə bilicisidir və ərsəyə gələn elmi araşdırmalar bilavasitə onun prinsipial mövqeyinin nəticəsidir. Qarşıda Tarix İnstitutunun görəcəyi çox mühüm işlər var. Azərbaycan dövlətinin, Azərbaycan xalqı­nın bu haqq savaşının, ədalətli müharibəsinin və möhtəşəm qalibiyyətinin əbədiləşdirilməsi istiqamətində olduqca mühüm planlarımız var. İnstitut “Erməni faşizminə qarşı Vətən müharibəsi: Qarabağın işğaldan azad edilməsi” adlı tarixi xronoloji salnamə, “Erməni faşizminə qarşı Vətən müharibəsi: Qarabağın işğaldan azad olunması”, “Azərbaycanın Qarabağ bölgəsindən çıxmış tarixi şəxsiyyətlər”, “Qarabulaq - Füzuli”, “Qarabağ Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən biridir”, “Çar Rusiyasının Azərbaycanın Qarabağ bölgəsində erməni dövləti yaratmaq siyasəti” adlı kitablar və “Erməni faşizminə qarşı Vətən müharibəsi: Qarabağın işğaldan azad edilməsi” adlı sənədli televizi­ya filmləri hazırlayacaq.

– Paytaxtımızda möhtəşəm şəkildə keçirilən Zəfər paradı, keçirdiyiniz hisslər və bu barədə düşüncələriniz oxucularımız üçün də maraqlı olar...

– Bu suala görə Sizə ayrıca təşəkkürümü bildirirəm. Müstəqillik dövründə Azadlıq meydanında keçirilmiş iki paradda həyatımın ən xoşbəxt günlərini yaşamı­şam. Bundan əvvəl – 2018-ci ildə tarixi paytaxtımız Bakının yağı düşmənlərimizdən azad olunması­nın 100 illiyinə həsr olunmuş parad yaddaşımda – könül dünyamda dərin iz buraxıb. O Parad zamanı Azadlıq meydanının tribunaların­dan birində idim. Qarşımızdan Qaf­qaz İslam Ordusu və Azərbaycan Milli Ordusunun əsgər və zabitləri başları üzərində hilallı bayraqla­rımızı dalğalandıra-dalğalandıra şanlı qələbə qüruru ilə keçirdilər. Hökumət tribunasında isə Azərbaycanımızın və Türkiyəmizin liderləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan yanaşı durub sanki bütün dünyaya, o cümlədən xalqımızın düşmənlərinə bəyan edirdilər: Baxın, 1918-ci ildə olduğu kimi, 100 il sonra 2018-ci ildə də biz yenə bir yerdəyik. Biz bir millət, iki dövlətik. Ulu öndərimiz Heydər Əliyevin vəsiyyətinə əməl edərək həmişə bir yerdə olacağıq!

10 dekabr 2020-ci il paradı mənim üçün müqəddəs bir hadisədir. Ona görə ki, 2018-ci ildə olduğu kimi 10 dekabr 2020-ci ildə biz yenə bir yerdəydik! Başla­rının üzərində hilallı bayraqlarımız dalğalanan ordularımız yenə qoşa addımlayırdı! Tək millətimizin iki dövlətinin liderləri yenə birlikdəydilər. Qalib Azərbaycan ordusunu birlikdə salamlayırdı­lar. Yenə dünyaya, o cümlədən düşmənlərimizə bəyan etdilər: Biz həmişəki kimi yenə birlikdəyik və daim birlikdə olacağıq! Bizi bir-birimizdən ayıra bilməyəcəksiniz!

Xalqımızın ürək duyğularını ifadə edən və şahidi olduğum bir hadisə heç yadımdan çıxmır.

...2012-ci ilin payız günlərindən biri idi. İki qardaş dövlətin liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan xanımları ilə birlikdə Şəkiyə gəlmişdilər. Şəkinin tarixi yerləri ilə tanış olurdular. Mən də müşayiət edənlərin sırasındaydım. Dövlət başçıları Aşağı Karvan­sara ilə tanış olub Mirzə Fətəli Axundzadə küçəsinə çıxarkən bir hadisə Prezident İlham Əliyevin nəzərindən yayınmadı. Qarşıdan – dağın dibindən bizə tərəf uza­nan küçənin başlanğıcına toplaş­mış insanlar dövlət başçıları ilə görüşməyə can atır, polis nəfərləri isə onları saxlamağa çalışırdılar! Bunu görən Azərbaycan Prezi­denti camaata sarı addımladı və mühafizəçilərə göstəriş verdi: buraxın gəlsinlər! Həyəcanla dolu bir mənzərə baş verdi. Sel kimi bizə sarı axışan insanlar liderləri ətrafına toplaşdılar. Kütlənin içərisindən bir ağbirçək irəli çıxıb bizim Prezidentə yaxınlaşdı və bir nəfəsə dedi: Bizim Sizə söyləyəsi başqa bir dərdimiz yoxdur. Sizin iki­nizi də birlikdə görmək istəyirdik ki, hamımızın bir arzusunu çatdıraq! Övladlarım, amandır bir-birinizdən ayrılmayın! Bugünkü kimi həmişə bir yerdə olun! Allah Sizi ayırmasın! Düşmənlərin də gözləri kor olsun!

Fikrimcə, bu gün şəkili ağbirçəyin tək millətimizin ürək duyğularını ifadə edən arzusunun çin olduğu gündür!

Sualınıza cavab olaraq tarixçi ziyalı kimi bu paradı müşahidə edərkən böyük qələbəmizlə bağlı bəzi düşüncələrimi də səsləndirmək istərdim.

10 dekabr paradı 1813-cü və 1828-ci il faciələrindən sonra dövlətçilik tariximizin ilk böyük Qələbə paradıdır! Zəfər paradıdır!

Zəfər Günü və Zəfər paradı xalqımız üçün ən əziz gündür. Ona görə ki, Ali Baş Komandanın baş­çılıq etdiyi müzəffər Azərbaycan Ordusu tarixdə ilk dəfədir ki, həmişə havadarlarına arxalanaraq torpaqlarımıza yiyələnə-yiyələnə irəliləyən erməni faşizmini rüsvay­çı məğlubiyyətə uğratdı. Sübut olundu ki, havadarları olmadıq­da erməni faşizmi Azərbaycan xalqının, Azərbaycan Ordusunun qarşısında heç nədir!

44 gün davam edən Vətən müharibəsi Azərbaycan üçün ağır sınaq idi. Bu ağır sınaq günlərində dost-düşmən çox aydın göründü. Dünya tarixinin və siyasətinin dahi bilicisi, Sovet İttifaqı kimi nəhəng dövlətin rəhbərlərindən biri zirvəsinə ucalmış Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı cəbhədə, döyüş meydanlarında sınaqdan çıxdı. Azərbaycan və Türkiyə daim birlikdə olmalıdır! Bunun alternativi yoxdur.

Azərbaycan və Türkiyə elə hərbi-strateji məkanda, elə əhatədədir ki, bizim iki dövlətimizin sülh şəraitində yaşaması üçün ən müasir, ən güclü ordusu olmalıdır. 44 günlük Vətən müharibəsi bunu sübut etdi. Dədəmiz Qorqud bizə vəsiyyət edib: “Qarı düşmən dost olmaz”. Bunu heç zaman unutma­malıyıq!

Biz ona görə qalib gəldik ki, 44 günlük müharibədən əvvəl Prezident İlham Əliyevin başçılığı ilə informasiya müharibəsində, o cümlədən elmi-informasiya müharibəsində düşmənə qələbə çalmışdıq. İnformasiya müharibəsi bundan sonra da davam edəcək, fikrimcə bəzi hallarda daha da kəskinləşəcək. Bunu unutmama­lıyıq!

Vətən müharibəsində qələbəmizin ən mühüm nəticələrindən biri də Prezident İlham Əliyevin xüsusi səyləri nəticəsində Cənubi Qafqa­zın beynəlxalq münasibətlər tarixində dönüşün və ya yeni dövrün başlanmasıdır. Regionu­muzun problemlərinin həllində qardaş Türkiyənin rolunun artma­sı, Naxçıvan dəhlizinin açılması ilə bağlı razılaşma Türk-İslam tarixinin gələcəyi üçün çox böyük nailiyyətdir.

Şimal qonşumuz Rusiya ilə əlaqələrimizin sahmanda olması Azərbaycan üçün çox gərəklidir. Prezident Putinin müasir dünyanın reallıqlarını nəzərə alaraq, çar Ru­siyası və bolşevik rejiminin ənənəvi anti-Azərbaycan siyasətindən uzaqlaşaraq Azərbaycan və Türkiyə ilə yaxınlaşma siyasətinə üstünlük verməsi nəzərə çarpır. 44 günlük Vətən müharibəsinin gedişində bu göründü. Azərbaycanın qətiyyətli mövqeyi sayəsində Rusiya ilk addımını atdı. Əlbəttə, ATƏT-in Minsk qrupunun üzvü olan Rusiya üçün bu addım asan addım deyildi.

Ordular müdrik, qətiyyətli və qorxmaz sərkərdələri olduqda qalib gəlir. 44 günlük müharibədə doğma Vətən naminə çarpışan Azərbaycan igidlərinə müdrik, qətiyyətli və rəşadətli sərkərdə İlham Əliyev bilavasitə özü başçılıq edirdi. Ali Baş Komandanın erməni faşistlərinə qarşı dərin nifrətlə dolu qorxmaz çağırışları, dönməz qətiyyəti, qələbəyə böyük inamı igidlərimizi qələbədən-qələbəyə qovuşdururdu. Bu, inkarolunmaz həqiqətdir!

Vətən müharibəsində xalq qalib gəlir. Xalq bu müharibədə öz başçısına – Prezidentinə, Ordusu­nun sərkərdəsinə inandı, onun və Vətən torpaqları naminə çarpışan ordunun arxasında durdu. Və müharibədən qalib xalq kimi çıxdı. Bu Azərbaycanımızın gələcək tarixinə olduqca müsbət təsir göstərəcəkdir.

Bir vətəndaş olaraq, tariximizin tədqiqatçılarından biri kimi bu gün mən özümü çox xoşbəxt hesab edirəm. Çox ağır bir problemi biz gələcək nəsillərə “yadigar” qoyma­dıq. Dünyanın böyük imperiyalar yaradan, yadelliləri dəfələrlə ağır məğlubiyyətlərə uğradan xalqı kimi biz şərəfli tarixi adımızı - qalib xalq adımızı özümüzə qaytardıq!

Oxuməni.az