Bəhram Bağırzadə: "Heç vaxt fəxri ad istəməmişəm, istəmirəm, bundan sonra da istəməyəcəyəm"

Bəhram Bağırzadə: "Heç vaxt fəxri ad istəməmişəm, istəmirəm, bundan sonra da istəməyəcəyəm"

15 Fevral 2021 16:56
Bəyəndim (35) Bəyənmədim (0)

Oxuməni.az əfsanəvi "Bakılı oğlanlar" KVN komandasının üzvü, aktyor, publisist, Əməkdar artist Bəhram Bağırzadənin Yenisabah.az-a müsahibəsini oxucularına təqdim edir:

- Bəhram müəllim, hazırda nə işlə məşğulsunuz? Pandemiya yaradıcılığınıza necə təsir edib?

- Pandemiya anlayışı mənim işimə aid olmadı, məndə belə bir anlayış yoxdur. Çünki mən pandemiya vaxtında da virtual işləmişəm, işimi internet üzərində qurmuşam. Buna görə də digər sənət adamları kimi özümü itirmədim. “İnstagram”da canlı yayımı açdım, hər axşam azı 20 min adam məni görürdü. Izləyicilərlə daim ünsiyyətdə idim. Bundan əlavə karantin müddətində uşaq kitabları yazırdıq, bu yaxınlarda çap olundu. “Qarabağ Azərbaycandır”, “Yerusəlim”, “Moskva” kimi kitablarım nəşr olundu. Bir neçə gün sonra da Novruz bayramı ilə bağlı kitabım işıq üzü görəcək. Qısası, bütün karantin dövrünü fəaliyyətdə olmuşam. Bundan sonra da nə qədər pandemiya, karantin olsa mən fəaliyyətdə olacağam. Bəzi vətəndaşlar çıxıb efirlərdə ağlayırlar ki, iş yoxdur, mən elə insanlardan deyiləm. İşi özün tapmalısan. Belə vəziyyətlərdə özünü itirməməlisən. Əgər sən işləyən adamsansa, hər zaman fəaliyyətdəsənsə bunu etməlisən.

- Sənət adamları karantin dövründə daha çox motivasiya olmadığını bildirirdilər. Bəs siz bu qədər işi görəcək motivasiyanı özünüzdə necə tapırdınız?

- Motivasiya Allahdandır. Ən böyük motivator məhz Allahdır. Əgər sən Allaha inanırsansa, o sənin üçün qapı açır, yol göstərir. Mən bilsəm ki, sabah heç yerdən gəlirim yoxdur, oturub fikirləşərəm və ağlıma çörək gələr. Hər insan gündə çörək yeyir, mən də çörək zavoduna, çörəkbişirmə sexinə gedəcəkdim, yaxud bir təndir qalayıb, təndir çörəyi bişirib satacaqdım. Pul qazanıb, evimə çörək aparacaqdım. Fikirləşməyəcəkdim ki, mən bu boyda aktyor, rejissor, yaradıcı insanam, əsrin çempionuyam, amma çörək bişirirəm. Lazım gələrsə kişi hər işlə məşğul olmalıdır. Sadəcə cəhd etməlisən. Rəhmətlik anam həmişə deyərdi ki, “lömbəni” qaldırıb işləmək lazımdır. “Lömbə” nədir bilmirəm, amma onu qaldırıb işləmək lazımdır (gülür).

- Əbülfəs Qarayevin vəzifədən azad olunmasından sonra mədəniyyət sahəsində də çoxlu problemlərin olduğu üzə çıxdı. Mütəxəssislər hesab edirlər ki, mədəniyyət sahəsində də köklü islahatlara ehtiyac var. Sizcə, islahatlara nədən başlamaq lazımdır? Nələr dəyişməlidir?

- Mədəniyyət sahəsində, artıq islahatlar başlayıb. Əgər belə olmasaydı cənab nazir məni – sıravi KVN-çini yanına dəvət etməzdi. Dəvət edibsə deməli, artıq iş gedir. Mən bunu hiss etdim və düşünürəm ki, hər şey yaxşı olacaq. Amma bu məsələlər tək nazirdən asılı deyil, əfsuslar olsun ki, bizim yaradıcı insanlarımız oturublar, “lömbə”lərini tərpətmək istəmirlər və öz təkliflərini nazirliyə vermirlər. Hər şeyi tək mən deməliyəm? Balaban çalana deyirəm ki, sən ermənidən daha yaxşı ifa etməlisən. Onlar iddia edir ki, bu alətin adı “duduk”dur, sənsə sübut etməlisən ki, bu balabandır. Bu tək musiqidə yox, teatrda, kinoda və digər sahələrdə də belə olmalıdır. Hamısı oturub ağlayır ki, necə olacaq, nə olacaq? Amma heç kəs gedib cənab nazirə təklifini vermir. Mən öz təklifimi verdim və təklifim də həyata keçdi. Bax, problem budur, oturub hər şeyi dövlətdən gözləyirlər ki, onlar edəcək. Kapitalizm istəmirdinizmi? Kapitalizmdir, indi zəhmət olmasa, kapitalizm qayda-qanunları ilə işləyin.

- Fəxri adlarla bağlı problem yenə aktualdır. Vaxtilə layiq olmayan adamların Xalq artisti, Əməkdar artist titullarına yiyələndiyini iddia edənlər var. Bu ittihamlarla razısınızmı?

- Məndə fəxri adla bağlı problem yoxdur. Görüşəndə də cənab nazirə dedim ki, heç vaxt fəxri ad istəməmişəm, istəmirəm, bundan sonra da istəməyəcəyəm. Onsuz da bu adlar sovetdən qalma şeylərdir, heç kimə lazım deyil. Bəlkə də 44 gün bundan əvvəl – anam sağ olanda istəyərdim, amma o dünyasını dəyişəndən sonra lazım deyil. O, dünyasını dəyişməmiş almaq istəyərdim, sevinsin ki, oğlu Xalq artisti adını aldı, amma indi nəyimə lazımdır? Məgər xalq məni tanımır, sosial şəbəkələrimi, “YouTube” çıxışlarımı izləmir? Yaxud 7 gün Heydər Əliyev sarayında konsert verdikdə bilet alıb gəlmir? Demək ki, xalq məni istəyib gəlir, onları məcbur etmirlər ki... Mən özümü çoxdan xalqın artisti hiss edirəm və o ad mənə lazım deyil.

- Bəhram müəllim, son illər çəkilən filmləri izləyirsinizmi? Həmin filmlərin səviyyəsi sizi qane edirmi?

- Əgər söhbət kinodan gedisə, bəli, məni qane edir. Son illər rejissorlar tərəfindən çox yaxşı kinolar çəkilir. O ki, qaldı filmlərə, hansı bir günlük göstərilir, tamaşaçı gəlib baxır, sonra yaddan çıxıb gedir, onlara fikir bildirə bilməyəcəyəm. Çünki mən elə filmlərə getmirəm. Son illərdə çəkilən filmlər arasında Emil Quliyevin “Pərdə” filmi çox xoşuma gəlib. Mənim imkanım olsaydı ona sponsor olardım, ildə bir-iki film sifariş edərdim və bilərdim ki, həmin filmin, rejissorun gələcəyi var.

- Bəs serial sənayesinin durumunu necə qiymətləndirirsiniz? Sizcə, yerli seriallarımız niyə az izlənilir?

- Açığı mən serialları izləmirəm. Ona görə çalışıram ki, bu haqda danışmayam. Rəhmətlik atam həmişə deyərdi ki, Bəhram, o şeydən danış, hansı ki, o mövzunu bilirsən, başın çıxır. Mən nə Amerika, nə Braziliya, nə Meksika seriallarına o vaxt – 30 il əvvəl SSRİ-də yeni göstəriləndə baxmamışam, indi də baxmıram. Mənə bu sahə maraqlı deyil. Bəlkə də peşəkar rejissoram deyə baxmıram, onu anlamıram. Mənim zənnimcə, onlar işi-gücü olmayan adamlar üçün çəkilmiş ekran işidir. Mənim hər gün seriala baxmağa vaxtım yoxdur. Amma bu o demək deyil ki, Bəhram Bağırzadənin xoşuna gəlmirsə, seriallar çəkilməməlidir. Xeyr, olmalıdır, çəkilməlidir.