Həbsi gözlənilən Vardan Oskanyan AŞPA-nın deputatı ola bilər

Həbsi gözlənilən Vardan Oskanyan AŞPA-nın deputatı ola bilər

10 Oktyabr 2012 13:08
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənistanı AŞPA-da təmsil edən “Çiçəklənən Ermənistan” partiyasının üzvlərindən biri öz yerini sabiq xarici işlər nazirinə verməyə hazırlaşır

Ermənistanın "Çiçəklənən Ermənistan" deputat fraksiyasının üzvləri Vaqe Ovannisyan və Naira Zaqrobyan hesab edirlər ki, ölkənin sabiq xarici işlər naziri, hazırda həbsi gözlənilən Vardan Oskanyan onlardan birini AŞPA-da əvəz edə bilər. Tert.am-ın məlumatına görə, onlar AŞPA-da siyasi məşvərətdən sonra belə bir qərara gəliblər. Məqsəd Ermənistanda deputat toxunulmazlığından məhrum edilmiş sabiq millət vəkilinin siyasi immunitetini artırmaqdır. Başqa sözlə desək, Vardan Oskanyan Ermənistan nümayəndə heyəti tərkibində AŞPA-da təmsil olunsa, ona qarşı ölkə daxilində qanunsuz əməllərə yol verilə bilməz. Deputat Naira Zaqrobyan AŞPA-da bu nümunələrin olduğunu bildirərək deyib: "Buna ən bariz nümunə İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin AŞPA-nın İtaliya nümayəndə heyətinə daxil edilməsidir. Başqa misallar da çəkmək olar ki, AŞPA-da deputatlıq siyasi fiqura əlavə immunitet qazandırıb" .

Xatırladaq ki, Ermənistanın milli təhlükəsizlik xidməti 25.05.2012 tarixdə Vardan Oskanyan barədə CM-nin 190.3.1 (qeyri qanuni əldə edilmiş iri həcmdə pulların qanuniləşdirilməsi) maddəsi ilə cinayət işi başladıb. Bundan sonra ölkə parlamenti adıçəkilən millət vəkilini deputat toxunulmazlığından məhrum edib.

O.M.