Ermənistan Səməd Seyidovun erməni deputatı müdafiə etməsindən danışır
Ermənistanın "Miras" fraksiyasından olan millət vəkili Zarui Bostancan AŞPA-da prezident Serj Sarkisyana kazinoda uduzmağı barədə sual verdikdən sonra həmin məsələni Avropa Şurasının bürosunda Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov qaldırıb. Tert.am-ın xəbərinə görə, bu məlumatı yerli mətbuata Ermənistan nümayəndə heyətinin AŞPA-dakı rəhbəri David Arutunyan çatdırıb. Erməni millət vəkili mövcud məsələnin AŞPA-da ciddi müzakirə olduğunu bildirib. O, Səməd Seyidovun Zarui Bostancanı müdafiə edərək Ermənistanda söz azadlığının məhdudlaşdırıldığını, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvünün düzgün danışdığına görə təqiblərə məruz qaldığını bildirdiyini söyləyib.
Xatırladaq ki, Zarui Bostancan AŞPA-nın reqlament üzrə komissiyasına müraciət edərək, prezidentə sualına görə Ermənistan parlamentinin spikerinin onu nümayəndə heyəti üzvlüyündən çıxarmağa hazırlaşdığını bəyan edib. Xanım deputat narahatlığını Ermənistanın "Azatutyun (Azadlıq)" radiosuna verdiyi müsahibəsində də dilə gətirib.































































































