Erməni mətbuatı: Ermənistanın 80 yaşlı sakini ölkə prezidenti olmağa hazırlaşır
Ermənistanın 80 yaşlı sakini ölkə prezidenti olmağa hazırlaşır. Tert.am-ın yerli "Ayots aşxar" qəzetinə istinadən yaydığı məlumata görə, Yerevanın 80 yaşlı sakini Maqdalena Nikoyan bu il Yerevan Şimal Universitetinin beynəlxalq münasibətlər fakültəsinə daxil olmaq üçün sənəd verəcək. O, beşillik təhsildən sonra Ermənistanın prezidenti olmaq istəyini gizlətmir. "Mən indi də prezident olmağa hazıram. Doğrudur, o qədər də biliklərə malik deyiləm, bununla belə, elə indidən ölkəyə rəhbərlik edə bilərəm. Bir il ərzində mən Ermənistanı rels üzərinə qoyacağam. Eyni zamanda beş il təhsil alacağam", deyən 80 yaşlı Yerevan sakininin sözləri ciddi qəbul olunmasa da, onun jurnalistlərə açıqlaması ölkənin savadsız iqtidar tərəfindən idarə olduğunu bir daha sübut edir.
Mediainfo.az































































































