Sabiq erməni əsiri: “Azərbaycanda mənimlə normal davranırdılar”
Cari ilin 25 sentyabr tarixində ölkəsinə təhvil verilmiş 53 yaşlı erməni əsiri Azərbaycanda heç bir işgəncəyə məruz qalmayıb. Tert.am-ın yerli "Aykakan Jamanak (Erməni Vaxtı)" qəzetinə istinadən yaydığı xəbərə görə, bu barədə mətbuata keçmiş əsirin oğlu Norayr Ananyan məlumat verib. O deyib ki, əsirlikdən qayıdan Sarqis Ananyan dərhal Ermənistanın İcevan şəhərində tibbi müayinədən keçib. "Atamın bədənində heç bir işgəncə izi tapılmayıb. Özünün dediyinə görə, əsirlikdə onunla normal davranıblar, yalnız əsirliyin birinci günü ayağına təpik vurublar", - deyə etiraf edən Norayr Ananyan atasının sadəcə psixi sarsıntı keçirdiyini qeyd edib. Daha sonra sabiq əsirin oğlu Sarqis Ananyanın psixoloji müalicəyə ehtiyac duyduğunu bildirib, lakin maliyyə vəsaitlərinin olmadığını deyib. Norayr Ananyan çıxışının sonunda heç kimin onlara kömək etmədiyini xüsusi vurğulayaraq mövcud durumdan şikayət edib.
Mediainfo.az































































































