Saxta diplomlar: “Rus dilində təhsil aldığını deyir, amma rus dilini bilmir“

Saxta diplomlar: “Rus dilində təhsil aldığını deyir, amma rus dilini bilmir“

24 Dekabr 2021 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Müxtəlif dövrlərdə xaricdə təhsil almış 728 nəfərin diplomu tanınmayıb. Bu statistikanı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Eldar Orucov açıqlayıb.

Yeri gəlmkən, diplomlarını tanıtmaqda çətinlik çəkən əsasən Rusiya, Türkiyə, Ukrayna və Gürcüstanın ali məktəblərinin məzunlarıdır.

Oxuməni.az-ın verdiyi xəbərə görə, təhsil eksperti Kamran Əsədov Yenisabah.az-a açıqlamasındadeyib ki, bunun qarşısını almaq mümkün deyil:

“Xaricdə 41 min tələbə var. 21 mini Türkiyədə, 8 mini Ukraynadadır.

Diplomları tanınmayan ölkələrdə qəbul qaydaları çox sadədir, buna görə azərbaycanlılar ora üz tuturlar. Yəni sadəcə attestat və pasport təqdim etməklə universitet tələbəsi olurlar.

Azərbaycanda əksinə, onlar qəbul imtahanlarında yetərli bal toplamır. Arzusu nəyin bahasına olursa-olsun ali təhsil almaq olduğuna görə asan yollara baş vurur.

İkinci səbəb budur ki, Azərbaycanda keçirilən qəbul imtahanında yetərli bal toplayırlar. Lakin universitet və ixtisas onların ürəyincə olmur.

Üçüncü qrup dövlətlərarası proqramlar əsasalarla xarici ölkəyə gedənlərdir. Bu qrup azlıqdadır.

Ən ciddi problem birinci kateqoriyadır.

Ekspertin sözlərinə görə, xaricdə təhsil almağa gedənlərin təhsil alacağı universitetlər araşdırılmalıdır:

“Diplomların tanınmamasının başlıca səbəbi təhsil müddəti ilə bağlıdır. Məsələn, Ukraynada qiyabi təhsil zamanı semestr imtahanı müddəti 10 gündür. Amma Azərbaycanda 15 gün”.

K.Əsədov qeyd edib ki, digər bir problem tələbənin tədris dilini bilməməsidir:

“Tutaq ki, tədris rus dilindədir. Amma tələbə bu dili bilmir. İnsan təhsil aldığı dili bilmirsə, necə diplom alır?

Türkiyə ilə bağlı yalnız bir problem var, orada qiyabi təhsil yoxdur. Bəziləri Türkiyədə uzaqdan açıq təhsili qiyabi təhsil kimi qələmə verir.

Odur ki, xarici ölkələrə gedənlər bu faktlardan dərs çıxarmalıdır ki, gələcəkdə problemlə üzləşməsinlər”.