Sərhədçilərimiz mütəşəkkil dəstəni zərərsizləşdiriblər
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirməyə çalışan mütəşəkkil dəstə zərərsizləşdirilib.
Bu barədə DSX mətbuat mərkəzindən məlumat verilib.
Dekabrın 30-da Biləsuvar rayonunun Əmənkənd kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikası vətəndaşları İrəc Xudayi, Ramin Məsərrəd, Həsən Təqizadə adlı şəxslər külli miqdarda narkotik vasitəni Azərbaycana keçirərkən, onları qarşılamağa gəlmiş Ağcabədi rayon sakinləri Elşən İsmayılov və Novruz Bayramovla birgə sərhədçilər tərəfindən saxlanılıb.
Onların üzərinə baxış keçirərkən bir bağlamada 7 kq 700 qram qurudulmuş marixuana, 1 ədəd gecəgörmə cihazı, 1 ədəd bıçaq və 3 ədəd mobil telefon aşkar olunub.
Mütəşəkkil dəstənin digər üzvlərinin aşkar olunması məqsədi ilə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ağcabədi rayon sakini Xəqani Nuruyev, Sabirabad rayon Qarağac kənd sakini Rövşən Hüseynov və Pərviz Ağayev müəyyən edilərək istintaqa cəlb olunub.
Faktla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işi başlanıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, narkotik vasitənin keçirilməsini şəxsiyyətləri istintaqa məlum olmayan Cəlili Ramin və Hafis adlı İran vətəndaşları təşkil edib.
Mediainfo.az