7 yaşlı İlhaməni xilas edək!

7 yaşlı İlhaməni xilas edək!

16 Fevral 2015 15:55
Bəyəndim (0) Bəyənmədim (0)
Bir jurnalistin harayı baş tutdu!

Ötən şənbə gözəl bir gün ilə yaddaşlarda qaldı. 14 fevral... Hər kəs sevgi bəxş etdi bir-birinə, hər kəs hədiyyəsini alib-verdi. Hamının üzündə sevinc, xoşbəxtlik sezildi. Bir sözlə, sevgi günü qeyd olundu, bayram əhval-ruhiyyəsi yaşandı. Həmin gün fərqliliyi ilə 7 yaşlı İlhamənin də həyatında iz buraxmış oldu.

Deyəcəksiniz, 7 yaşlı qıczığazın söhbətə nə aidiyyatı var? Var! Özü də birbaşa! Çünki məhz həmin gün bütün sevgilər ona yönəldi. Bu balacanın özü boyda qəm daşıyan gözlərində sevinc, əsasən də yaşama ümidi parlayırdı. Tanımadığıinsanlardan gördüyü ilgi, mehribançılıq, qayğı onu dünyanın yeddinci qatına qaldırmışdı. Hansı ki, o qatda bütün ağrı-acısını unutmuşdu. O qatda anasını uzun zamandır belə xoşbəxt, hüzurlu, sevinc, ümid içində görməmişdi.

HAŞİYƏ:

Fevral ayının 14-15-i Park Bulvar Ticarət Mərkəzində anadangəlmə irsi qan - betta talassemiya xəstəliyindən əziyyət çəkən İlhamə Nağızadəyə dəstək məqsədiylə xeyriyyə aksiyası keçirilib.

Aksiyada millət vəkillərindən Qənirə Paşayeva, Ceyhun Osmanlı, tanınmış sənətçilər, incəsənət xadimləri, KİV rəhbərləri, QHT sədrləri, fəal gənclər iştirak ediblər. Onlar İlhaməyə dəstək üçün çağırış ediblər. Tədbirdə həmçinin İslahatçı Gənclər, Gənclər üçün Təhsil Mərkəzi, İrəli, AGAT, Azərbaycan-Slavyan Gənclər Assosiyasının rəhbər şəxsləri və üzvləri aktiv iştirak edib.

Aksiya səhər saat 10-dan axşam saat 10-a qədər davam edib və aksiyada minə yaxın insan iştirak edib, onlar İlhamənin xəstəliyi haqda məlumat verilib, bukletler paylanılıb, simvolik əşyaların satışı həyata keçirilib. 7 yaşlı İlhamə Nağızadə də xeyriyyə aksiyasında olub.

İki gün ərzində dəstək kampaniyasında 12.336 manat və 1443 dollar toplanıb. Bu məbləğ İlhamənin adına açılan hesaba əlavə olunacaq.

Xatırladaq ki, İlhamə Nağızadənin7 yaşı var. Anadangəlmə irsi qan - betta talassemiya xəstəliyindən əziyyət çəkir. Uşağın bədəni hemoqlobin yarada bilmir. Ayda 2-3 dəfə İlhamənin bədəninə inyeksiya olunan qan kütləsi (qırmızı qan) və hər gecə çox ağrılı proseslə bədəndə dəmirin azaldılması üçün vurulan disferal (göbəyə vurulan iynə) hesabına yaşayır. Körpə Respublika Talassemiya Mərkəzində 1 aylığından qeydiyyatdadır.

Ailəsi İlhamə üçün donor axtarışına başlamaq məqsədi ilə Ümumdünya Donor Reyestrinə müraciət edib. Donor tapıldıqdan sonra İlhamənin həyatını xilas edilməsi üçün əməliyyat olunması İtaliyada və Almaniyada mümkündür. Körpənin anası Günay Əsgərova bildirib ki, donor tapılıb. Almaniyanın Tübingen Klinikasında bu növ əməliyyatı tapılan donor qanı ilə etmək və İlhamənin həyatını xilas etmək mümkündür.

Hazırda İlhamənin qara ciyəri və dalağı şişib. Bu vəziyyətdə isə balaca qızın orqanizmi hazırda vücuda dəstək üçün edilən müalicə prosedurlarına tab gətirə bilmir. Buna görə də, körpə təcili əməliyyat olunmalıdır. Ailə İlhamənin həyatını xilas etmək üçün onun Almaniyanın Tübingen Klinikasında əməliyyat olunmasını yeganə çıxış yolu olduğunu düşünür. İlhamənin əməliyyatı üçün 441 000 evro lazımdır. Anasının dediyinə görə, övladına kömək üçün artıq müəyyən qədər məbləğ yığılıb: "Övladımın həyatının xilas edilməsi üçün 252 000 evro lazımdır. Hazırda körpənin dalaq və qara ciyəri ayda 2-3 dəfə onun bədəninə vurulan qan kütləsinə və əsasən də dəmir tərkibinə dözmədiyi üçün onun vəziyyəti getdikcə ağırlaşmaqdadır. İtaliyadakı donor axtarışının nəticəsini gözləmək çox riskli olduğu üçün biz Almaniyanın Tubingen şəhərindəki klinikaya müraciət etdik. Donor eyni bazada axtarılsa da İtaliyadan fərqli olaraq Almaniya qanunları 90%-dən aşağı uyğunluqla əməliyyata qarşı olmadığı üçün ilik transplantasiyasının bu ölkədə uğurla aparılması mümkündür. Biz bunu körpənin yaşaması üçün böyük şans hesab edirik və xeyirxah insanlardan çatışmayan məbləğin yardım edilməsini təvəqqi edirik. Çox xahiş edirik ki, bizim üçün imkan yaradasınız".

P.S. Bəzən sosial şəbəkələrdə kimlərsə uğursuzluq acığını öz millətindən çıxır. Bütün dünya önündə millətini ləkələdiyinin fərqinə varmadan, aşaladığını anlamadanmı, ya bilərəkdənmi, bir sözlə, qandı-qanmadı yazır. "Bizim millət belədir də...", "zavallı millət, sənin axırın yoxdur" və s. bu kimi xoşagəlməz şərhləri yazanlardan xahiş edirəm ki, hərdən insaflı olun. Hamımız bu millətin nümayəndəsiyik. Xalqını sevməyəndə sevgi, qürur yoxdur məncə. Dara düşəndə, çətin anında bir-birinə dəstək olan millətik biz. Əgər hamımız bir olsaq, dağı yerindən oynadarıq!

Son söz əvəzi:

Sözügedən aksiyanın təəssübkeşlərindən biri olan gənc və istedadlı jurnalist, Azxeber.com saytının rəhbəri Hacıbəy Heydərliyə xüsusi minnətdarlığımızı bildiririk. "Tam səmimi deyim ki, kimi dəvət etmişdiksə, hamısı canla-başla iştirak etdi. Buna görə həmin insanlara və aksiyada iştirak edən hər kəsə təşəkkür edirik. Allah bütün xeyirxah insanları qorusun. İki gün ərzində aksiyadan 14 min manata yaxın pul toplandı, inşallah bu aksiyalar davamlı olacaq və İlhamə balamızı xilas edə biləcəyik. Bu həftə aksiya 12 saat davam etdiyinə görə televiziyalara müraciət etmədik. İnşallah qarşıdakı həftələrdə konsert baş tutacaq və TV-lərə müraciət olunacaq. Bir daha hər kəsə təşəkkür edirəm, bir daha əmin olduq ki, insanlıq ölməyib, xalqımız xeyirxah və humanistdir", - deyə saytımıza açıqlama verən Hacıbəy Heydərli İlhamənin həyatda qalmasından ötrü əllərindən gələni əsirgəməyəcəklərini bir daha vurğuladı.

Bəli, KİV nümayəndələrinin əlindən cüzi maddi yardım gələ bilər. Lakin bu yardımı ictimaiyyətə çatdıracaq qədər güclü qələm sahibidir onlar. Uğurlar!

Hesab: AZ97UBAZ10053562041010AZN002

Benefisiar Bank: Unibank CB, SWIFT adresi: UBAZAZ22 (Baku, AZ, Azərbaycan)

Benefisiar Bankın Hesab N-si: AZ46NABZ01350100000000015944

Vasitəçi Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

Kod: 505754 VÖEN: 1300017201

İlhamənin anası Günay xanımın əlaqə nömrəsi: 055-989-54-74

Hazırladı: Könül Aypara