Gürcüstan ərazisində yağan güclü leysan yağışları ölkənin xüsusən qərb bölgəsində ciddi problemlər yaradıb

Gürcüstan ərazisində yağan güclü leysan yağışları ölkənin xüsusən qərb bölgəsində ciddi problemlər yaradıb

23 İyul 18:34
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan ərazisində yağan güclü leysan yağışları ölkənin xüsusən qərb bölgəsində ciddi problemlər yaradıb.

AZƏRTAC xəbər verir ki, dünən gecə saatlarında yağan güclü yağış Gürcüstanın Lentexi, Tsageri, Adigeni və Çoxatauri bələdiyyələri, eləcə də Baxmaro kurort zonasında ciddi fəsadlara səbəb olub.

Lentexidə yağıntılar torpaq sürüşmələrinə yol açıb, nəticədə avtomobil yolları və körpülər zədələnib. Fəlakət zonasında çarəsiz qalan turistlər xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Ən böyük zərər Adigeni Bələdiyyəsində qeydə alınıb. Meriyanın məlumatına görə, bir neçə kənddə yaşayış evləri və mal-qara tövlələri su altında qalıb və zədələnib, heyvanlar tələf olub, yol infrastrukturu sıradan çıxıb. Kənd təsərrüfatı sahələri isə tamamilə məhv olub. Zərər çəkmiş ailələr təhlükəsiz ərazilərə köçürülüblər.

Hazırda ərazidə xüsusi texnika və bütün aidiyyəti qurumların əməkdaşları fəsadların aradan qaldırılması ilə məşğuldur.

Tsageri Bələdiyyəsində, xüsusilə Laşiçala kurortuna gedən yolda çay daşaraq avtomobil körpüsünü zədələyib. Nəticədə kurorta hərəkət məhdudlaşıb və yolun bərpası istiqamətində işlər davam edir.

Baxmaro kurort zonasında yağan güclü yağış çayın məcrasından çıxmasına səbəb olub. Daşan çay Baxmaro kurort zonasına gedən mərkəzi yolda fəsadlar yaradıb, nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

Çoxatauri Bələdiyyəsinin Zot kəndində güclü yağış nəticəsində yaranan torpaq sürüşməsi 8 ailənin kəndə giriş-çıxış yolunu bağlayıb.

Hazırda kənddə hərəkət məhdudlaşdırılıb.

Oxuməni.az