“Elba 999”a murdar ət ticarətinə görə cinayət işi başlandı - DAŞKƏSƏNDƏ

“Elba 999”a murdar ət ticarətinə görə cinayət işi başlandı - DAŞKƏSƏNDƏ

2 May 2017 11:01
Bəyəndim (0) Bəyənmədim (0)
Anbarda aşkarlanan leşlərdə həyat üçün təhlükəli bakteriyalar tapılıb

Daşkəsən rayonunun Quşçular kəndi ərazisində "Elba 999" MMC-də murdar, ölmüş atların ətinin aşkar olunması faktına görə cinayət işi başlanıb. Bu haqda redaksiyamıza daxil olan xəbərə görə, hələlik cinayət məsuliyyətinə cəlb edilən olmasa da, murdar ət ticarətinə görə "Elba 999" MMC rəhbərliyinin də istintaqdan kənar qalmayacağı indidən bəllidir.


Yada salaq ki, aprelin 26-da Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşları sürücü Nafiq Rüstəm oğlu Əliyevin idarə etdiyi "Hundai" markalı, Az 99 KV 790 dövlət nömrə nişanlı yük avtomobilinə Daşkəsən-Gəncə avtomobil yolunda baxış keçiriblər. Həmin vaxt avtomobildə mənşəyi bilinməyən, murdar olması şübhə doğurmayan ətlər aşkarlanıb. Məlum olub ki, sürücü murdar ətləri "Elba 999" MMC-nin kəsim sexinə aparır. Sonradan MMC-nin anbarında da yoxlamalar aparılıb və orada 6 tona yaxın murdar ət aşkar olunub. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib ki, baxış zamanı avtomobilin yük yerində mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan 50 qutuda (hər biri 20 kq) 1000 kiloqram sümükdən ayrılmış, karton qutulara qablaşdırılmış və dondurulmuş mənşəyi məlum olmayan heyvan ətləri aşkar edilib.


Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılmış avtomobilin yük yerində aşkarlanmış mənşəyi məlum olmayan heyvan ətlərinin Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, Elçin Rüstəmovun rəhbərlik etdiyi "Elba" MMC-yə məxsus heyvan kəsimi və emalı fabrikində yükləndiyi məlum olub və müəssisəyə baxış keçirilib. Baxış zamanı fabrikin 1 nömrəli kamerasında hər biri 20 kiloqram olmaqla, 260 qutu, hər biri 40 kiloqram olmaqla, 12 qutu, ümumilikdə 5680 kiloqram sümükdən ayrılmış karton qutulara qablaşdırılmış, dondurulmuş, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan heyvan ətləri, həmçinin hər biri 6 kiloqram olmaqla, 60 ədəd polietilen paketə qablaşdırılmış, mənşəyi bilinməyən, ümumi çəkisi 360 kiloqram olan heyvanın iç piyi, 2 baş iribuynuzlu heyvanın başı, dərisi, ayaqları aşkarlanıb. Eyni zamanda "Elba" MMC-yə məxsus 2 nömrəli soyuducu kamerada 2 baş iribuynuzlu heyvanın başı, dərisi, ayaqları və daxili orqanları aşkar olunub. Daşkəsən Rayon Polis Şöbəsinin müraciəti əsasında Daşkəsən Rayon Baytarlıq İdarəsinin əməkdaşları N.Əliyevin yük avtomobilindən və Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, "Elba" MMC-yə məxsus kəsim və emalı fabrikində aşkarlanan mənşəyi məlum olmayan, sağlamlığına dair heç bir sənədi olmayan sümüksüz ətlərdən nümunələr götürərək Respublika Baytarlıq Laboratoriyasına göndəriblər. Laboratoriyada müayinələrin nəticəsinə əsasən, N.Əliyevin yük avtomobilində aşkar edilən ətlərdən götürülən nümunələrin hamısının ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at ətlərinin olması müəyyən edilib. Həmçinin həmin ətlərin insan sağlamlığına, səhhətinə zərər yetirən bakteriyalarla çirkləndiyi məlum olub. Ekspertizaların nəticələri müvafiq araşdırmalar aparan Daşkəsən Rayon Polis Şöbəsinə göndərilib. Həmçinin "Elba" MMC-yə məxsus kəsim və emal fabrikinin soyuducu kameralarında aşkar olunan ətlərdən götürülən nümunələrin beşinin ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at ətləri olması, digər nümunələrin isə aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvan ətlərinin olması müəyyən edilib. Həm at ətinin, həm də iribuynuzlu heyvan ətlərinin insan sağlamlığına, səhhətinə zərər yetirən bakteriyalarla çirkləndiyi məlum olub.


Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizalarının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş, heyvan ətləri (at və iribuynuzlu heyvan ətləri) barədə qanunvericiliyə uyğun tədbir görüləcək.


E.HÜSEYNOV
P.S "Elba 999" MMC-nin mövqeyini də dinləməyə, dərc etməyə hazırıq.