
ABŞ ilin sonuna qədər Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə ümid edir
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, Vaşinqton 2025-ci ilin sonuna qədər Rusiya və Ukrayna arasında sülh sazişinin komponentlərini tapmağa ümid edir.
Uitkoff “Fox News”-a verdiyi müsahibədə deyib: "Bizim bunun üzərində işləyən texniki qruplarımız var və ümid edirik ki, bu ilin sonuna və bəlkə də bir az əvvəl biz bu sülh sazişinin tərkib hissələrini tapacağıq".
Uitkoff hesab edir ki, Trampın “kifayət qədər təsir rıçaqları” var, o, həqiqətən də münaqişənin sona çatmasını istəyir və “hər iki tərəfi bir-birinə yaxınlaşdırmaq üçün mümkün olan hər şeyi etmək istəyir, əgər bu, alınmasa, onları bir-birinə yaxınlaşmağa məcbur edəcək”.
Xüsusi nümayəndənin sözlərinə görə, Vaşinqton başa düşür ki, münaqişənin nizamlanması şərtlərinin bütün məsələlərini, o cümlədən Kiyev üçün təhlükəsizlik təminatı məsələsini həll etmək lazım gələcək.
Uitkoff həmçinin bildirib ki, bu həftə Nyu-Yorkda Ukrayna tərəfinin nümayəndələri ilə görüşmək niyyətindədir və ABŞ nümayəndələri ilə Rusiya tərəfi arasında dialoq “gündəlik” davam edir.
Almaz Həsənli