Qafqaz Müsəlmanları Ruhani İdarəsi Qərb ölkələrini tənqid edən bəyanat yaydı
Qafqaz Müsəlmanları Ruhani İdarəsi (QMİ) bu il fevral ayının 20-də Əfqanıstanda ABŞ hərbçiləri tərəfindən Quranın yandırılmasına qarşı bəyanat yayıb. Bəyanatda bildirilir: "Son zamanlar bir sıra sivil cəmiyyətlərdə, özəlliklə dünya birliyinə multi-mədəniyyət ideyasını təlqin etmək istəyən Qərb ölkələrində mənəviyyat və əxlaq amillərinin iflasa yönəlməsi bizi son dərəcə narahat edir. XXI əsri mədəniyyətlərin yaxınlaşması dönəmi kimi təqdim etmək cəhdləri, təəssüf ki, əməli cəhətdən gündən-günə süquta uğramaqdadır. Müasir qloballaşma dövrünün ən xoşagəlməz cəhətlərindən biri də təhqir obyekti kimi din və dini atributların hədəf seçilməsidir. Bu son dərəcə məsuliyyətsiz əməllər məxsusi olaraq İslam dininə və Allah-taalanın ilahi kəlamı sayılan müqəddəs kitabımız Qurani-Kərimə qarşı yönəldiyi üçün biz belə faktları ümumbəşəri sülhün pozulması, qütbləşmənin yaranması, dinlərarası və millətlərarası dialoqa vurulan zərbə kimi dəyərləndiririk.
ABŞ dünyada demokratiyanın və insan azadlıqlarının carçısı
kimi tanınmış qüdrətli fövqəldövlətlərdən biridir. Lakin son dövrün tarixi, özəlliklə
Yaxın Şərq regionunda baş verən olaylarda müsəlman əhaliyə qarşı irqçi və
aqressiv münasibət heç bir şəkildə kimsəyə haqq qazandıra bilməz. Müqəddəs
ziyarətgahların bombalanması, cümə namazlarında, bayram və matəm mərasimlərində
dinc əhalinin terrora məruz qalması, Quranın hərbçilər tərəfindən nişangaha
çevrilməsi, müqəddəs kitabımızın tonqallara atılması - bütün buna bənzər hadisələrin
sırası uzun müddətdir ki, bitmir və hər gün İraqdan, Əfqanıstandan, Pakistandan
və başqa müsəlman ölkələrindən gələn yeni acı xəbərlərlə qarşımıza çıxır. Bütün
bunlar cəmiyyətimizin humanizmə, ədalətə, bərabərlik və qardaşlığa olan ümidlərini
zəiflədir, dini və milli zəmində qarşıdurma və nifaq ruhuna yol açır.
Ötən il ABŞ-da üzdəniraq pastor tərəfindən Quranın
yandırılacağı barədə təhdidlər dünya ictimaiyyətinin ardıcıl təzyiq və tələbləri
ilə neytrallaşdığı halda, belə bir məsələnin yenidən, bu dəfə müsəlman ölkəsində
- Əfqanıstanda hərbçilər tərəfindən gündəmə gəlməsi olduqca qərəzli və fəsadlıdır.
Belə ki, müsəlmanların haqlı qəzəb və hiddətinə səbəb olan bu hadisənin törədilməsi
sivilizasiyalar arasında toqquşma yaratmaqdan başqa heç nəyə xidmət etmir.
Dilində: "Tanrı bizimlədir!" kəlməsi, düşüncəsində "hürriyyət" və "demokratiya"
anlayışı olan Amerika hərbçiləri bunu hansı məntiq və hansı vicdanla edə bilirlər?!
İçərisində Həzrət İsanın, Məryəm ananın, Həzrət Musanın adlarının zikr
olunduğu, Allah kəlamı sayılan Quranı yandırmağa necə qərar verirlər?! Bu
zaman-zaman təkrar olunan hərəkətlərə biz dini dözümsüzlük, ideoloji təxribat və
cəzası vacib olan əməl kimi qiymət verir, eyni münasibəti aidiyyəti olan bütün
qurumlardan tələb edirik.
Biz ABŞ-ın dövlət başçısı və digər rəsmilər tərəfindən
hadisəyə dair üzrxahlıq bəyanatını müsbət qarşıladıq və növbəti dəfə ümidimizi
Allaha, inamımızı bəşərin idrakına bağlayaraq səbirlə belə təxribatların bir
daha baş verməməsi üçün dua etdik. Qafqaz Müsəlmanları İdarəsi olaraq, bu
dünyada haqqın qələbəsinə inanan bütün insanları, dilindən, dinindən, milliyyətindən
asılı olmayaraq bütün mütərəqqi ictimaiyyəti dini dözümsüzlüyə qarşı öz səsini
ucaltmağa və birgə səy göstərməyə dəvət etməyi qərar verdik. Əminik ki,
xalqların və dövlətlərin sabahı naminə etdiyimiz bu çağırış düzgün təhlil
olunaraq regionda ictimai-siyasi vəziyyətin sabitləşməsinə xidmət edəcəkdir. Bu
müraciətdəki mövqeyimiz - bütün Qafqaz müsəlmanlarının iradəsinin və ədalət tələbinin
təzahürüdür".
O.M.