SSRİ rəhbərlərindən biri 700 qadını zorlamışdı

SSRİ rəhbərlərindən biri 700 qadını zorlamışdı

24 Fevral 2012 11:10
Bəyəndim (0) Bəyənmədim (0)
O, əclaf kimi yaşadığı üçün əclaf kimi də öldü

Biz də bir zamanlar SSRİ-nin tərkibində yaşayırdıq. Deməli, SSRİ tarixi həm də bizim tariximizdir. Odur ki, öz tariximizə biganə qalmamalıyıq. Çünki keçmişini unudanın gələcəyi olmur. Bu gün biz imperiyanın qaniçən rəhbərlərindən biri haqda söhbət açacağıq. Həmin adamı yaxından tanımaqla siz imperiyanın sadə insanlara yaşatdığı zülmlə yaxından tanış olacaqsınız və əminik ki, qanımız bahasına qazandığımız azadlığın qədrini bir daha biləcəksiniz.

SEKSUAL MANYAK VƏ YA DÖVLƏT XADİMİ

Lavrentiy Pavloviç Beriya - tarixin ən əxlaqsız və qaniçən rəhbərlərindən biri. Yəqin ki, çoxlarınız bu şəxsi tanıyırsınız və onun törətdikləri dəhşətli əməllərdən xəbərdarsınız. Təkcə bir faktı demək kifayətdir ki, o, vəzifədə çalışdığı illər ərzində yüz minlərlə günahsız insanın ölümünə fərman verib. Hələ bu azmış kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, 700-dən artıq qızın və qadının namusuna sataşıb. Tibb işçiləri, evdar xanımlar, hərbçilər, xadimələr, tələbələr, idmançılar, hətta məktəb şagirdləri də bu əxlaqsızın qurbanına çevrilirdi. Deyilənə görə, Lavrentiy işdən sonra xidməti maşını ilə Moskva küçələrini dolaşırdı. Gözünə dəyən xanımları işarə edərək, şəxsi mühafizə xidmətinin rəhbəri erməni Sarkisova xüsusi tapşırıqlar verirdi. O da öz növbəsində qadınlara yaxınlaşaraq, rəisinin təklifini onlara çatdırırdı. Məsələ xoşluqla həll olunmadıqda, Sarkisov güc tətbiq etməkdən belə çəkinmirdi. Nəticədə, növbəti şikar Lavrentiy Beriyanın iş otağına gətirilirdi. Hadisələrin sonrakı inkişafı isə rəhbərin əhval ruhiyyəsindən asılı olurdu. Bəzən o, qurbanını mənən sındırmaq üçün günlərlə zirzəmidə saxladırdı və məqsədinə yetişməmiş öz çirkin əməllərindən əl çəkmirdi. Sarkisovun etiraflarına görə, Lavrentiy qurbanını müxtəlif şəraitlərdə tapırdı. Hərdən kütləvi paradlarda məktəbli qızları gözaltı edir, hərdənsə dövlət xadimlərinin xanımlarını yoldan çıxarmaqla məşğul olurdu. Məhz buna görə də çoxları onun seksual manyak olduğunu iddia edirlər. Adi bir manyakın vəzifə pilləsində yüksəlməsinin səbəbini araşdırmaq üçün onun həyat yoluna nəzər salmaq kifayətdir.

SOVET MƏNƏVİYYATI

Lavrentiy Beriya 1899-cu ilin 17 mart günü Suxumi yaxınlığındakı Merxeuli kəndində dünyaya göz açıb. Rəsmi sənədlərə əsasən, o, bolşeviklər partiyasına 1917-ci ildə Bakıda təhsil alarkən daxil olub. Digər mənbələrdə isə bildirilir ki, Lavrentiya hələ Gürcüstanda tutularkən o vaxtkı rəsmi dövlət strukturları tərəfindən əməkdaşlığa cəlb edilib. Başqa sözlə desək, Beriya ikili oyun aparırdı. O, bir tərəfdən polislərə məlumatlar ötürür, digər tərəfdən isə Rusiya kommunistləri ilə əlaqəyə girirdi. Məhz bu manevrlərin nəticəsində o, tarixin keşməkeşli dövründə sağ qala bildi. Hələ üstəlik yeni qurulmuş dövlət orqanlarında vəzifə də tutdu. 1921-ci ildə Zaqafqaziya təhlükəsizlik orqanlarına işə düzələn Beriya qısa müddət ərzində sürətlə inkişaf etdi. Buna üç səbəb var idi. Əvvəla, son dərəcə hiyləgər olan Lavrentiy kommunist partiyasının "Lenin-Stalin partiyası" olduğu fikrini irəli sürmüşdü. Bu isə Leninin yerinə göz dikən, onun xəstəliyi səbəbi ilə ölkəyə faktiki rəhbərlik edən Stalin tərəfindən qiymətləndirilməyə bilməzdi. Beriyanın inkişaf etməsinə digər səbəb isə onun satqınlığı ilə əlaqədar idi. Belə ki, o, müxtəlif vəzifəli şəxslər barədə kompromatlar (mənfi məlumatlar) toplayır, sənədləri şəxsən yoldaş Stalinə ötürürdü. Bütün bunlara Beriyanın yaltaqlıq xüsusiyyətlərini əlavə etsək, onun uğurunun qaçılmaz olduğunu görərik. Heç təsadüfi deyil ki, Stalinin Gürcüstana növbəti səfəri zamanı Lavrentiy özünü gözə soxa bilmişdi. Daha dəqiq desək, rəhbərin şərəfinə təşkil olunmuş ziyafətdə o, Stalinin atıcılıq qabiliyyətini nümayiş etdirmək üçün özünü qurban verməkdən belə çəkinməmişdi. Deyilənə görə, Stalinin şəninə badələr qaldıran Beriya onun qəfil təklifindən tutulsa da, qorxduğunu büruzə verməmək üçün irəli çıxıb, böyük bir almanı başı üzərinə qaldırmışdı. Stalin bu almanı nişana götürüb, hamının gözü qarşısında atəş açmışdı. Lavrentiy bir anlıq mənəvi sarsıntı keçirsə də, hər şey onun üçün yaxşı ötüşdü, yəni Stalinin gülləsi hədəfə dəydi. Bu hadisədən dərhal sonra "dahi" rəhbər işçisinin fədakarlığını layiqincə qiymətləndirdi və L.P.Beriya 1938-cı ildə vəzifə pilləsində sıçrayış edərək, Moskvaya dəvət aldı. Həmin ildən etibarən ölkədəki mühüm işlər ikiüzlü, satqın və yaltaq bir manyaka tapşırıldı.

QANUNİ CİNAYƏTKAR

Stalinin etibarını qazanmış Beriya hərəkətlərinə məhdudiyyət qoymurdu. O, xüsusi amansızlıqla öz vətəndaşlarını qətlə yetirir, tanınmış ziyalıları repressiya düşərgələrində çürüdürdü. İkinci Dünya Müharibəsi dövründə Beriya Dövlət Müdafiə Komitəsinin üzvü vəzifəsində çalışırdı və müdafiə sənayesinə birbaşa rəhbərlik edirdi. O, cəbhədəki uğursuzluqlardan istifadə edərək, bir çox hərbçi zabitlərin ölümünə hökm vermişdi. Deyilənə görə, çox vaxt qətlə yetirilənlər gözəl xanımların ərləri və ya ailə üzvləri olurdu. Lavrentiy Beriya bu üsulla rəqiblərini sıradan çıxarır, "xalq düşmənləri"nin qadınlarını şantaj etməklə öz çirkin məqsədlərinə nail olurdu. Ümumiyyətlə, bu vəhşinin cinayətlərini saymaqla qurtarmaq olmaz. 1940-cı ildə Polşa əsirlərinin güllələnməsi, Çeçen xalqının Qazaxıstana deportasiya edilməsi, alman hərbi libasında öz vətəndaşlarının kütləvi surətdə qətlə yetirilməsi və sair cinayətlər Beriyanın xəstə təxəyyülünün məhsulu idi. 1944-cü ildə o, atom bombasının hazırlanması işinə rəhbərlik edirdi. Stalinin əmri ilə 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Lavrentiy 1946-cı ildə marşal rütbəsini aldı.

MƏKRLİ NİYYƏT

Stalinin ölümündən sonra Beriya rəhbərliyi öz əlinə almaq fikrinə düşdü. O vaxtlar o, Daxili İşlər naziri və nazirlər kabinetinin sədrinin (baş nazirin) müavini vəzifəsində çalışırdı. Göründüyü kimi, güc strukturları onun birbaşa nəzarəti altında idi və istənilən vaxt ölkədə çevriliş baş verə bilərdi. Məhz bu amili və Beriyanın şəxsi keyfiyyətlərini nəzərə alan ölkə rəhbərliyi təxirəsalınmaz addımlar atmaq məcburiyyətində qaldı. Belə ki, şəxsi söhbətləri zamanı o, yaxın dostu olan marşal Jukova bu barədə təkliflər etmişdi. Məhz Jukovun sayıqlığı və vətənə sədaqəti onun planlarını alt-üst etdi. Daha dəqiq desək, marşalın birbaşa rəhbərliyi altında L.P.Beriyanın zərərsizləşməsi barədə əməliyyat təşkil olundu. 1953-cü ilin iyun ayında o, iş otağındaca həbsə alındı.

Kommunist partiyasının iyul plenumunda çıxış edən mərkəzi komitənin katibi Şatalin mövcud cinayət işi barəsində bunları deyirdi: "Biz hadisə yerində axtarış apararkən dustağın əxlaqsız olmasını sübuta yetirən müxtəlif əşyalar əldə etdik." Şatalinin çıxışı iclas iştirakçılarının çoxsaylı suallarına səbəb oldu. Hamı maddi sübutlarla maraqlanırdı. Məcburiyyət qarşısında qalan natiq fikrinə aydınlıq gətirməli oldu və utandığından başını aşağı salaraq, danışığına davam etdi: "Tapılmış maddi sübutlar kimi bir ədəd dəridən hazırlanmış qamçını və kauçukdan düzəldilmiş süni cinsiyyət orqanını göstərmək olar. Bundan əlavə, dustağın şəxsi arxivində çoxsaylı əxlaqsız məktublar və qadınların telefon nömrələri yazılmış siyahılar aşkar edilib."

ŞANTAJ

Lavrenti ailəsi ilə birlikdə Moskvanın Kaçalov küçəsində yerləşən imarətdə qalırdı. O, mənzilin beş otağını oğlu Serqo, gəlini, nəvələri və həyat yoldaşı Nina ilə paylaşırdı. Qalanlarında isə xidmətçilər və mühafizəçilər yaşayırdı. Onu da qeyd edək ki, ərinin xəyanətlərindən xəbərdar olan Nina onu yaxına buraxmırdı. O isə hər gecə növbəti qurbanını evinə gətirir və öz otağında əxlaqsızlıqla məşğul olurdu. Bir neçə dəfə sifilis və müxtəlif zöhrəvi xəstəliklərə tutulan Beriya hətta müalicə alan vaxtlarda da intim fəaliyyətini dayandırmırdı. Ümumiyyətlə, Lavrentiy aktiv həyatı çox sevirdi. O, çox vaxt qara rəngli xidməti maşını ilə qızlar məktəbinin yanına gəlir, 14-15 yaşlı şagirdlərin içərisindən şikarını seçirdi. Təbii ki, yeniyetmələr onun təklifini rədd edirdilər. Bu halda Beriyanın göstərişi ilə həmin qızların valideynləri barəsində müxtəlif bəhanələrlə cinayət işləri açılırdı. Son nəticədə manyak öz məqsədinə yetişirdi. Məhkəmədə çıxış edərkən o, bu faktları inkar etsə də, təqsirini qismən etiraf etməli oldu. L.P.Beriya 62 xanımla intim əlaqədə olduğunu boynuna aldı. Qəribəsi odur ki, siyahıda adları sadalanan xanımların arasında dünya və Avropa çempionları olan idmançı qadınlar və cəbhədə şücaət göstərmiş qəhrəman veteranlar da var idi.

İBLİSİN SON NƏFƏSİ

Nəhayət, 1953-cü ilin 23 dekabr günü L.P.Beriyanın ölüm hökmü icra edildi. Marşal Jukovun dediyinə görə, qərar icra olunarkən Lavrentiy panikaya qapılmışdı. O, dizlərini yerə qoyub, icraçılara yalvarır, hönkür-hönkür ağlayırdı. Bir sözlə, əclaf kimi yaşadığı üçün əclaf kimi də ölməli idi.

BATAQLIQDA YETİŞƏN ÇİÇƏK

Nə qədər qəribə olsa da, etiraf etməliyik ki, Beriyanın rəsmi nikahdan olan oğlu Serqo atasının yolunu davam etmədi. Əksinə, bütün həyatını elmə sərf edərək, ad-san qazandı. Bircə faktı demək kifayətdir ki, 1953-cü ilə qədər elmlər doktorluğunadək yüksələn Serqo həbsi ilə əlaqədar bu addan məhrum edildi. Lakin azadlığa çıxdıqdan sonra namizədlik və doktorluq dissertasiyasını yenidən müdafiə etdi və qısa müddət ərzində kosmik tədqiqatlar institutunun birinə rəhbərlik etməyə başladı.

Tarix onu yazanları yaşadır. Beriya kimi rəhbərlər qanla yazdıqları səhifələrdə lənətlə anılırlar...

Könül Aypara

O.M.