Xırdalanda oğlanı zorlamaq istəyən şəxs öldürüldü

Xırdalanda oğlanı zorlamaq istəyən şəxs öldürüldü

20 İyul 2011 10:26
Bəyəndim (0) Bəyənmədim (0)
Ölən öldürənləri işə düzəldəcəkdi

Məhkəmə

"Habilin bizimlə cinsi əlaqədə olmaq istəməsi həm mənim, həm də Cəfərin qüruruna toxunmuşdu. Ona görə də Cəfər Habili qaldırıb başı üstə yerə çırpdı. Habil Cəfərin üstünə gedəndə bu dəfə mən onu yerə çırpdım. Sonra Habilin başından və bədəninin müxtəlif yerlərindən ayaqlarımızla zərbələr endirdik"

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Siyəzən rayon sakinləri - Əziz Həsənov və Cəfər Fətihinin məhkəmə istintaqı başa çatıb. Məhkəmə yolu ilə müəyyən edilib ki, Əziz Həsənov 14 dekabr 2008-ci ildə tanışı Himayət Məmmədovun kirayə yaşadığı Xırdalan şəhəri Quşçuluq yaşayış massivindəki həyət evində onunla birlikdə çörək yeyib. Bundan sonra Himayət Məmmədov evinə gələn qonağı bıçaqla hədələyərək ondan soyunmasını tələb edərək, cinsi əlaqədə olmaq istədiyini deyib. Əziz Həsənov buna etiraz edərkən Himayətin otaq yoldaşları gəlib çıxıb. Yaranmış vəziyyətdən istifadə edən qonaq dərhal mənzili tərk edib. O, kirayə yaşadığı evə gələrək başına gələnləri dostu Cəfər Fətihiyə danışıb. Onlar Himayət Məmmədovdan qisas almaq məqsədi ilə sonuncu ilə elə həmin günü saat 22 radələrində görüşüblər. Sərxoş halda olan Himayət Məmmədov əvvəllər də ayrı-ayrı kişilərlə cinsi əlaqədə olduğunu, onlarla da cinsi əlaqədə olmaq istədiyini açıqlayıb. Himayətin bu sözündən sonra Əziz Həsənovla Cəfər Fətihi onu qaldırıb başı üstə yerə çırpıblar. Himayətin başından və bədəninin müxtəlif yerlərindən təpiklə zərbələr endiriblər. Onun tərpənmədiyini görüb yaxınlıqdakı çirkli su hövzəsinə ataraq hadisə yerindən uzaqlaşıblar.

"O, hər dəfə bir bəhanə gətirirdi"

Təqsirləndirilən şəxs qismində dindirilən Əziz Həsənov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, məhkəmə istintaqı zamanı ifadə verməkdən imtina edib. Yalnız proses iştirakçılarının ayrı-ayrı suallarına cavab verməklə kifayətlənib: "Himayət Məmmədovla həmyerlimiz Əli Babazadənin vasitəsi ilə tanış olmuşduq. Dostum Cəfərlə mən iş axtarırdıq. Əli bizə dedi ki, təsadüfən tanış olduğu Habil (Himayət Məmmədovu nəzərdə tutur-red.) adlı şəxs Xırdalanda onu işə düzəltməyə söz verib. Əli Habilin telefon nömrəsini bizə verdi və onunla əlaqə saxlamağı məsləhət gördü.

Cəfərlə mən Habillə əlaqə saxladıq. Habil bizə Xırdalanda inşa olunan "Ər -Riyad" ticarət obyektində usta işlədiyini dedi, bizi də işə düzəldəcəyinə söz verdi. Cəfərlə ikimiz Xırdalanda kirayə ev tutduq. Sonra Habillə görüşüb işə düzəlmək üçün gəldiyimizi dedik. Lakin Habil hər dəfə bir bəhanə göstərməklə bizi işə düzəltmirdi.

13 dekabr 2008-ci ildə Cəfərlə mən Habilin dəvəti ilə onun kirayə yaşadığı evə getdik. Habil yenə vəd verdi ki, yaxın vaxtlarda bizi işə düzəldəcək.

Bir qədər sonra Habilin otaq yoldaşları evə gəldilər və biz sağollaşıb mənzildən çıxdıq. Yolda Cəfər mənə dedi ki, Habilə inanmıram, bir daha onunla görüşməyə getməyəcəyəm. Ertəsi gün Habil guya iş barəsində söhbət etmək üçün məni yaşadığı evə dəvət etdi. Həmin gün Habilin yaşadığı evə getdim. O, məni yeməyə və spirtli içki qəbul etməyə dəvət etdi. Mən içki içmədim, Habil arağı tək içdi.

"Ya mən deyən olmalıdır, ya da sənin bağırsaqlarını çölə töküb öldürərəm"

Bir qədər sonra Habil əlinə bıçaq götürərək şalvarımı soyunmağı tələb etdi, mənimlə yaxınlıq etmək niyyətində olduğunu dedi. Etirazımı bildirdikdə, Habil bıçaqla üstümə cumub mənə "ya mən deyən olmalıdır, ya da sənin bağırsaqlarını çölə töküb öldürərəm", - dedi. Elə bu zaman Habilin otaq yoldaşları gəldilər. Habil onları görən kimi bıçağı gizlətdi. Onların otağa girməsindən istifadə edərək mənzili tərk etdim.

Kirayədə yaşadığım evə gələrək Habilin hərəkətlərini Cəfərə danışdım. Ona Habilin arxamca evə gəlməsindən qorxduğumu söylədim. Dedim: "Cəfər, gəl əşyalarımızı da götürüb Siyəzənə qayıdaq." Bu zaman Habil mobil telefonuma zəng vurdu. Onunla danışmaq istəməyib telefonu Cəfərə verdim. Habil telefonda Cəfəri nalayiq söyüşlərlə söydü. Ona görə də Cəfər telefonu söndürdü. Paltarlarımızı geyinib evdən çıxdıq. Küçəyə çıxanda Habillə qarşılaşdıq. Həmin vaxt Habilin əlində bıçaq var idi. O bizə, "həmyerliniz Əlini üzdəniraq etmişəm, 50 manat da pul vermişəm, sizin də başınıza bu işi gətirəcəyəm", - dedi.

"Onun bu hərəkəti bizim qürurumuza toxunmuşdu"

Habildə bıçaq olduğu üçün qorxub onun dediyi yerə - yaşadığımız evdən 100 metr aralıda olan qamışlığa tərəf getdik. Ona, "sən niyə belə edirsən, biz sənə əmi demişik, sən də bizə qardaş oğlu demisən", - dedikdə Habil əlindəki bıçaqla sinəmdən vurmaq istədi. Mən cəld tərpənib kənara çəkildim. Habilin bizimlə cinsi əlaqədə olmaq istəməsi həm mənim, həm də Cəfərin qüruruna toxunmuşdu. Ona görə də əvvəlcə Cəfər Habili arxadan əlləri ilə qaldırıb başı üstə yerə çırpdı. Habil yerdən qalxıb Cəfərin üstünə gedəndə bu dəfə mən onu başı üstə yerə çırpdım. Yerə yıxılmış vəziyyətdə olan Habilin başından və bədəninin müxtəlif yerlərindən ayaqlarımızla bir neçə zərbə vurduq.

"Öz namusumuzu qorumaq məcburiyyətində qalmışdıq"

Hərəkətsiz qaldığını görüb Habili yerdən qaldırıb, yaxınlıqdakı çirkli su hövzəsinə atıb getdik. Cəfər bıçağı sındırıb zibil qutusuna atdı. Mən də mobil telefonumun nömrəsini sındırıb atdım, telefonu isə satdım. Ötən ilin yanvar ayının 9-da Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən tutulduqda bildim ki, Habil kimi tanıdığımız adamın əsl adı Himayət imiş.

Özümü ona görə təqsirli bilmirəm ki, öz namusumuzu qorumaq məcburiyyətində qalaraq Himayətə xəsarətlər yetirmişik".

Təqsirləndirilən şəxs qismində dindirilən Cəfər Fətihi ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib və məhkəmədə ifadə verməkdən imtina edib. O, ibtidai istintaq zamanı Əziz Həsənovun ifadəsinə uyğun ifadə verib.

"Qardaşımı iki nəfər deyil, daha çox adam qətlə yetirib"

Zərərçəkmiş şəxs qismində dindirilən Fikrət Məmmədovun (mərhumun qardaşı) ifadəsindən:

- Mərhum Himayət Məmmədov mənim qardaşım olub. Qardaşım ailəsindən ayrılaraq, Xırdalan şəhərində tikintidə usta işləyirdi və kirayədə qalırdı. Arabir mobil telefonla qardaşımla əlaqə saxlayırdım. 22 dekabr 2008-ci ildə əmim oğlu Abbas Məmmədov mənə zəng vuraraq dedi ki, 14 dekabr 2008-ci ildə gecə vaxtı Himayət zəng vurub 10 nəfərin onu "kruqa" aldığını deyib. Təklif edib ki, taksiyə minib onun köməyinə gəlsin. Bundan sonra Himayətin telefonuna zəng çatmayıb. Qardaşımla Xırdalanda kirayədə yaşayan Tural adlı şəxslə görüşüb söhbət etdim. Tural mənə dekabrın 14-də axşamüstü işdən evə gəldikdə Himayətin Əziz adlı şəxsin telefonuna zəng etməsinin, telefonu başqa adamın götürüb Himayəti söyməsinin, Himayətin onu söyən adama "söyüş söymə, mənə Əziz lazımdır" deməsinin şahidi olduğunu dedi. Tural onu da dedi ki, Himayət evdən çıxanda yanında iki nəfər sarışın oğlan olub. Himayət Turala deyib ki, bu iki şəxs onun həmkəndliləridir. Müstəntiqə bu məsələni araşdırmağı xahiş etdim, lakin müstəntiq araşdırmadı.

Qardaşımın meyitinə morqda baxdım, qaşının üstündə çapıq gördüm, çapığın üzərindəki qan qurumamışdı. Hesab edirəm ki, qardaşımı 14 dekabr 2008-ci ildə deyil, ondan sonra meyit aşkar olunana yaxın qətlə yetiriblər. Qardaşımı iki deyil, daha çox adam qətlə yetirib. Çünki qardaşım əmim oğlu Abbasa zəng edib onu 10 nəfərin "kruqa" aldığını deyib.

"Məhkəmədən xahiş edirəm ki, bütün bu məsələlər araşdırılsın"

Əzizgil tutulduqdan sonra Əzizin atası mənə dedi ki, Abşeron rayon polis idarəsinin Səbuhi adlı əməkdaşı 7 yanvar 2009-cu ildə ona zəng edib oğlunu polisə gətirməyi təklif edib. Əzizin atası da Əzizi döyüb ki, o nə iş görüb ki, polis onu çağırır. Mənim üçün maraqlıdır: əgər qardaşımın meyiti 8 yanvar 2009-cu ildə aşkar edilibsə, Səbuhi Əzizin atasına hansı səbəbdən 7 yanvar 2009-cu ildə zəng edərək oğlunun gətirilməsini istəyib? Məhkəmədən xahiş edirəm ki, bu məsələ də araşdırılsın.

"Mərhum qardaşım guya zorlama cinayətinə görə məhkum edilib"

Təqsirləndirilən şəxslərin vəkili deyir ki, guya qardaşım Rusiyada zorlama cinayətinə görə məhkum edilib. Amma bu belə deyil. Əslində isə qardaşım zorlama cinayətinə görə deyil, fərariliyə görə məhkum olunub. Mən heç vaxt eşitməmişəm ki, qardaşım cinsi cinayətlərin törədilməsinə meylli olsun. Qardaşımı əxlaqlı, abırlı adam kimi tanımışam. Bu səbəbdən təqsirləndirilən şəxslərin qardaşımı uşaqbazlıq etmək istədiyinə görə öldürmələri barədə verdikləri ifadələrə inanmıram.

"Himayət spirtli içkiyə meylli idi, içəndə öz-özünə söyürdü"

Şahid qismində dindirilən Tural Məhərrəmov ifadəsində təqsirləndirilən şəxsləri tanıdığını göstərib: "Onları Himayətin yanına evə gələndə görmüşdüm. Qardaşım Turqutla işdən gələndə Himayətin Əziz və Cəfərlə evdə oturub çay içdiklərini gördüm. Həmin vaxt hər hansı mübahisənin, narazılığın şahidi olmamışam. Himayət yoxa çıxan günü isə işdən evə gəldikdə Himayəti Əzizlə birlikdə evdə çay-çörək yeyib içən zamanı görmüşdük. Onların arasında bir narazılıq hiss etməmişəm. Biz evə gəldikdən sonra Əziz çıxıb getdi. Bundan sonra Himayət Əzizə zəng vurdu. Himayətin telefonla danışığından başa düşdüm ki, Əzizin telefonunu başqa adam götürüb danışır. Himayətin həmin adamı söyməsini eşitdim. Himayətin söydüyü adam nə dedisə o, evdən çıxdı. Üç gün sonra Himayətin telefonuna zəng vurdum, lakin telefona cavab verən olmadı. Himayətdə elə bir pis xüsusiyyət görməmişəm, lakin spirtli içkilərə meylli idi. İçəndə də öz-özünə söyürdü".

"Namaz qılan olduğum üçün Himayətin davranışını bəyənmirdim"

Şahid qismində dindirilən Turqut Məhərrəmov ifadəsində təqsirləndirilən şəxsləri bir və yaxud iki dəfə gördüyünü göstərib: "Himayəti kirayədə qaldığım evdə otaq yoldaşı kimi tanımışam. Onunla yaxınlığım yox idi. Belə ki, Himayət içirdi, nalayiq sözlər danışırdı. Mən isə namaz qılan adam kimi Himayətin belə davranışını bəyənmirdim. Axşamüstü qardaşım Turalla işdən gələndə evin həyətində təqsirləndirilən şəxslərdən birini gördüm. Lakin aradan çox vaxt keçdiyindən hansı olduğunu xatırlaya bilmirəm. Himayət onu həyətdə gözləyən şəxslə birlikdə çıxıb getdi".

QEYD: Məhkəmənin hökmü ilə Əziz Həsənov və Cəfər Fətihi cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə hər ikisi 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Son söz əvəzi: Həyat olumla ölüm arasında bir körpüdür. Bu yolda insanın ən doğru bələdçisi mələklər olur. Bəziləri isə dəli şeytana uyaraq yollarını azırlar və körpüdən uçuruma yuvarlanırlar...

İnarə Rafiqqızı

O.M.