Nişanlısını qətlə yetirənin məhkəməsi başladı

Nişanlısını qətlə yetirənin məhkəməsi başladı

3 İyul 2017 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan Nəcəf Məcidovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

N.Məcidov çıxışında hərdən anlaqsız hərəkət etdiyini, müalicəyə ehtiyacı olduğunu bildirib.

Hakim təqsirləndirilən şəxsin xəstəliyi ilə bağlı məsələnin məhkəmə istintaqı zamanı araşdırılacağını deyib.

Zərərçəkmişin hüquqi varisi Türkiyədə olduğundan hazırlıq iclasının keçirilməsi iyulun 6-na qədər təxirə salınıb.

İttihama görə, bu il martın 4-də Bakının Binə qəsəbəsində nişanlısını qətlə yetirdikdən sonra qaçan 31 yaşlı Nəcəf Məcidov hadisədən bir həftə sonra yaxalanıb. Hüquq-mühafizə orqanları 26 yaşlı nişanlısı İlahə Ağayevanı bıçaqlayaraq öldürən, onun bacısı Rəhiməyə də xəsarət yetirən Nəcəfi müxtəlif yerlərdə axtarsalar da, onu elə Binə qəsəbəsində yaxalayıblar.

Məlum olub ki, Nəcəf Məcidov məlum qətli törədəndən sonra tutulmamaq üçün evə getməyib, telefonunu söndürüb. Bu müddətdə Binə qəsəbəsində yaşayış olmayan yarımçıq tikililərdə və dükanlarda qalıb.

Qeyd edək ki, Nəcəf Məcidov əvvəllər də məhkumluq həyatı yaşayıb. Məlum qətlə gəlincə, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü İlahə Ağayeva nişanlısı Nəcəf Məcidova üzüyü geri qaytarması barədə xəbər göndərib. Səbəb oğlanın tüfeyli həyat keçirməsi olub. Bundan sonra Nəcəf Məcidov tələb edib ki, keçmiş nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədikdə, Nəcəf gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İlahə Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb.

Nəticədə İ.Ağayeva hadisə yerində ölüb. Rəhimə Ağayeva isə xəstəxanaya yerləşdirilib.

Mediainfo.az