Mirzə İbrahimov və Süleyman Rüstəmin qəribə xeyirxahlığı- Övladları danışır
Xalq yazıçısı Mirzə İbrahimovla, Xalq şairi Süleyman Rüstəmi birləşdirən bir çox maraqlı cəhətlər olub. Hər ikisi Güney Azərbaycan vurğunu idilər, hər ikisi məsul vəzifələrdə çalışmışdılar, hər ikisi möhkəm dost olmuşdular.
Şəhərin mərkəzində, Dənizkənarı Bulvarın yaxınlığındakı yazıçıların yaşadığı binada yaşayırdılar. Özü də eyni blokda, biri dördüncü , o biri isə beşinci mərtəbədə...
Ədəbiyyat dünyasındakı gənc şair və yazıçılar hər iki qonşu dostun köməyindən faydalanırdılar. Hər ikisinin böyük səlahiyyət sahibi olmaları ədəbiyyata yeni gələn gənclərə də səmərəli olurdu:
Mirzə İbrahimovun qızı Sevda İbrahimova Moderator.az-a açıqlamasında atasının xeyirxahlığı barəsində bunları deyir:
"Atam yetimliklə böyüyüb. Amma siz heyf ki, onu görməmisiz. O necə nəcib və alicənab bir insan idi. Kimsəsiz, min bir çətinliklə böyüyəsən, amma o cür alicənab biri olasan... Atam o qədər adama yaxşılıq edib ki?!
Sadıqca bitməz! Anam məşhur tarzən Qurban Pirimovun qızı olub. Həm babam, həm də anam bu cür nəcib xüsussiyyətlərinə görə, atama yüksək səviyyədə hörmət edirdilər. Yüksək vəzifələrdə çalışmasına baxmayaraq, hər zaman öz sadəliyini qoruyub. İşdə bəzən xoşagəlməz hadisələr yaşanardı. Amma o, evə gəlin yazı masasının arxasına keçəndə artıq hər şeyi unudardı".
Süleyman Rüstımin oğlu Azad Rüstəmzadə isə həm atası, həm də Mirzə İbrahimovun xeyirxahlığı barəsində bunları deyir:
Yardım demişkən, Xaqani küçəsindəki binada dördüncü mərtəbədə Mirzə İbrahimov, beşincisində isə biz qalırdıq. Mirzə İbrahimovun yaşadığı evlə qonşu olmuşuq. Şikayətçilər bloka girəndə heç zaman dördüncü mərtəbədə-yəni Mirzə İbrahimovun qapısının ağzında dayanmayıb, birbaşa beşinci mərtəbəyə -atamın yanına qalxıb şikayətlərini ona deyirdilər. Səbəbini atamdan soruşanda gülə-gülə deyirdi ki, Mirzənin yanına gedəcəkdilər, o da onlara başlayacaqdı dərs deməyə-ay bala, get işlə, nə bilim neynə... Əşi, bu yazıqlar daha əlacsız qalıb, sənin yanına gəliblər də.
Atamda isə bu cür sorğu-suallar olmazdı. əlindən nə gələrdisə, onu da dərhal edərdi. Düzdü, şikayətçilər arasında dələduzlar, yalandan pul qoparmaq istəyənlər də olardı. Amma bu cür adamlar elə o saat bilinərdi. Ədəbiyyata yeni gələn cavanlara o qədər kömək edib ki! Sabir Rüstəmxanlı onun 110 illik yubileyində də bunu dedi, həmişə də deyib.Sabirə çox köməklik edib. Hansısa cavan şairin nəsə bir çətinliyi düşərdi. O zaman atama deyərdilər ki, Süleyman müəllim, bir problem var, bu işdə sizdən başqa heç kəs bizə kömək edə bilməz. O da yardım edərdi. Məsələn, kiminsə "prava"sını alıblar, atam işə qarışıb. Kiminsə tamam başqa sıxıntısı olub.Amma hər dəfə çalışıb ki, ya Ali Sovetin xətti, ya da öz nüfuzu ilə onu həll eləsin...































































































