"Eurovision-2012" müsabiqəsinə hazırlıq işləri ilə bağlı kredit ayrıldı
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar elan etdiyi investisiya layihələrinin qəbulunu davam etdirir. Bu barədə SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib. Onun sözlərinə görə, artıq kiçik və orta ölçülü xalçaların istehsalı ilə bağlı 3 investisiya layihəsinin maliyyələşdirilməsinə başlanıb. Bundan başqa, 130-dan artıq investisiya layihəsinin maliyyələşdirilməsi üzrə danışıqlar aparılır: "Öz növbəsində fond tərəfindən bu mövzuda sahibkarlarla görüşlər keçirilir".
Xatırladaq ki, SKMF son dövrlərdə Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin,
idman yarışlarının, musiqi festivallarının keçirildiyini, Azərbaycana gələn
turistlərin ildən-ilə artdığını, eləcə də "Eurovision-2012" mahnı müsabiqəsinin
Bakıda keçiriləcəyini nəzərə alaraq, Azərbaycanın milli, mənəvi və mədəni
dəyərlərini özündə əks etdirən suvenir və xatirə əşyalarının (tikiş, toxuma,
heykəltəraşlıq, oyma sənəti nümunələri, aksessuarlar və s.) istehsalı üzrə
investisiya layihələrinin maliyyələşdirilməsinə dair təkliflərin qəbulunu elan
edib.
İnvestisiya layihəsi çərçivəsində görüləcək işlərə dair tövsiyələrə
Azərbaycanın milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenir və
xatirə əşyalarının istehsalının, qablaşdırılmasının və satışının təşkil
olunması, investisiya layihəsi çərçivəsində suvenirlərin istehsalında yüksək dizayn
xidmətlərinin təşkili daxildir. Sahibkarların istəyinə əsasən, investisiya
layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına
maliyyələşdirilə bilər.
O.M.