Mirziyoyev and içərək Özbəkistan prezidenti vəzifəsinin icrasına başlayıb
Cümə günü Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin inauqurasiya mərasimi keçirilib.
Oxuməni.az xəbər verir ki, İnauqurasiya mərasimi ölkənin milli televiziyası ilə canlı yayımlanıb.
Senatın geniş iclas zalında parlamentarilərlə yanaşı, Mərkəzi Seçki Komissiyasının və hökumətin üzvləri, Konstitusiya Məhkəməsinin hakimləri, Daşkənddə akkreditə olunmuş diplomatik idarələrin rəhbərləri, yerli və xarici KİV nümayəndələri də iştirak ediblər.
Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev bildirib ki, iyulun 9-da keçirilən növbədənkənar seçkilərdə Şavkat Mirziyoyev ölkə prezidenti seçilib. O, Mirziyoyevə Özbəkistan Respublikası Prezidentinin sertifikatını təqdim edib.
Sonra seçilmiş dövlət başçısı əlini eyni zamanda Konstitusiyanın və Quranın üzərinə qoyaraq and içib.
İyulun 11-də Özbəkistan MSK bütün bülletenləri hesabladıqdan sonra Özbəkistanın hazırkı prezidenti Şavkat Mirziyoyevin növbədənkənar prezident seçkilərində 87,05% səs toplayaraq inamlı qələbə qazandığını elan edib.
MSK-nın məlumatına görə, yekun seçici fəallığı 79,88% və ya 15,6 milyondan çox seçici olub.
Hazırkı prezident seçkiləri prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadılmasını nəzərdə tutan Konstitusiyaya dəyişikliklərdən sonra ilk seçki olub.
Əziz Mustafa, Oxumeni.az