Sərhəd xidmətinin keçmiş direktoru Darxan Dilmanov  4 il müddətinə azadlıqdan məhrum edilib

Sərhəd xidmətinin keçmiş direktoru Darxan Dilmanov 4 il müddətinə azadlıqdan məhrum edilib

26 Dekabr 2023 18:33
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan sərhəd xidmətinin keçmiş direktoru Darxan Dilmanov əmlakı müsadirə olunmaqla 4 il müddətinə azadlıqdan məhrum edilib.

Almatı qarnizonunun hərbi məhkəməsi onu ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadədə və külli miqdarda rüşvət almaqda təqsirli bilib.

İşdə bir neçə nəfər iştirak edib. Məhkəmə müəyyən edib ki, onlardan biri Dilmanovu müəyyən gəlir vəd edərək, Çindən Qazaxıstana mal gətirmək üçün qanunsuz sxemdə iştirak etməyə dəvət edib. Dilmanov razılaşıb.

“Çin Xalq Respublikasından Qazaxıstan Respublikasına yüklərin buraxılış məntəqəsindən çıxmadan, ümumi növbədən yan keçməklə qeyri-qanuni yükdaşıma sxeminin həyata keçirilməsi ilə əlaqədar 1750 gediş-gəliş həyata keçirilib ki, bu da dövlətə külli miqdarda ziyan vurub”,-deyə məhkəmə bildirib.
Təqsirləndirilən şəxslərin təqsiri şahidlərin ifadələri, hərbi nizamnamələrin rəyləri, ekspertizalar, sənədli yoxlama aktları ilə sübuta yetirilib. Dilmanov və biri istisna olmaqla, digər təqsirləndirilən şəxslər təqsirli olduqlarını tam etiraf edərək, əməllərindən peşman olduqlarını bildiriblər. Onlara ən yüngül, ən aşağı cəza növünün təyin edilməsini, həmçinin əlavə tədbirlər tətbiq edilməməsini xahiş ediblər.

Müttəhimlərdən biri 5 il müddətinə azadlıqdan məhrum edilib, digəri isə rüşvətin 30 misli, yəni 38 milyon tengedən çox (demək olar ki, 83 min dollar) cərimələnib. Qalan təqsirləndirilən şəxslərin əmlakı müsadirə olunmadan 3,5 ildən 5,5 ilədək müddətə azadlıqları məhdudlaşdırılıb. Bütün məhkumlar ömürlük dövlət qulluğunda vəzifə tutmaq hüququndan məhrum ediliblər.

Məhkəmə, həmçinin Dilmanovun “general-leytenant” hərbi rütbəsindən, dövlət mükafatı – 2-ci dərəcəli “Aibin” ordeni və “Respublika Milli Təhlükəsizlik Komitəsinin veteranı” fəxri adından məhrum edilməsi barədə də Qazaxıstan prezidentinə təklif təqdim edib.

Darxan Dilmanov 2015-ci ilin iyun ayından 2022-ci ilin aprel ayına qədər Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini - Sərhəd Xidmətinin direktoru vəzifəsində çalışıb. Qazaxıstanda təhlükəsizlik qüvvələrinin sıralarında təmizləmələr 2022-ci ilin yanvar hadisələrindən sonra başlayıb və bu hadisələr zamanı 230 nəfər ölüb, 4,5 mindən çox insan yaralanıb.

Həmin ilin yanvarında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanla Çin arasında gömrük statistikasındakı uyğunsuzluğun 5,7 milyard dollara çatdığına diqqət çəkib: “Bu qədər böyük fərqin necə yarandığını heç kim izah edə bilməz. Açığını deyim ki, bu, qaçaqmalçılıqdır”, - deyə dövlət başçısı vurğulayıb və Çinlə sərhəddə asayişi bərpa etməyi tapşırıb.

Oxuməni.az