Almaniyada kimya zavodunda güclü yanğın baş verib
Almaniyada kükürd və sink məhsulları istehsal edən Grillo-Werke AG kimya zavodunda yanğın baş verib.
Bild-in əməliyyat xidmətlərindəki mənbələrinin məlumatına görə, bir nəfər xəsarət alıb. Yanğının söndürülməsinə 200-dən çox yanğınsöndürən cəlb olunub. Səlahiyyətlilər ətraf ərazilərdə yaşayan sakinləri zəhərli tüstünün yayılması təhlükəsi səbəbindən pəncərələrini bağlamağa çağırıb.
Sink və kükürd məhsullarının istehsalı üzrə ixtisaslaşan Grillo kimya zavodu Almaniyanın Duysburq şəhərinin Hamborn rayonunda yerləşir. Şirkətin mətbuat xidmətindən Bild-ə verilən məlumata görə, yanğın saat 16:20 radələrində başlayıb. Nəşr hadisə şahidinə istinadən yazır ki, təxminən 10 dəqiqə sonra iki güclü partlayış eşidilib.
Duysburq administrasiyasının nümayəndəsi Falko Firlus bildirib ki, yanğın zavodun istehsalat zallarından birini əhatə edib. Eyni zamanda o, sulfat turşusu olan çənin yerləşdiyi otaqda avtomatik yanğınsöndürmənin işə salındığını vurğulayıb.
Oxuməni.az