Növbəti ildə yaşa görə əmək pensiyasının 358 manatdan 375 manata çatması gözlənilir

Növbəti ildə yaşa görə əmək pensiyasının 358 manatdan 375 manata çatması gözlənilir

10 Noyabr 2021 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

Növbəti ildə yaşa görə əmək pensiyasının 358 manatdan 375 manata çatması gözlənilir. Cari ilin 10 ayında isə orta pensiyanın məbləği 331 manat qiymətləndirilir. Növbəti ildə isə bu məbləğin artaraq 345 manata çatması planlaşdırılır.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

"Bu da birmənalı olaraq ölkədə həm minimal pensiyaların, həm də aztəminatlı ailələrin sosial rifahının dəstəklənməsi və orta pensiya məbləğinin artaraq əhalinin layiqli həyat səviyyəsinin təmin olunması üçün verilən növbəti dəstək tədbiri olacaq", - nazir vurğulayıb.

Sahil Babayev onu da deyib ki, indiyədək təqribən 500 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib. “Xərclərin optimallaşdırılması və əsassız pensiya işlərinin ləğvi üzrə aparılan işlər nəticəsində 2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 246 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib", - nazir vurğulayıb.

Nazirin sözlərinə görə, əsassız müxtəlif qərarlarla saxta pensiya işlərinin formalaşdırılması və bunun hesabına köhnə dövrə yaradılan təxminən 60-80 milyon manat ödəmələrin qarşısı alınıb.

Sahil Babayev deyib ki, arxiv sənədlərin mərkəzləşdirilməsi də həyata keçirilir: “Bu çərçivədə yüksək məbləğli pensiyalar üzrə saxtalaşdırılmış işlərin hamısı ləğv edilir. Növbəti il üçün işsizlikdən sığorta fondu 180 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu cari illə müqayisədə 14 % artım deməkdir”.