Energetika naziri Londona gedir

Energetika naziri Londona gedir

27 Fevral 2014 16:11
Bəyəndim (0) Bəyənmədim (0)
Natiq Əliyev İkinci Xəzər Dəhlizi Konfransında iştirak edəcək

Azərbaycanın Energetika naziri Natiq Əliyev ikinci Xəzər Dəhlizi Konfransında iştirak edəcək. Azərbaycan Energetika Nazirliyi saytının verdiyi məlumata görə, Natiq Əliyevin iştirak edəcəyi Böyük Britaniyanın London şəhərində keçiriləcək ikinci Xəzər Dəhlizi Konfransında regionun iqtisadi inkişaf perspektivləri və tendensiyaları müzakirə ediləcək. Konfrans öz işinə martın 7-də London Fond Birjasının (London Stock Exchange) Baş ofisində başlayacaq və nazir Natiq Əliyev bu mötəbər beynəlxalq konfransda çıxış edəcək. Eyni zamanda, Azərbaycanın Energetika naziri, Qazaxıstanın Neft və qaz naziri Uzakbey Karabalinin, Türkmənistanın Energetika naziri Murat Artykovun, Avropa Birliyinin Energetika üzrə komissarı Günter Ottinqerin iştirakı ilə gələcək əməkdaşlıq üçün dəyərli əlaqələrin təşəkkül tapması, daha da möhkəmləndirilməsi yollarına dair təqdimatlar keçiriləcək.

Bu mötəbər beynəlxalq konfrans Xəzəryanı ölkələrin hökumət nümayəndələrini, biznes dairələrini, elmi dairələr və KİV nümayəndələrini birləşdirir. Tədbirin təşkilatçıları London Fond Birjası (London Stock Exchange), Azərbaycan Beynəlxalq Bankı, Britaniya-Azərbaycan İşgüzar Şurası və Böyük Britaniyanın "Asia House" təşkilatıdır. İkinci Xəzər Dəhlizi Konfransı çərçivəsində regionun artım amilləri, Böyük Britaniya ilə əlaqələr, regionda iqtisadi məsələlərin inkişaf həlləri təqdim ediləcək, həmçinin regionun biznes iqlimi, energetika və maliyyə-bank sektoru, informasiya texnologiyaları, inşaat və digər sahələrdə inkişaf potensialı, problem və imkanların müzakirəsi planlaşdırılır. Azərbaycan və region ölkələri üçün son dərəcə əhəmiyyətli olan TAP və TANAP layihlərinə dair müzakirələrin aparılması da konfransın proqramına daxil edilib. London Fond Birjasının (London Stock Exchange) Baş icraçı direktoru və İdarə Heyətinin sədrinin, Böyük Britaniya Parlamentinin üzvü baroness Elizabet Saymonsun, Britaniya Banklar Assosiasiyasının Baş icracı direktoru Entoni Braunun, Qazaxıstan Prezident Aparatının rəhbəri Kərim Masimovun, Avropa Birliyinin Energetika üzrə komissarı Günter Ottinqerin, "Statoil" şirkətinin İdarə Heyətinin üzvü Ledi Cadcın, Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun Baş direktoru Con Çipmanın, BP şirkətinin vitse-prezidenti Peter Matherin, bir sıra Xəzər regionu ölkələrinin səfirlərinin, dünyanın bir sıra nüfuzlu şirkətləri, o cümlədən "Lukoil", "Rosneft" şirkətləri, ABŞ-ın Harvard Universitetinin rəsmi şəxslərinin iştirakı ilə keçirləcək toplantıda məruzələr və yüksək səviyyəli müzakirələrin aparılması nəzərdə tutulub.

Mediainfo.az