Azərbaycan iqtisadiyyatının davamlı inkişafı maaş artımı ilə müşahidə olunur

Azərbaycan iqtisadiyyatının davamlı inkişafı maaş artımı ilə müşahidə olunur

4 Mart 2020 08:35
Bəyəndim (0) Bəyənmədim (0)

Növbəti 2020-2025-ci il ərzində maşların artırılması üzrə planlamalar gedir. Bu bir daha onu göstərir ki, minimum əmək haqlarının artırılması önümüzdəki illər üçün də nəzərdə tutulub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri iqtisadçı Vüqar Bayramov Prezident İlham Əliyevin 13 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nı şərh edərkən Axar.az-a açıqlamasında deyib. O bildirib ki, Azərbaycan iqtisadiyyatının davamlı inkişafı maaş artımı ilə müşahidə olunur:

“Xüsusi ilə də bu artım minimum əmək haqlarında özünü göstərir. Azərbaycanda 2019-cu ildə minimum əmək haqqı 130 manatdan 250 manata qədər artırılıb. Oxşar artım 2020-ci ilin yanvar ayında da əmək pensiyalarında özünü göstərib. Nəticədə əmək pensiyaları 200 manatdan 230 manata qalxıb.

Prezident İlham Əliyevin 13 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” növbəti beş ildə məşğulluq sahəsində mühüm irəliləyişlərə imkan yaradır. Xüsusi ilə burada minimum əmək haqqının artırılması nəzərdə tutulub. Bununla bağlı artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyə Nazirliyinə müvafiq göstərişlər verilib.

Minimum əmək haqqının artırılması öz növbəsində orta əmək haqqının artımına gətirib çıxaracaq. Çünki minimum əmək haqqı orta əmək haqqına birbaşa təsir göstərir”.

İqtisadçı qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsindən əmək haqlarının ödənilməsi üçün 6.7 milyard manat vəsait ayrılıb:

“Nəzərdə tutulan büdcənin 3.2 milyard manatı pensiya və təqaüdlər üçün nəzərdə tutulub. Bütövlükdə bu il 10 milyard manat birbaşa əmək haqqı, pensiya və təqaüdlər üçündür. Azərbaycanda sosial xərclər büdcə xərclərinin 38.5 faizin təşkil edir. Bütün bu statistik göstəricilərə nəzər salsaq görə bilərik ki, 2020-ci ildə Azərbaycanda maaşların artırılması üçün maliyyə imkanları mövcuddur”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək bazarının tənzimlənməsi istiqamətində hüquqi aktlarda dəyişikliklər edilməsinə, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əmək haqqının mərhələlərlə artırılmasına dair təkliflər hazırlayacağını açıqlayıb.

Oxuməni.az