21 evə girən nəhəng ayı tutuldu
Ötən ildən axtarılan nəhəng ayı ABŞ-ın Kaliforniya ştatındakı South Lake Tahoe bölgəsində tapılıb. Tank Hank adlı ayı cümə günü tutuldu və trankvilizator oxu ilə zərərsizləşdirildi.
Çoxsaylı xəbərlərdən sonra hərəkətə keçən səlahiyyətlilər 2022-ci ilin fevralından Amerika qara ayısını axtardıqlarını elan etmişdilər.
İnsan qorxusunu itirən ayının siren, səs tüfəngi və peyntbol gülləsi ilə belə dayandırıla bilmədiyi mətbuatda açıqlanmışıdı.
Kaliforniya Balıq və Vəhşi Təbiət Xidməti, təxminən 230 kiloqram ağırlığında olan ayının keçən ildən bəri ən azı 21 evə girdiyini bildirib.
Agentliyin sözçüsü Jordan Traverso, Tank Hankın girdiyi evlərdən ağcaqanad torlarını çıxardığını, qarajın qapılarını zədələdiyini, zibil qutularını qarışdırdığını və avtomobilləri cızdığını söyləyib.
Erkək olduğu düşünülən Tank Hank tutulduqdan sonra dişi olduğu müəyyən olub. Nəhəng ayının Koloradodakı heyvanlar qoruğuna göndəriləcəyi bildirilir.
Tank Hank adətən qışda zərər verirdi. Bunun bölgədəki iqlim böhranı və qida çatışmazlığı səbəbindən ayıların qış yuxusuna gedə bilməməsi ilə əlaqədar olduğu düşünülür.
Murad Şahməmməd

















.jpg)
.jpg)
.jpg)










































































