Prezident İlham Əliyev: Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır, bu, bizim legitim hüququmuzdur

Prezident İlham Əliyev: Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır, bu, bizim legitim hüququmuzdur

6 Dekabr 2023 16:10
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın hazırda iki variant var. Birincisi, öz xərcləri, yaxud da Avropa fondlarının pulu ilə dərhal 42 kilometrlik məsafədə dəmir yolu çəksinlər. Biz bunu, əslində, onların suveren ərazisi hesab edirik və suverenliklə bağlı bizim şərtimiz yoxdur. Lakin Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil. Bu, bizim legitim hüququmuzdur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı deyib.

Nikol Paşinyanla Brüsseldə müzakirə edilən məsələlərdən birinin Rusiyanın Kalininqradla dəmir yolu xətti təcrübəsinə əsaslandığını vurğulayan dövlətimizin başçısı Ermənistan bunu istəmədiyini vurğulayaraq deyib: “Onlar istəyirlər ki, bizə bu çıxış verilməsin, onun qarşısı alınsın. Onlar gördülər ki, biz bunu etmirik, başladılar şikayətlə çıxış etməyə. Beləliklə, biz Dövlət Departamentinin rəsmisindən müəmmalı bəyanat eşitdik. Birləşmiş Ştatlar qeyd etdi ki, əgər bu, Ermənistandan keçməsə, onlar buna imkan verməyəcəklər. Biz də öz-özümüzə sual veririk, bu nə deməkdir? Çünki biz bunu Ermənistana 3 il idi ki, söyləyirdik. Əgər istəyirsinizsə ki, bu, Ermənistan ərazisindən keçsin, onda bunu erməni dostlarınıza deyin. Siz İranla münasibətlərimizə necə müdaxilə edə bilərəsiniz? Yəni, onlar deyirlər ki, biz buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Bu, necə olar bilər? Belə məsuliyyətsiz bəyanatlar bu və ya digər tərəfə yaxşı töhfə vermir. Əfsuslar olsun ki, bu, əslində, sabitliyi, regiondakı proqnozlaşdırmanı daha da çətinləşdirir, o cümlədən bağlantı layihələrinə də təsir göstərir”.