ABŞ Qarabağ cəbhəsindəki gərginlikdən narahatdır

ABŞ Qarabağ cəbhəsindəki gərginlikdən narahatdır

11 Dekabr 2015 09:50
Bəyəndim (0) Bəyənmədim (0)

Con Kirbi: "Bütün hallarda soyuq başla düşünmənin tərəfdarıyıq"; Azərbaycan Müdafiə Nazirliyi: "Erməni tərəfinin çoxsaylı itkilərinə görə Sərkisyan-Ohanyan cinayətkar cütlüyü məsuliyyət daşıyır..."

Son günlər erməni işğalçı qüvvələri ilə təmas xəttində vəziyyət yenidən gərginləşib. Hər iki tərəfdən, xüsusən də işğalçı tərəfdən itkilər var. Lakin düşmən yenə layiqli cavabını alsa da, qat-qat böyük canlı itkilərə məruz qalsa da, öz təxribatlarından əl çəkmir və eskalasiyaya görə məsuliyyəti Azərbaycanın üzərinə atmağa cəhd edir.

Azərbaycanın Müdafiə Nazirliyi cəbhədəki son gərginlik, erməni tərəfinin bəzi nümayəndələrinin ölkəmizə qarşı təhqiramiz ifadələrlə çıxış etməsi və qoşunların təmas xəttində tankdan atəş açılmasının terrorizmə bərabər tutulması barədə səslənən absurd fikirlərə şərh verib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, son günlər Seyran Ohanyan və Serj Sərkisyan cütlüyünün cinayətkar fəaliyyətinin nəticəsi olaraq cəbhədə gərginlik nəzərəçarpacaq dərəcədə artıb: "Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri nəticəsində erməni tərəfinin çoxsaylı itkilərinə görə birbaşa məsuliyyət bu hərbi cinayətkarların üzərinə düşür. Terror yolu ilə hakimiyyəti ələ keçirən və terroru dövlət səviyyəsinə qaldıran şəxslərin ölkəmizə qarşı küçə leksikonunda danışaraq etikadan kənar ifadələr işlətməsi bizim üçün təəccüblü deyil. Çünki məhz bu onların fırıldaqçı mahiyyətini və şəxsi tərbiyəsizliklərinin səviyyəsini bir daha nümayiş etdirir".

Tanklardan istifadə məsələsinə gəlincə nazirlik bildirib: "Silahlı Qüvvələrimiz vəziyyətə uyğun olaraq düşmən bizə atəş açdığı halda, ona qarşı daha üstün silahlarla cavab verəcəyi, onların atəş nöqtələrini, mövqelərini və hərbi obyektlərini məhv edəcəyi barədə dəfələrlə xəbərdarlıq edib".

Bu arada Minsk Qrupunun həmsədr ölkələrindən biri olan ABŞ-dan təmas xəttində qeydə alınan son gərginliklərdən dolayı narahatlıq ifadə edən açıqlama gəlib. "Dağlıq Qarabağdakı son insidentlərdə ölən və yaralananlarla bağlı başsağlığı veririk". ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bunu ənənəvi mətbuat konfransında deyib (APA).

Onun sözlərinə görə, zorakılıq hallarının artması və ağır texnikadan istifadə qəbuledilməzdir: "Biz tərəfləri ciddi şəkildə atəşkəs rejiminə riayət etməyə çağırırıq. Xatırlatmaq istəyirik ki, bu hücumlar Azərbaycan və Ermənistan prezidentləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması barədə götürdükləri öhdəliyə uyğun gəlmir. Bu ilin sonuna kimi AT?T-in Minsk Qrupu həmsədrləri prezidentlər arasında növbəti görüş keçirməyi planlaşdırırlar. Biz tərəfləri zorakılıqdan çəkinmək və sammitin başa tutması üçün danışıqlar atmosferini inkişaf etdirmək sahəsində bütün addımları atmağa çağırırıq".

Con Kirbi Rusiya ilə Türkiyə arasında baş verən qalmaqalın Azərbaycan-Ermənistan münasibətlərinin daha da gərginləşməsinə gətirib çıxara biləcəyi haqda suala cavab olaraq deyib ki, onlar mənbənin haradan gəlməsindən asılı olmayaraq eskalasiyanın özündən narahatdır: "Hər iki hadisədə biz gərginliyin aradan qaldırılmasının və soyuq başla düşünmənin tərəfdarıyıq. Biz zorakılıq hallarından narahatıq. Rusiya təyyarəsinin vurulmasından sonra Rusiya və Türkiyə arasında münasibətləri monitorinq edəcək və izləyəcəyik. Biz gərginliyin aradan qaldırılmasını istəyirik".

Mediainfo.az