Ermənilər Şuşanı necə atəşə tuta bilər? Nə baş verir?

Ermənilər Şuşanı necə atəşə tuta bilər? Nə baş verir?

14 İyul 2021 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

Kimdir erməniləri cəsarətləndirən? Ermənilər hansı haqq və cəzarətlə hələ də Azərbaycanın Qarabağ bölgəsində qala bilirlər? 10 noyabr bəyannaməsi niyə icra edilmir?

Çox ciddi suallardır və Ağdam istiqamətində baş verən insidentdən sonra ötən gün erməni hərbi birliklərinin Azərbaycan Ordusunun Şuşada yerləşən əsgərlərinə atəş açması həddən artıq narahatlıq və gərginlik yaradır.

Ermənilər üçün Qarabağda “mövqe” yaratmaq istiqamətində çox ciddi addımlar atılır və burada siyasi baxımdan ATƏT-in Minsk Qrupu ölkələri birgə qərar verir, Qarabağda yerləşən rus sülhməramlıları isə münbit şərait yaradır.

Ermənistanın bu cür cəsarətlənməsinin səbəbi diplomatik korpus nümayəndələrinin Şuşaya təşkil edilən səfərinə ATƏT-in Minsk Qrupu həmsədri olan ölkələrin Bakıdakı səfirlərinin nümayişkaranə şəkildə qatılmamasından başladı. Bu fakt İrəvanı o qədər həyasızlaşdırdı ki, Şuşaya səfər edən ölkə diplomatlarının İrəvandakı nümayəndələrinə ötən gün nota təqdim etdi.

Bu, artıq nəinki 10 noyabr bəyannaməsinə, həmçinin Azərbaycana, hüquqa, ərazi bütövlüyünə meydan oxumaqdır, İrəvanın işğal siyasətindən bir addım da geri durmadığının açıq-aşkar nümayişidir. Halbuki Ermənistan Baş naziri Nikol Paşinyan özü belə Şuşada hər zaman azərbaycanlıların yaşadığını bildirməklə, dolayısı ilə bu şəhərin ermənilərə heç bir aidiyyəti olmadığını demişdi.

Elə Ermənistanın kapitulyasiyasından sonra erməni əhalisi içərisində də Şuşanın və ümumiyyətlə Qarabağın Azərbaycana aid olduğunu etiraf edən, hətta bunu kameralar qarşısında deməkdən çəkinməyən ermənilər vardı. Ordumuzun Dəmir Yumruğu ilə “ağıllanmağa” başlayan İrəvanın siyasətində “dönüş”, yenidən işğal siyasətinə qayıtma və bu qədər açıq həyasızlığın səbəbləri var.

Rusiyanın Azərbaycan ərazisində yerləşən sülhməramlıları sülhdən başqa hər məqsədə xidmət edirlər, onlar sanki sülh yaratmaq yox, erməni hərbi birliklərinin Azərbaycan ərazisində qalmasını təmin etməklə məşğuldurlar. Azərbaycan Ordusunun darmadağın etdiyi erməni silahlı qüvvələrinin tör-töküntüləri rus sülhməramlılarının arxasında gizlənərək, Azərbaycan əsgərinə necə güllə ata bilər?

Qarabağda “atəşkəs” yoxdur və o, pozula da bilməz. Rusiya MN-in Ağdamda baş verən insidentlə bağlı açıqlamasında işlətdiyi “tərəflər” ifadəsi də Ermənistanı cəsarətləndirir. Qarabağda hansı “tərəf” var? Tərəf – yəni işğalçı Ermənistan 44 günlük savaşla məhv edildi və Azərbaycandan işğalçı ordusunun tör-töküntülərinin çıxarılması barədə öhdəlik götürdü. Bunun qarantı isə Rusiyadır. Rusiya imzasına niyə hörmət etmir? Rus sülhməramlıları yalnız erməniləri köçürüb gətirmək, Qarabağda yerləşdirmək, onlara pulsuz qida məhsulları, kommunal, tibbi xidmətlər göstərmək, yardımlar paylamaq, ermənilərin özlərinin basdırdığı minaları təmizləmək və o ərazidə erməni terrorçuların sərbəst fəaliyyətinə şərait yaratmaq üçünmü gəlib?

“Atəşkəs” yalnız Ermənistanla Azərbaycan sərhədində ola bilər, orda hər hansı pozuntudan söhbət gedə bilər. Qarabağda “atəşkəs” ola bilməz, Qarabağ Azərbaycan ərazisidir. Orda atəş varsa, demək, terrorçular var! Erməni terrorçuları dərhal ölkə ərazisini tərk etməlidir və rus sülhməramlılarının arxasında gizlənən erməni birliklərinin fəaliyyətinə son qoyulmalıdır. Və bunu Rusiya sülhməramlıları etməlidir. Əks təqdirdə Azərbaycan antiterror əməliyyatına haqq edir. Azərbaycan Hərbi Hava Qüvvələri rus sülhməramlılarının arxasında yerləşən terrorçuları dəqiq zərbələrlə məhv etmək səlahiyyətinə də malikdir və Ordumuzun bu haqqı beynəlxalq hüquqla tənzimlənir.

Əgər Rusiya sülhməramlıları üzərinə düşəni icra etməsə...

Yox, artıq “şərt”, “arzu”, “istək” şəkilçiləri ilə məntiq yürütmək zamanı çoxdan keçib. 10 noyabr bəyanatına əsasən, Rusiya sülhməramlılarının yerləşməsi ilə Qarabağdakı erməni birlikləri ərazidən çıxmalı idi. Rusiya sülhməramlıları 10 noyabr gecəsindən başlayaraq yerləşsə də, 8 ay keçməsinə baxmayaraq, erməni hərbi birlikləri Azərbaycan torpaqlarından çıxmayıb və deməli, rus sülhməramlıları vəzifəsini icra etməyiblər, qarant olduğu bəndin icrasını Ermənistandan tələb etmirlər. Əksinə, rus sülhməramlıları erməni hərbi birliklərinin tör-töküntülərinin qalxanına çevrilib və onların Azərbaycan Ordusu istiqamətində atəş açmasına şərait yaradırlar.

10 noyabr bəyanatına görə, Qarabağda qalan erməni hərbçiləri qanundankənardır. Bu terrorçular 6 iyulda Azərbaycan Ordusunun əsgərini yaralayıblar, 13 iyulda isə müqəddəs şəhərimizi, mədəniyyət paytaxtımızı atəşə tutublar.

Azərbaycan Ordusunun antiterror əmıliyyatına başlaması üçün artıq heç bir hüquqi, mənəvi, siyasi məhdudiyyət yoxdur.

Ordumuz hər an bu əməliyyata başlaya bilər və başlayacaq...Axar.az