Sənə görə xəcalət çəkdiyimiz bəs deyilmi?

Sənə görə xəcalət çəkdiyimiz bəs deyilmi?

23 İyul 2021 06:41
Bəyəndim (0) Bəyənmədim (0)

Sənin dediklərinə ayıq başla cavab vermək mümkün deyil. Həqiqətən o ifadələrinə cavab vermək üçün bir az tərki dünya olmaq lazımdır. Amma biz Nəsimi ola bilmirik. Füzuli də bizim halımızdan çox uzaqdır.

Sən axı kimsən? Səni bizə kim Şeyx olaraq təqdim elədi? Bizim şeyximiz Şeyx Nizamidir. Bizim Şeyximiz Xətaidir. Biz şiə əhliyik. Bəs sən kimsən? Bizim üçün vətən və millət birdir. Torpaq və ümmət birdir. Əqidə, vətən və ana torpaq birdir, əvəzsizir. Onu sağla, solla əvəz etmək təşəbbüsləri, alternativ axtarmaq ehtimalları sıfırdan da da aşağıdadır. Əslində bu ehtimal yoxdur.

Bəs sənə nə olub? Unutdunmu? Sənə Şeyx dedilər. Biz səni elə görmək istədik. Bizə səni Şeyx kimi tanıtdılar. Şeyx babamız Xətainin dini uğrunda nələr etdiyini heç kitablardan oxumadınmı? Vətənin, soyun uğrunda bir qaşıq qanından qorxmamağın bütün həyatından üstün olduğunu sənə heç aşılamadılarmı?

Çox üzgünəm. Sənin Ocaqnejat adlı fars mücahidinin arxasında dayanıb səcdə getməyinə sənin millətinin bir fərdi olaraq çox pəjmürdəyəm. Səttarxanın, Bağırxanın, Heydər Əmoğlunun, Pişəvərinin qanına susamış cəlladların ətəyində səcdə getməyin bir şiə müsəlmanı olaraq məni çox üzdü. Görünür sən tarix oxumamışsan. Ən azından Ordubadinin “Dumanlı Təbriz”i ilə tanış deyillsən. Təbriz, Ərdəbil bizim üçün nədir, heç kafana taxmamısan.

Bəs indi biz nə edək? Bu o demək deyilmi Qarabağda 30 il boyunca ermənilərə birgə farslar tərəfindən talan olunan yurdlarımıza göz yumaq. Qarabağ uğrunda savaşan qəhrəmanlarımızın “Allahu Əkbər” nidasını heç eşitmədinmi? Din bizim son pənahımızdır. Amma bunu bizim dini liderimiz bilmirsə, görmürsə, ya da yanlış yönləndirirsə, biz sizdən kimə şikayət edək? Axı Qarabağı azad edərkən şəhid olan qardaşlarımızın qanları hələ də qəlbimizdə axır. Sizin necə insafınız yol verdi ki, "Ayətullah Xomeneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” deyəsiniz? İnsanın gözü kor, qulağı kar olmalı idi ki, İranın 44 günlük savaşda necə sürüşkən yol tutduğunu görə bilməsin. Bunu bələkdəki uşaq da bilirdi. Amma axı siz uşaq deyilsiniz. Siz bizim hamımızdan uzaqgörənsiniz. Söhbət biznesdən getmir. Söhbət din və imandan gedir.

Hətta qardaşınız, deputat Cavanşir Paşazadə də sizin dediyiniz bu fikirləri qəbul etmək gücünü özündə tapa bilməyib. Deyir ki, Şeyxin dedikləri təhrif olunub. Görürsünüzmü? Aləm bir-birinə qarpışıb. Amma siz dediyinizdən dönmürsünüz. Xətrinizə dəyməsin. Ayətullahları bizə din xilaskar kimi sırımayın. Onların Cənubi Azərbaycanda kəsdiyi başlara sorğu sual yoxdur. Bir daha deyirəm, heç olmasa Səttarxanın həyatını oxuyun. Əgər az da olsa qəlbininzdə dini ədalət varsa, nə dediyimi anlayacaqsınlız.

Mənim üçün bu gün Qarabağ nədirsə, Təbriz də odur. Təəssüf ki, sənin üçün isə bu gün Qum nədirsə, Praqada biznes qurmaq da odur. Mənim düşüncəm yanlış ola bilər. Amma sənin İran mollası arxasında səcdə getməyin başqa cür düşünməyimə imkan vermir. Vicdan insan xarakteri üçün çox vacib məsələdir. Heyif ki, sən özün də etiraf etdiyin kimi bundan xəbərin yoxdur. Başqa nə deyim?

Ya Şeyx. Sənə müraciət edirəm. Ədalət üçün iman gətir. Haqq üçün bir söz söylə. Bizi bəsdir biabır etdiyin. Axı biz də sənin ümmətin sayılırıq. Sənə görə xəcalət çəkdiyimiz bəs deyilmi?

Elnur Məmmədli