"Putin rejiminin onurğasını qıracaqlar..."

"Putin rejiminin onurğasını qıracaqlar..."

10 Aprel 2022 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynaya hərbi dəstəyin kəmiyyət və keyfiyyətində radikal inkişaf var.

Müharibənin ilk günləri burada "Ukraynanı qızışdırıb, ortada tək buraxdılar, Qərb Ukraynanı satdı" fikri geniş yayılarkən biz Ukraynanın müqavimətinə müvafiq olaraq hərbi yardımların mərhələli şəkildə həyata keçiriləcəyini və artacağını söyləyirdik.

Əgər müharibə ərəfəsində və hərbi əməliyyatlar başladıqdan sonra əsasən antitank sistemləri və qısa mənzilli daşınan ZRK-lar verilirdisə, indi ağır hərbi texnika, uzaqvuran artilleriya sistemləri, kamikadze və kəşfiyyat dronlarının göndərilməsinə başlanıb. Britaniyanın bu gün Ukraynaya gəmi əleyhinə raket sistemləri (güman olunur ki, "Harpoon") təqdim olunacağını açıqlaması isə yeni mərhələdir. Bu, artıq Rusiyanın Odessaya desant çıxarma xəyalının tamamilə dəfn olunması və həmin raketin atəş mənzilinə girən istənilən Rusiya hərbi gəmisinin məhv ediləcəyi anlamına gəlir. Digər tərəfdən, bu qərar onu göstərir ki, artıq Ukraynaya NATO ölkələri istehsalı olan modern ağır silah sistemlərinin verilməsi barədə Qərbdə prinsipial qərar var.

Yazının əvvəlində qeyd etdiyim keyfiyyət dəyişikliyini Qərbin ritorikasında da müşahidə edirik. Dünən Pentaqon sözçüsü Kirbi bildirdi ki, "biz Putinin və onun ordusunun Ukraynada məğlub olmasını görmək istəyirik". O, Ukraynanı müntəzəm olaraq kəşfiyyat məlumatları ilə təmin etdiklərini və bu məlumatlardan hücum əməliyyatlarında da isifadə edilə biləcəyini vurğuladı. Kirbidən 2 gün əvvəl dövlət katibi Blinken bəyan etmişdi ki, "Ukraynanın qələbəsini nəzərdə tutmayan hər hansı potensial ssenari görmür".

Bu gün isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Borrel "Twitter"də yazıb ki, bu savaş döyüş meydanında qazanılacaq. Avropa Birliyi rəhbərliyinin bu cür militarist mövqe ifadə etməsi çox nadir rast gəlinən hadisədir. AB eyni zamanda Ukraynaya hərbi yardım məqsədilə daha 500 milyon avro ayırıb. (Əvvəl də 1 milyard ayırmışdı.)

Bundan başqa, AB və Kanadanın təşəbbüsü ilə keçirilən "Stand up for Ukraine" qlobal kampaniyası çərçivəsində ukraynalı qaçqınlar üçün qısa müddətdə 10 milyard avro toplanıb. Ukrayna hökumətinə də ayrı-ayrı Qərb dövlətləri tərəfindən milyardlarla dollar/avro yardım ayrılmaqdadır.

ABŞ Senatında yekdilliklə qəbul olunan lend-liz qanunu isə aşağı palatada da təsdiqlənərək prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Bu qanun ABŞ prezidentinə hər hansı bürokratik gecikmə yaşanmadan müharibənin sonuna qədər Ukraynaya operativ şəkildə istənilən sayda, istənilən növ silah, hərbi texnika və humanitar yardım göndərməyə səlahiyyət verir. ABŞ ilk dəfə alman faşizmini məğlub etmək üçün lend-liz qanunu qəbul etmişdi, indi isə rus faşizmini məğlub etmək zərurəti yaranıb və bu məqsəd üçün ikinci dəfə həmin qanunu dirçəltməyə ehtiyac var. Rusiyaya mesaj verilir ki əgər sən müharibəni uzatmaqla Ukraynanın resurslarının tükənəcəyinə oynayırsansa, yanılırsan və biz nə qədər maddi-hərbi yardım lazımdırsa, o qədər ayırmaqda qərarlıyıq.

Savaşın ilk günləri onu da qeyd etmişdik ki, NATO Ukrayna hava məkanının təhlükəsizliyini təmin etməsə belə, ən azı Qərb liderlərinin Kiyevə səfərləri paytaxtın qorunması üçün mühüm dəstək nümayişi olardı. Dünən Avropa Birliyi, bu gün isə Avstriya və Britaniya liderləri Kiyevə səfər etdilər. Bu cür yüksək səviyyəli səfərlər həm Ukrayna rəhbərliyi və xalqına ciddi mənəvi-psixoloji dəstək, həm də Kiyev üçün bir növ qeyri-rəsmi təhlükəsizlik təminatıdır.

Rusiya nə qədər tez müharibəni dayandırıb, 24 fevraldan əvvəlki vəziyyəti bərpa etsə, o qədər özü üçün yaxşı olar. Sanksiyalar anakonda taktikası ilə tətbiq olunur və Rusiyanın boğazını getdikcə daha çox sıxmağa başlayır. Rusiya əvvəl hava blokadasına alınmışdı (Qərb tərəfindən), indi isə onun quru və dəniz ticarəti məhdudlaşdırılır. Rusiyanın enerji sahəsində ən böyük strateji tərəfdaşı olan Avropa Birliyi bu ölkədən kömür idxalına qadağa qoymaqla (avqustdan etibarən) enerji sahəsində sanksiyalara da start vermiş oldu. Növbədə neft embarqosudur. Qaz idxalı da bu ilin sonuna qədər azaldılacaq.

Şübhəsiz ki, bunkerdə daldalanan tiran müharibə əmri verərkən qarşısında bu qədər güclü və yekdil antiPutin koalisiyası görəcəyini gözləmirdi və bunu hesablamamışdı.

Putin rejiminin onurğasını qıracaqlar.Şahin Cəfərli, politoloq