Rusiya Ukraynada bataqlığa düşüb və onu SSRİ-nin taleyi gözləyir

Rusiya Ukraynada bataqlığa düşüb və onu SSRİ-nin taleyi gözləyir

16 Noyabr 2022 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərənin yeni Baş naziri Rişi Sunak eks həmkarı Boris Consonun Rusiyaya münasibətdəki siyasətini davam etdirməkdədir. Rusiyanı əclaf və yaramaz dövlət adlandıran Sunak Avropanın Kremlin qaz şantajından xilas edilməsinin xüsusi önəm daşıdığını bildirib. O deyib ki, qonşuları ilə sülh şəraitində yaşamağı bacarmayan Rusiya Ukrayna bataqlığında məhv edilməli və onun oradan xilas olmasına inkan verilməməlidir. Əslində hələ ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ dağılan zaman Qərb onun varisi olan Rusiyanın dirçəlməsinə və özünə gələrək yenidən Avropa üçün başağrısına çevrilməsinə imkan verməməli idi. Lakin Qərbin o dövrdəki siyasi liderləri SSRİ-nin dağılması ilə Kremldən gələn təhlükənin aradan qaldırılması qənaətinə gələrək bu günkü faciələrə gətirib çıxaran səhvlərə yol verdilər. Ukraynanın bu günkü faciəsində də Fransa, ABŞ, İngiltərə tərəfindən 1996-cı ildə Ukraynanın əlindəki nüvə silahının alınaraq Rusiyaya verilməsi də önəmli rol oynadı. Əgər o vaxt Qərb dövlətləri Ukraynaya münasibətdə belə bir addım atmasaydılar, onda Putin rejimi Krımı işğal edərək dünyaya meydan oxuya bilməyəcəkdi. Krımın Rusiya tərəfindən işğal edilməsinə belə Qərb layiqli cavab vermədi. Qərbdə belə düşünürdülər ki, Rusiya bununla kifayətlənəcək. Lakin bu ilin fevral ayında Rusiyanın Ukraynaya təcavüzü göstərdi ki, Putin rejimi Avropa və qonşuları üçün qorxunc bir təhlükəyə çevrilib. Məhz hadisələrin belə bir istiqamətdə inkişaf etməsi Qərbin Rusiyaya qarşı vahid cəbhədə birləşməsinə gətirib çıxardı. Ukraynaya Qərb tərəfindən göstərilən hərbi yardımlar isə Putinin üç gün ərzində Kiyevi işğal etməsi arzularını boşa çıxarıb. Nevə deyərlər Ukrayna tədricən öz torpaqlarını düşməndən azad etməkdədir. Rusiyanın özündə belə artıq Ukrayna bataqlığına düşdüklərini hiss edirlər. Rusiyanın Ukrayna bataqlığından xilas olub - olmaması isə ilk növbədə Qərbin Kremlə münasibətdə keçmişdəki səhvləri buraxıb-buraxmamasından asılı olacaq.

Əziz Mustafa