Azərbaycanın  Türkiyəyə humanitar yardımı iki qardaş ölkə arasında həmrəyliyin daha bir nümayişinə çevrildi

Azərbaycanın  Türkiyəyə humanitar yardımı iki qardaş ölkə arasında həmrəyliyin daha bir nümayişinə çevrildi

23 Fevral 2023 11:33
Bəyəndim (302) Bəyənmədim (3)

Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələnin özü ilə gətirdiyi ağır nəticələr və çox sayda insanların dünyasını dəyişməsi Azərbaycanda olduqca böyük kədər və üzüntü ilə qarşılandı. Bu da təsadüfi deyil. Belə ki, Azərbaycan və Türkiyə tarixboyu qardaş kimi fəaliyyət göstəriblər və ən ağır vaxtlarda biri-birlərinə yardım əli uzadıblar. Böyük şairimiz Bəxtiyar Vahabzadənin də dediyi kimi, Azərbaycan və Türkiyə bir bədəndə iki candırlar, birinin ayağna tikan batsa, o biri də onun ağrısını özündə hiss edir. Tarixdən gələn bu qardaşlıq 1918-ci ildə ən ağır günlərimizdə bizə qardaşlıq köməyinə gələn Qafqaz İslam Ordusunun timsalında aydın görüldü. Eyni zamanda yenə həmin dövrdə Azərbaycanın igid oğulları Türkiyənin qurtuluş savaşında iştirak edərək öz şirin canlarından keçdilər. Üstəlik həmin dövrdə Azərbaycandan olan qadınlarımız ağır vəziyyətdə olan Türkiyəyə kömək üçün öz nişan üzüklərini, sırğalarını yardım üçün göndərdilər. Üstündən 100 il ötəndən sonra qardaşlığımızın möhkəm təməllər üzərində qurulduğunu göstərən hadisələr baş verdi. Belə ki, 44 günlük müharibə zamanı Türk qardaşlarımız yenidən köməyimizə gələrək düşmən üzərində qələbəmizə, torpaqlarımızın işğaldan azad edilməsinə yenidən öz töhfələrini verdilər. Bu ilin fevralının 6-da qardaş ölkədə baş verən və minlərlə binanın dağılmasına, on minlərlə insanın ölümünə yol açan dəhşətli zəlzələ Azərbaycanımızda kərdər və üzüntü ilə qarşılandı. Qardaş ölkəyə ilk yardıma gələn də yenə Azərbaycan oldu. Prezident İlham Əliyevin göstərişi ilə dərhal Türkiyəyə xilasedicilər, humanitar yardım, həkim qrupları göndərildi. Bütün Azərbaycan xalqı qardaş Türkiyəyə humanitar yardım kampaniyasına qoşuldu. Türkiyənin ölkəmizdəki səfirliyi və Heydər Əliyev Fondu tərəfindən təşkil edilən yardım kampaniyasında uşaqdan tutmuş böyüyə kimi hamı iştirak etdi. Hətta məktəbyaşlı uşaqlar belə valideynlərinin onlara verdiyi gündəlik xərclərdən qənaət edərək yığdıqları10-15 manatı gətirib yardım fonduna verdilər. Nişanlı qızlar cehizlərini, təqaüd alan analar təqaüdlərini, əlləri heç nəyə çatmayan rayonlarımızdakı analar qonaq üçün saxladıqları təzə yorğan-döşəklərini yardım fonduna verdilər. Bu isə əsl qardaşlıq nümunəsi oldu. Qardaş ölkəyə humanitar yardımın göndərilməsində Azərbaycanın Birinci vitse prezidenti Mehraiban Əliyenanın təşkilatçılığı altında Heydər Əliyev Fondunun böyük rolu oldu. Türkiyədə də Azərbaycanın humanitar yardımı böyük razılıqla qarşılandı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər qardaşlıq yardımına görə Azərbaycana ən yüksək səviyyədə təşəkkür ediblər. Bundan əlavə Prezident İlham Əliyev bildirib ki, Azərbaycan zəlzələnin nəticələrinin aradan qaldırılmasında, dağıntıların bərpasında, yeni evlərin inşasında qardaş ölkəyə ən yüksək səviyyədə yardım edəcək. Bu gün Azərbaycandan qardaş ölkəyə insanların yaşamasını təmin etmək üçün yığma evlər və hər cür şəraitə malik konteyner evlər göndərilməsi davam edir. Azərbaycanın Türkiyəyə qardaşlıq yardımlarını göstərən bəzi rəqəmləri diqqətinizə çatdırmaq istəyirik. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar 21 fevral tarixinədək ölkəmizin Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi açıqlanıb. Rəsmi məlumatda deyilir ki, bu günə qədər Azərbaycandan Türkiyəyə 867 nəfər xilasetmə və tibbi personal, 2 mobil səhra hospitalı, 6872 çadır, 4 səhra mətbəxi, 899 generator, 239 819 ədəd zəruri ləvazimat və məhsullar, 318 273 isti geyim, 1 412 594 ədəd dərman və tibb ləvazimatı, 12 790 ədəd qızdırıcı və texniki avadanlıq, 183 konteyner tipli mobil ev, hökumət, dövlət qurumları, hüquqi və fiziki şəxslər tərəfindən 24 900 000 AZN maddi yardım göndərilib. Həmçinin təcili tibbi yardım, yanğınsöndürmə, AFAD və rəsmi axtarış-xilasetmə maşınları pulsuz yanacaqla təmin edilib. Humanitar yardım Türkiyəyə 15 təyyarə, 395 yük avtomobili və 25 qatar vaqonu vasitəsilə çatdırılıb.

Qeyd edək ki, fiziki şəxslər və ayrı-ayrı özəl şirkətlər tərəfindən göndərilən yardımlar burada əks olunmayıb.. Bütün bunlar da qardaş ölkə olan Türkiyə ilə ən yüksək səviyyədə həmrəyliyimizin, birliyimizin sarsılmaz olduğunu bir daha təsdiq edir. Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, "Bir millət iki dövlət" olan Azərbaycanla Türkiyənin sarsılmaz qardaşlığı və dostluğu isə əbədiyyətə kimi davam edəcək.

Nəsibova İlahə Fuad qızı, Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakultəsinin I kurs tələbəsi