Çirkab sularının təbiətdə sərbəst dövriyyəsi torpağı zəhərləyir

Çirkab sularının təbiətdə sərbəst dövriyyəsi torpağı zəhərləyir

27 Fevral 2023 09:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün biz hər birimiz yaşadığımız planet üçün suyun nə qədər önəmli olduğunu bilirik. Amma buna baxmayaraq əksər hallarda bəzi insanlar suyu çirkləndirirlər. Göllər, çaylar, okeanlar, dəniz və yeraltı sular kimi su hövzələrində dəfələrlə bu çirklənmənin çoxunuz şahidi olmusunuz. Su ilə qarışan, suyun fiziki, kimyəvi və bioloji xüsusiyyətlərini dəyişdirən, təbii quruluşunu pozan, insan və canlı sağlamlığına zərər verəcək səviyyədə dəyişikliklərə səbəb olan maddələr çox vaxt su hovzələrinə axıdılır. Bunun bütün canlılara, xüsusən də balıqlara bir çox mənfi təsirləri var. Suyun çirklənməsinin artması bitkilərin də inkişafına mənfi təsir göstərir. Fotosintez üçün lazım olan minerallar alına bilmir və meşələr böyümə inkişafından qalır. Çirklənməyə səbəb olan tullantıların çirkab suları ilə qarışması ciddi çirklənməyə səbəb olur. Yosunların böyüməsi balıqların və digər dəniz canlılarının oksigen qəbulunun qarşısını alır və ekosistemə mənfi təsir göstərir. Zəhərli suların təbiətdə sərbəst dövriyyəsi torpağı zəhərləyir və xüsusilə qrunt sularını çirkləndirir. Torpağın zədələnməsi ərazidəki canlıların həyatını təhlükə altına alır. Zərərli bitkilər hesabına kənd təsərrüfatı işlərinin keyfiyyəti aşağı düşür və təbiətdəki canlıların qidalanmasında problem yaranır. Kanalizasiya sularının dənizlərə axıdılması isə dəniz canlılarının həyatına çox pis mənfi təsir göstərir. Dənizlərdə və daxili sularda canlı həyatın sayı və növlərinin azalması çirklənmənin, yanlış tikintinin, həddindən artıq balıq ovu və yanlış texnologiya istifadəsinin ən əhəmiyyətli əlamətləridir.

Suyun zamanla müxtəlif kimyəvi maddələrə məruz qalması xəstəliyə və ölümə səbəb olur. Bu kimyəvi maddələri bədənlərinə alan canlıların təbii tarazlığı pozulur. Əziz oxucular indi özünüz fikirləşin su bizim üçün nə qədər müqəddəsdir. Xüsusi ilə son zamanlar bütün dünyada içməli su ehtiyyatlarının azaldığı bir vaxtda. Gəlin hər birimiz bu saf nemətin qorunmasında səfərbər olaq ki, gələcək nəsillərimiz də bu gözəl nemətdən dada bilsin.

Murad Şahməmmədov