SƏN BİZİMSƏN, QARABAĞ!

SƏN BİZİMSƏN, QARABAĞ!

15 Dekabr 2023 10:03
Bəyəndim (9) Bəyənmədim (0)

(Əməkdar artist Sevinc Sarıyevanın ifasından duyğulanaraq)

Uzaq bir yol gedirdik. Yağışlı və olduqca çox soyuq bir hava idi. Sürücüdən xahiş etdik ki, radionu qoşsun. Bir xanımın məlahətli səsində “Sən bizimsən, Qarabağ!” mahnısı avtomobilə yayıldı. Allah, Allah, səs insanı özündən qoparırdı, sanki səni başqa bir aləmə aparırdı. Bu mahnını illər öncə yeni il şənliyində dünya şöhrətli Zeynəb Xanlarovanın ifasında eşitmişdik. O vaxt Qarabağımız işğal altında idi. Yolda dinlədiyimiz bu ifa bizi yaman ovsunladı.

Oxuyan Beynəlxalq Muğam Mərkəzinin solisti, Asəf Zeynallı adına Musiqi Kollecinin xanəndəlik üzrə müəllimi, peşəkar muğam ifaçısı Sevinc Sarıyeva idi. Sevincindən elə şövqlə oxuyurdu ki, elə bil, ifasıyla düşməndən qisas alırdı.

Səsiylə bizi Şuşaya, Laçına, Kəlbəcərə, Xocalıya aparırdı. Mahnıya fərqli ikinci nəfəs verərək ifasıyla Qarabağı vəsf edib onun xəritəsini çəkirdi. Sanki Xan əmiyə, Üzeyrə, Xanqızı Natəvana, Bülbülə gözün aydın olsun Qarabağ artıq azaddır. Qarabağ Azərbaycandır!-deyirdi. Qazilərimizə təşəkkür, əsgərlərimizə minnətdarlıq, Ali Baş Komandana, onun Dəmir Yumruğuna alqışlar səsləndirirdi. Şəhidlərimizə “qanınız yerdə qalmadı, sayənizdə Qarabağı azad etdik”-deyirdi. O sevinci, zəfəri dünyaya bəyan edirdi.

Səsi sevincdən, qələbə müjdəsindən pərvazlanırdı. Və doğma Qarabağımıza da gedib “Qarabağ şikəstəsi”ni oxumaq nəsibi oldu. Səsi bizim üçün darıxan yurd yerlərimizə, dağlara yayıldı. O səs elə dağlara əbədi həkk oldu... o səs düşmənlərə dərs oldu!!!

Sevinc Sarıyeva, ifanla sən Qarabağı bizə yenidən sevdirdin, yenidən doğmalaşdırdın. Təbii ki, qarabağlı xanəndə, qız qardaşımız olan Sevinc Sarıyeva başqa cür ola bilməzdi. Ürəyin var olsun, səsin hər zaman belə çağlasın. Oxu, oxu ki, daha məğrur, daha güclü olaq.

Səsi yaşadır bizi, muğamımızın Sevinci!

Alim Nəbioğlu,

İsa Rəvan.