SƏNDƏN BİR DƏ OLMAYACAQ

SƏNDƏN BİR DƏ OLMAYACAQ

16 Dekabr 2023 10:23
Bəyəndim (7) Bəyənmədim (2)

(USTAD SƏNƏTKAR AZAD ZAMANOV NƏĞMƏLƏRİNƏ RETRO BAXIŞ)

Sən şaxtalı bir qışda görüşümüzə gəldin. Çiçəklə gəlmək istədin, qışda tər çiçək axtardın. Həyətdəki dibçəkdə bir çiçək tapıb dibçəkdə çiçəklə gəldin. Gəlməyinlə hər yanı, hər tərəfi, səhnəni çiçək yağışına qərq etdin. “Sən yadıma düşəndə”-deyib, yaddaşına səni sevənləri əbədi həkk etdin. Mahnılarındakı sözlərin məntiqini, əsl məğzini tamaşaçılara təlğin elədin, mahnını yaşaya-yaşaya oxudun, onu yaşadın və yaşatdın. “İntizar”ınla tamaşaçılarını intizarında saxladın, səsini, özünü illərlə həsrət etdin bizə. İncidin, küsdün bu sənətdən.

Başqa bir sənətə üz tutdun. Ancaq əyləşdiyin o vəzifə kreslosunda, polkovnik rütbəsi çiyinlərində olanda da oxudun, ancaq ürəyində oxudun. İlahiyə, Yaradana sevgini, bağlılığını “İlahi məhəbbət”ə köklədin. Elə oxudun ki, küsənlər barışdı, ayrılanlar qovuşdu, saf sevgi, ilahi və ülvi məhəbbət ifanda zəfər çaldı. “Nigaranam”-söylədin. Bütün nigarançılıqları bir yerə cəmləyib oxudun. Etiraf edərək söylədin ki, “təkcə səndən nigaranam!”. “Gedək üzü küləyə”-söylədin. “Bizim sevgimizə külək, şaxta, boran nə edəcək”-deyib “Bükülməsin dizimiz, gedək üzü küləyə” harayını etdin.

“Ayrılıq” mahnısına Vətən həsrətiylə bərabər, yurd həsrətini, nakam sevgini də qatıb oxudun. Qürbətdəki həmyerlilərimizə lay-lay çaldın bu “Ayrılıq” mahnınla. “Gəl ayrılmayaq” notunu da əlavə etməyi unutmadın. “İlk məhəbbət yada düşər”-deyib həzin-həzin ağladın. Özün də ağladın, bizləri də ağlatdın. Ata, ana, qardaş, bacı itkilərinə “Segah”la ağı dedin. Vaxtsız itkilər, haqsızlıqlar ürəyinə yük oldu. Və bir gün o ürək cərrah bıçağı altına düşdü.

Şükürlər olsun ki, yenə sağalıb həmin ürəyinlə ürəkdən oxudun. Qəlbimizə retro incilərlə məlhəm oldun, yaralara su səpdin, sərinlik verərək ruha qida verdin. Müqəddəs Həcc ziyarəti də nəsibin oldu. Arzuna çatdın.

Nələr oxumadın, nələr? İlk ifanı kliplə (o vaxtı bu nadir iş idi) təqdim etdin. Bu, özəlliyin idi. Səhnə geyimlərində, səhnə mədəniyyətində də özəllik var idi. Hər kəs sənin yeni klip və musiqi nömrələrini gözləyirdi. 3 ali təhsilli, həm də aspirantur kimi müğənni olmağın da özəlliyindir sənin. Vəzifələr də, kreslolar da gördün, dünyanı da gəzdin, sərhədlər keçib səhnələr paylaşdın. Ancaq dəyişmədin. Nə vəzifə, nə kreslo, nə şöhrət səni dəyişdirmədi, dəyişdirə bilmədi. Qəlb qırmadın, kimsənisə pisləmədin, ancaq iradlarını qərəzsiz dedin, təsir altına düşmədin.

Sən qapılar döymədi, sənin qapını döydülər. Əl tutdun, ancaq unutdular səni illərlə. İndi səni efirlərdə görəndən sonra səni axtarmağın, aramağın nə mənası??? Gecdir, gec, dərk edənə. “Səmaların Xəyyamı” ifansa 2-ci sənət qayıdışının zirvəsi oldu. Şəhid, qəhrəman, igid Xəyyamı ifanla bizlərə dərindən tanıtdırdın. Fərqli bir şəhid əsərini sənətkar olaraq sənətkarlıqla oxudun, şəhidlərimizə Xəyyamın simasında ehtiramını bildirdin. Və Azad olduğunu bir daha təsdiq etdin. Deyiləsi, yazılası sözlər çoxdur. Ancaq bir damlanı yazdıq. Yazdıq ki, retro sənətkarımızın nəğmə çələngini oxuculara bir başa ustad Azad Zamanovu xatırladaq.

Bil, səndən bir də olmayacaq! Saç ağara bilər, gözü eynək tutar, ancaq sənin sənətinin gücünün qarşısını heç nə tuta, kəsə bilməz!!! O əbədi sənətdir!

Hazırladılar: Alim Nəbioğlu,

İsa Rəvan